İyunun 15-i müstəqil Azərbaycan Respublikasının tarixində iki mühüm hadisə ilə qalıb.
Hər iki hadisə onun müstəqilliyi, ərazi bütövlüyü, vətəndaşlarının təhlükəsizliyinin təmin olunması baxımından da əhəmiyyətlidir. Bu tarixi hadisələr həm də Azərbaycan dövlətinin təhlükəsizliyini təhdid edənlərə bir cavab idi.
1993-cü il iyunun 15-də mərhum Prezident Heydər Əliyev Azərbaycanda dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün Naxçıvandan Bakıya gələrək məqsədinə nail oldu. Habelə, iyunun 4-də törədilən qiyamdan sonra Azərbaycanda daha böyük qarışıqlıq yaratmaq istəyən qüvvələrin oyununu pozdu.
Azərbaycan və Türkiyə daim bir-birinə qarşılıqlı, təmənnasız yardım edib, dəstək verib. İyunun 15-də iki dövlət arasında imzalanan Şuşa Bəyannamasi uzun illər arzulanan bir sıra ideyaların reallaşmasına təkan verib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Bakının bolşevik və erməni daşnaklarından ibarət “sentrokaspi” diktaturasının məhvində Ənvər Paşanın başçılıq etdiyi Türk-İslam Ordusunun böyük rolu olub. Bundan başqa, bu ordu ermənilərin Azərbaycan bölgələrində törətdiyi vəhşiliklərin də qarşısını almaqda əvəzsiz rol oynayıb.
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti ovaxtkı Türkiyənin xarici və daxili düşmənlərə qarşı mübarizəsində yanında olub, yardım edib. Hətta cümhuriyyət devrildikdən sonra belə Azərbaycan Türkiyəyə yardım edib. Məlumatlara görə, 1921-ci ildə Azərbaycan Atatürkün yardım istəyi ilə Türkiyəyə 500 kq qızıl, 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərmişdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib. Bunlarla bərabər, Nəriman Nərimanov Azərbaycan üçün Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya “qardaş köməyi” olaraq göndərmişdi.
Bolşevik işğalı Türkiyə və Azərbaycanın bir-birinə qardaş yardımının da qarşısını alıb. SSRİ çökəndən sonra tərəflər arasında qarşılıqlı yardımlaşma davam edib. Tərəflər müxtəlif nəqliyyat və energetika layihələrini birgə həyata keçirirlər.
Azərbaycan torpaqları işğal altında olduğu illərdə Türkiyə bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə edib. Hətta bu ölkə Ermənistanla sərhədləri belə bağlayıb.
2000-ci illərdə İran Azərbaycanın hava məkanını qəsdən pozanda "Türk şahinləri"nin uçuşu Tehrana geri oturmaq üçün kifayət etmişdi.
Ötən illər ərzində Türkiyə ilə Azərbaycan müxtəlif sahələr üzrə əməkdaşlıq edib, əlaqələri inkişaf etdirsə də, tərəflər arasında daha əhatəli razılaşma sənədi mövcud olmayıb. 44 günlük müharibədən sonra Azərbaycan-Türkiyə əlaqələrinin daha geniş və əsaslı qurulması istiqamətində sənəd imzalandı - Şuşa Bəyannaməsi. Bu, “bir millət, iki dövlət” düşüncəsinin əməli nəticəsi idi.
Bu sənəddə Türkiyə və Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin qorunması, terror və başqa cinayətlərə qarşı birgə mübarizə kimi məsələlərə dair istiqamətlər yer alır. Torpaqlar işğaldan azad edilən müddətdə işğalçını müdafiə edənlər Türkiyəni Azərbaycanın yanında görəndə daha çox "ölçüb-biçirdi". Düzdür, həmin günlərdə İran hakimiyyəti, Rusiya KİV, Fransa hakimiyyəti, terrorçu PKK, Yunanıstan mətbuatı və türk düşməni olan başqa bu kimi qüvvələr erməni amilindən Azərbaycanla Türkiyəyə qarşı istifadə etməyə başladılar. Cənubi Qafqazda maraqlarını daha çox həyata keçirmək istəyən Fransa kimi qüvvələr hələ də revanşist qatarın çoxdan keçdiyini hələ də qəbul edə bilmirlər.
Şuşa Bəyannaməsinin gücləndirdiyi bu strateji müttəfiqlik regional və qlobal təhlükəsizliyi təhdid edən qüvvələrə qarşı olduğunu nümayiş etdirir. Azərbaycan və Türkiyənin aparıcı olduğu iqtisadi, energetik və nəqliyyat layihələri bu baxımdan çox əhəmiyyətli sayılır.
Şuşa Bəyannaməsi bu iki dövlətə qarşı olanlara bir millətin iki dövlətinin gücünü də nümayiş etdirib. Sənəd imzalanadan sonra avqustun 1-dən 5-dək Quru Qoşunların da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində hərbi təlim keçirilib.
Elə həmin il Azərbaycan və Türkiyənin “Mustafa Kamal Atatürk-2021”, “Anadolu Qartalı-2021”, “Sarsılmaz Qardaşlıq-2021”, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş-2021” adlı tədbirləri də bu Bəyannamənin gücünün nümayişinə sübutdur. Ötən üç ildə Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrə dair tədbirlər keçirilib.
Şuşa Bəyannaməsi ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini vurğulayıblar. Şuşa Bəyannaməsi işğaldan sonra Azərbaycan torpaqlarında təhlükəsizliyin və əmin-amanlığın təminatçısıdır. Bu sənədin 103 ildən sonra imzalanması da bir reallıqdır. Bu, Türkiyənin beynəlxalq arenada gücü, nüfuzu, Azərbaycanın əhəmiyyətinin göstəricisidir. Şuşa Azərbaycanın müstəqillyinin də simvoludur. Odur ki, bu şəhərdə imzalanan Bəyannamə də beynəlxalq ictimaiyyətin, hüququn və Türkiyənin Azərbaycana müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə təminatdır.
Azərbaycanın Xocalı hava limanından Rusiya sülhməramlı hərbçilərin son dəstəsinin çıxması da Şuşada imzalanmış sənədin diplomatik gücünün nəticəsidir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə düşmənlərinə aşağıdakı ismarışları da verdi:
- Azərbaycan və Türkiyə bir-birinin ərazi bütövlüyünü bütün istiqamətlərdə müdafiə edəcək;
- bu müttəfiqlik üçüncü qüvvələrə qarşı yönəlməyib;
- bu iki dövlətdən birinin ərazisinə hücum o birinə qarşı da aksiya sayılacaq;
- energetika və nəqliyyat sahəsində layihələrə qoşulmaq istəyənlərə əməkdaşlıq qapıları açıq olacaq;
- regional əməkdaşlıq qlobal təhlükəsizliyə təkan verəcək;
- terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparılacaq;
- bu sənəd bir etnosun müttəfiqliyi sənədi olsa da, beynəlxalq aləmə örnək olacaq təhlükəsizlik və əməkdaşlıq üçün başlıca yoldur;
- bəyannamə münaqişələrin, onu dəstəkləməyin ziyanlı, faydasız olduğunu isbatlayır;
- sənəd Türk dövlətlərinin birliyinə doğru əməli addımlar atılmasına dəvətdir və s.
Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlıq, əməkdaşlıq, müttəfiqlik simvoludur!
Sədrəddin Soltan,
Report.az