Bu gün - dekabrın 12-də Laçın yolundakı ekoloji aksiyanın başlanmasının bir ili tamamlanır. Təxminən 4 ay sonra - 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, yolun girişində nəzarət-buraxılış postunun qurulması ilə bitən 138 günlük aksiya (aprelin 28-də dayandırılıb) Qarabağın yerdə qalan hissəsində də dövlət suverenleyimizin bərqərar olunmasına çox mühüm, tarixi bir töhfə oldu.
Bununla da “Laçın dəhlizi” anlayışı faktiki siyasi gündəmdən çıxarıldı. Erməni silahlı separatçı-quldur dəstələrinin sonuncu “nəfəsliyi” də bağlanmış oldu. Azərbaycan xalqı, onun rəhbərliyi öz ərazisinin bir qarışının belə alver predmetinə çevrilməsinə izn verməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Ekoloji aksiyanın ilkin nəticəsi Qarabağa qanunsuz yüklərin, həmçinin silah-sursatın dayandırılması, yaxud xeyli dərəcədə azaldılması oldu. Eyni zamanda Qarabağın on illər boyunca qanunsuz istismar edilən qiymətli yataqlarında işlərin dayandırılmasına gətirib çıxartdı. Xunta rejimi 44 günlük müharibədə ağır zərbə almışdısa, ekoloji aksiyada onlar artıq “hava və sudan” - mövcudluqlarını qoruyub-saxlamaq üçün əlavə imkanlar qazanmaqdan məhrum edildilər. Rusiyadan Qarabağa gəlmiş Ruben Vardanyan da Azərbaycanın qızılı hesabına varidatını artırmaq şansından məhrum edildi, son nəticədə qolubağlı Bakı həbsxanasına gətirildi. Bu mənada ekoloqlarımızın, vətəndaş cəmiyyəti nümayəndələrinin sərt və əyilməz iradə ortaya qoyması, fədakar dirənişi, qışın sərt şaxtasında gecəli-gündüzlü ayaqda olmaları Azərbaycanın növbəti qələbələrində çox mühüm rol oynadı. Ekspertlərimizə müraciət etdik, sözügedən aksiyanın əhəmiyyəti bir il sonra necə görünür?
Sahib Alıyev: “Əslində bu, bir əməliyyat idi ki, arxasında dövlət yox, vətəndaş cəmiyyəti dururdu”
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ötən il dekabr 12-də başladılan ekoloji aksiya əslində 44 günlük savaşın davamı idi: “O aksiyaya qədər, bilirsiniz ki, həm Ermənistanla şərti sərhəddə və Qarabağda lokal əməliyyatlar keçirilərək bir sıra strateji yüksəkliklər düşməndən azad edilmişdi. Əgər onlar sərt gücə dayanılaraq keçirilən əməliyyatlar idisə, 12 dekabrdakı ekoloji aksiya yumşaq gücün tətbiqi idi. Və bu özü də əslində bir əməliyyat idi ki, arxasında dövlət yox, vətəndaş cəmiyyəti dururdu. Bu aksiya iki reallığı ortaya qoydu. Birincisi, hər kəs gördü ki, Azərbaycanda artıq yetkin vətəndaş cəmiyyəti institutları formalaşıb. İkincisi və ən əsası isə bizim hətta çəlimsiz qızlarımızın belə, qışın soyuğunda əsgər düzümü göstərərək Laçın yolunda gecə-gündüz keşik çəkmələri azərbaycanlıların bütövlükdə ordu-xalqa çevrildiyinin göstəricisi idi. Ən güclü ordunu belə yenmək mümkündür. Amma əgər bir xalq bütövlükdə orduya çevrilibsə, nə onun qarşısını kəsmək olar, nə yenmək. Laçın yolundakı aksiya bu reallığı bir daha təsdiqlədi”. S.Alıyev qeyd etdi ki, bir sözlə, 12 dekabr aksiyası 2020 və 2023-cü ilin sentyabrında torpaqlarımızın işğaldan qurtarmasının və üzərində suverenliyimizin tam təmini yolunda atılan addımlarla eyni mahiyyətli, eyni niyyətli olduğu qədər də eyni əhəmiyyətli idi: “Əsl əsgər qeyrəti göstərdiklərinə görə həmin aksiyaya qatılanlara buradan bir daha minnətdarlığımı bildirirəm!”
