"Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə insanlığa qarşı saysız-hesabsız cinayət törədib. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra ermənilərin cinayətlərini də aşkara çıxarır".
Bu fikirləri Musavat.com-a əslən Şuşadan olan millət vəkili Fatma Yıldırım deyib.
O bildirib ki, Şuşa türməsi ərazisində növbəti kütləvi məzarlıqların aşkar olunması bunun növbəti nümunəsidir:
"Şuşada aşkar olunmuş növbəti kütləvi məzarlıqda 17 nəfərin qalıqları tapılıb. Ekspertizanın ilkin rəyinə əsasən, həmin günahsız insanlar ermənilər tərəfindən ağlasığmaz işgəncələrə məruz qalıblar. İşgəncələrdən sonra onlar öldürülərək quyularda basdırılıblar. Erməni cəlladlarının vəhşiliyinin miqyası o qədər böyükdür ki, bunu sözlə ifadə etmək mümkün deyil.
Bir şuşalı olaraq bütün bunlar məni çox təsirləndirir. Şuşaya səfərlərimin birində Şuşa həbsxanasına gedərək oradakı vahiməli şəraiti gördüm və baş vermiş dəhşətli hadisələr gözümün önündən keçdi. Orada erməni vandalizminin izləri aydın hiss olunurdu. Bəlkə də, dünya tarixində müharibələr zamanı ermənilər qədər insanlığa qarşı ağır cinayətlər törədən olmayıb. Bundan əvvəl Daşaltıda, Edillidə, Fərrux yüksəkliyində və digər ərazilərdə də kütləvi məzarlıqlar aşkarlanıb. Onların hər birində işgəncə izləri aşkar edilib".
Deputat qeyd edib ki, bu cinayətləri törədən ermənilər ədalət mühakiməsinə çıxarılmalı, bəşəriyyətə, insanlığa qarşı törədilmiş bu cinayətlərə münasibət bildirilməlidir.
Fatma Yıldırımın sözlərinə görə, beynəlxalq ictimaiyyət erməni vandalizminə qarşı səssiz qalmamalıdır:
"Çünki faktlar ortadadır və müvafiq beynəlxalq təşkilatlar, dövlətlər bu cinayətləri törədənlərin ədalət mühakiməsinə çıxarılmasına dəstək verməlidir. Bu gün biz görürük ki, bəzi beynəlxalq təşkilatlar və ölkələr Laçın yolu ilə bağlı əsassız iddialar səsləndirirlər. Hətta Birinci Qarabağ müharibəsi zamanı törətdiyi ağır cinayətlərə görə həbs olunmuş Vaqif Xaçaturyana dəstək bəyanatı səsləndirirlər. Bunu edənlər Şuşa türməsi ərazisində aşkar edilmiş kütləvi məzarlıqda basdırılmış insanlara qarşı işgəncələrə, onların diri-diri mismar udmağa məcbur edilməsinə münasibət bildirsələr, daha yaxşı olar. Beynəlxalq birlik ikili standartlara son qoymalı, ədalət kriteriyasından çıxış etməli və insanlığa qarşı cinayət törətmiş ermənilərin mühakimə olunmasını tələb etməli, terrorçu dövlət olan Ermənistanı öz adı ilə çağırmalıdır".
Qeyd edək ki, Şuşa şəhərinin erməni işğalında olduğu dövrdə törədilən vəhşiliyin daha bir izi üzə çıxıb. Avqustun 15-də Şuşada növbəti kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları məzarlığın aşkarlandığı əraziyə baş çəkiblər. Qeyd olunub ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid insan qalıqları aşkar olunub. Onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb.
Xatırladaq ki, cari ilin iyununda da Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb.
Afaq Mirayiq,
Musavat.com