Şuşa qalasının tarixi açarı haradadır ? – Musavat.com  araşdırıb tapdı- ÖZƏL 

“Şuşadakı Yuxarı Gövhərağa məscidini bir zamanlar tarix muzeyi etmişdilər. Pənahəli xanın tikdirdiyi Şuşa qalasının açarı həmin muzeydə idi. 1992-ci il may ayında Şuşa işğal olunanda muzeyin rəhbərliyi bir çox eksponatlarla birgə həmin açarı gətirib muzeylərdən birinə təhvil verib. Ancaq hansı muzey olduğunu bilmirəm. Həmin simvolik açarın taleyi mənə də maraqlıdır”.

Musavat.com xəbər verir ki, bunu Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru olmuş Tofiq Süleymanov deyib. Həmsöhbətimiz 1978-1980-ci illərdə qoruğa rəhbərlik edib.

Onun sözlərinə görə, Şuşada vaxtı ilə 17 bulaq, 17 karvansara, 17 məhəllə olub. İşğal zamanı  bir çox tanınmışın - Firudin  bəy Köçərlinin, Süleyman Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun evi dağıdılıb.

“Şuşada Bazardaşı deyilən bir ərazidə  “Şirin su” adlandırdığımız hamamı necə dağıtmaqlarını deyə bilərəm. Deməli, hamamın kümbəzini dağıtmışdılar, üstünə də daş, torpaq töküb, asfaltlamışdılar. Yerində boş bir sahə yaratmışdılar. Bir neçə ay ərzində daşı, torpağı təmizləyib yerin altından üzə çıxartdıq. Salamat yerində idi. Bərpa etdik, işlədi. Hazırda o hamam indi də işləyir.

“Şəhərdə 17 bulaq, 17 karvansara, 17 məhəllə var idi. Şəhərin tutumu o boyda idi.  Hazırda Şuşaya əhalinin köçürülməsinə üstünlük verilir.  Buna görə də əsasən yaşayış binalarının tikintisi həyata keçirilir. Ancaq məscidlərin və bəzi tarixi binaların da bərpası gedir. 17 məhəllənin bulaqlarının əksəriyyəti fəaliyyət göstərir.  Mənim evim də dağıdılıb. Salamat heç nə yoxdur”.

Qeyd edək ki, Musavat.com olaraq Şuşa Qalasının açarının taleyi ilə maraqlandıq. Əvvəlcə Milli İncəsənət Muzeyinə zəng etdik. Məlum oldu ki,  açar orada yoxdur.  Daha sonra Azərbaycan Milli Tarix Muzeyi ilə əlaqə saxladıq. Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin şöbə müdiri Zümrüd İsmayıl bildirdi ki, açar  həmin muzeydə sərgilənir.

“Bizim muzeydə Qarabağa aid bir çox eksponat var.  Və digər açarlarla bərabər Şuşa qalasının açarını da qoruyub saxlayırıq. Onların Şuşaya aparılıb -aparılmayacağı ilə bağlı hansısa məlumata sahib deyilik”. 

Şahanə Rəhimli
Musavat.com

16.08.2024 13:58
1044