Sahib Məmmədov: “Aksiya həm Ermənistanı, həm ərazidə yerləşən Rusiya Silahlı Qüvvələrini, həm Ermənistana havadarlıq edən dövlətləri və qüvvələri ”pat" vəziyyətinə saldı”
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədovun sözlərinə görə, 138 günlük dinc aksiya şəksiz ki, Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılacaq: “Bu, Azərbaycan vətəndaş cəmiyyətinin ölkə prezidentinin Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyamızın bərqərar olunması ilə əlaqədar həyata keçirdiyi siyasətə və fəaliyyətə böyük bir dəstək idi. Heç bir qarşıdurma, silahlı insident olmadan dinc aksiyanın nəticəsi olaraq Ermənistanın və ərazilərimizdə 10 noyabr üçtərəfli bəyannaməsinin imzalanmasından sonra da fəaliyyətini davam etdirməyə cəhd edən separatçı-cinayətkar qrupun bütün planları pozuldu. Həmin vaxta qədər separatçı qüvvələr "Laçın dəhlizi" adlandırlan yoldan sərbəst istifadə etməklə əraziyə qanunsuz yüklərin, o cümlədən silahların daşınmasını davam etdirir, ərazidəki mineral ehtiyatlar vəhşicəsinə istismar olunaraq Ermənistana daşınırdı. Hətta bəzi xarici ölkələr də öz yüklərini Azərbaycan ərazisinə dövlət sərhədini pozaraq gətirirdilər". S.Məmmədov bildirdi ki, 12 dekabr 2022-ci il tarixindən bütün bunların qarşısı alındı: “Özü də silah işlətmədən, hakimiyyət orqanlarının bilavasitə iştirakı olmadan. Aksiya həm Ermənistanı, həm ərazidə yerləşən Rusiya Silahlı Qüvvələrini, həm Ermənistana havadarlıq edən dövlətləri və qüvvələri şahmat dili ilə desək, "pat" vəziyyətinə saldı. Rusiya Silahlı Qüvvələrinin dinc aksiyaya müdaxilə etmək kimi mandatı yox idi. Ermənistan bu halda heç nə edə bilməyəcəkdi. Separatçıların isə hər hansı hərəkəti onların onsuz da yaxınlaşmaqda olan sonunu gətirəcəkdi. Beləliklə, “Laçın dəhlizi” termini də tarixə qovuşdu. Azərbaycan dövləti Laçın yolunda sərhəd buraxılış-yoxlama məntəqəsi quraşdırdıqdan sonra isə yol üzərində Azərbaycanın legitim nəzarəti təmin olundu. Qlobal informasiya məkanında “erməni mənşəli əhalinin blokadaya alınması” adı altında təşkil olunan total təbliğat da işə yaramadı". S.Məmmədov qeyd etdi ki, aksiya iştirakçıları əhalinin yaşayışını təmin edən bütün yüklərin, o cümlədən ərzaq, istehlak malları, tibbi avadanlıqlar və tibbi ləvazimatların daşınması və yerli əhalinin gediş-gəlişi üçün zəruri şəraiti yaratdı: “Başqa məsələ idi ki, ərazidəki separatçı idarəetməyə rəhbərlik edənlər özləri erməni əhalinin öz nəqliyyat vasitələrindən istifadə etməsinə qadağa qoymuşdu və bunu da qəsdən "blokada" effekti yaratmaq üçün etmişdilər. Nəticə isə ona gətirdi ki, əvvəlcə ərazilərdə qanunsuz fəaliyyət göstərən və mineral ehtiyatlarımızı vəhşicəsinə istismar edən dağ-mədən sənayesi süqut etdi, daha sonra əraziyə silah-sursatın daşınmasının qarşısı alındı və nəhayət, cəmi 23 saat çəkən antiterror tədbiri ərazilərimiz üzərində de-fakto yurisdiksiyamızın təmin olunmasına gətirdi. Xankədidə 8 noyabrda keçirilən Zəfər Paradı, əlbəttə, 44 günlük Vətən müharibəsinin nəticəsində baş verdi. Bununla belə, bu Zəfər Paradına gedən yolda Azərbaycan fəallarının dinc aksiyası da mühüm addım idi. Tarixi Qələbəmiz, Ali Baş Komandan, Ordu və Xalq vəhdətinin nəticəsində baş vermişdi. Vətəndaş cəmiyyəti isə fəal və təşkilatlanmış xalq təmsilçiləridir".
Akif Nağı: “Bu, xalqla dövlətin bir-birini tamamlayan fəaliyyətinin göstəricisi oldu”
Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, Laçın dəhlizində ictimai fəalların aksiyası xalqla dövlətin birliyinin nümayişi oldu: “Xalqın, fəal ictimaiyyətin nümayəndələri həm dünya birliyinə, həm də hakimiyyətə yönəlik mövqölərini, tələblərini nümayiş etdirdilər. Bu, işğal faktına, torpaqlarımızın hələ də nəzarətimizdən kənarda qalmasına, ermənilərin hələ də davam edən əsassız iddialarına, beynəlxalq təşkilatların fəaliyyətsizliyinə, ayrı-ayrı dövlətlərin məkrli siyasətinə etiraz idi. Etirazçılar fədakarlıq göstərdilər, soyuq hava şəraitinə dözdülər, hətta düşmənin təxribatı nəticəsində həyatlarına təhlükə yaranacağından da çəkinməyərək, axıra qədər dayandılar”. A.Nağı bildirdi ki, dünya birliyi, beynəlxalq təşkilatlar onların bu fədakatlığını, haqlı tələblərinə görməzliyə vurdu, eşitmək, görmək istəmədi: “Azərbaycan hakimiyyəti həm də bu fədakar insanların düzgün tələblərini nəzərə alaraq, gərəkli addımlar atdı, Laçın dəhlizini nəzarətə götürərərək nəzarət-buraxılış məntəqəsini qurdu. Bu, xalqla dövlətin bir-birini tamamlayan fəaliyyətinin göstəricisi oldu. Vaxtında atılmış addımlar düzgün nəticələrə, Xankəndi və digər ərazilərdə qanuni hakimiyyətimizin bərpa olunmasına gətirdi”.
Qafar Çaxmaqlı: “Demək, xalqımız birlik və bərabərlik nümayiş etdirərsə, istənilən qələbə qapımızda olacaq”
Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı qeyd etdi ki, Laçın yolunda aksiyanın başlanmasının ildönümündə əldə olunan nəticə ortadadır: “Rusların nəzarət etdiyi ərazidə erməni əhali yoxdur. Mən dəfələrlə demişdim ki, Qarabağda ermənilərin yaşaması bütün dövrlərdə Azərbaycan dövlətçiliyi üçün təhdidin qalması və Rusiya üçün də bizim əl-qolumuzu bağlayıb daxili işlərimizə qarışmaq təhlükəsinin davam etməsi demək idi. Azərbaycan öz suveren ərazisində istədiyi kimi hərəkət etmə azadlığından məhrum edilmişdi. Laçın "koridoru" ilə bağlı Azərbaycan rəhbərliyinin apardığı ardıcıl və bütün hüquq normalarına uyğun siyasət bütün erməni bəhanələrinin üstündən xətt çəkdi. Humanitar yardımların buradan deyil, Ağdamdan daşınması da Laçından “koridor” məqsədilə istifadə etmək istəyən ermənilər və onun havadarlarına ağır bir zərbə oldu". Q.Çaxmaqlı artıq qələbəmizin geridönməz xarakter aldığını vurğuladı: “Azərbaycan Ermənistana və işğaldan tam azad olunmamış ərazilərdə erməni silahlı birləşmələrinin ləğv edilməsi ilə bağlı anlaşmalara əməl etməyənlərə sentyabrın 19-da yeni 23 saatlıq bir dərs verdi və artıq bayrağımız Xankəndidə dalğalanır. Bu, çox böyük bir Zəfərdir. Azərbaycan Ordusunun, xalqımızın, görünməmiş diplomatik zəka nümayiş etdirmiş Ali Baş Komandanın, İlham Əliyevin Zəfəridir. Demək, xalqımız birlik və bərabərlik nümayiş etdirərsə, istənilən qələbə qapımızda olacaq”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”