Vaxt vardı, Şuşa haqqında kədərli yazılar yazardıq. Qarabağın baş tacı, ölkənin ən əsrarəngiz və sevimli yaşayış məntələrindən biri olan bu qala-şəhərin düşmən tərəfindən işğalı xalqımıza möhkəm yer etmiş, sinəsinə dağ çəkmişdi.
İşğal olunan rayonlar bir tərəfəydi, Şuşa bir tərəfə. Bunun əsas səbəbi o idi ki, Şuşa başdan, binadan Qarabağ xanlığı adlanan kiçik dövlətin paytaxtı olmuşdu, ölkənin incəsənət paytaxtıydı, ziyarət edən hər kəsin xatirələrinin yaşadığı turizm məkanıydı.
4 il əvvəl - 2020-ci il noyabrın 8-də isə müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad etdi.
Beləcə, Şuşa haqqında yazılan yazıların da janrı, ruhu dəyişdi. Kədərli, duyğusal mətnlərin yerini qələbə eyforiyasından doğan riqqət, fərəh elementləri aldı. Şuşanı azad edənlərin zəhmətini, xidmtətini, şücaətini öyən, onlara yüksək dəyər-qiymət verən sətirlərin ardı-arası kəsilmədi və bu gün də davam edir.
Ancaq Şuşanın işğal altında olduğu 28 il də, işğaldan azad olduğu bu dörd il də artıq tarixdir.
İndi biz o tarixi zəfərə bir qədər soyuqqanlı yanaşa, şəhərin azad olunmasının əhəmiyyətini daha dürüst qiymətləndirə bilərik.
Gerçəkdən də bu şəhərin yenidən Azərbaycanın yurisdiksiyası altına keçməsi fövqəladə nailiyyətdir. Ötən əsrdə ən böyük itkimiz Şuşanın əldən getməsiydisə, bu əsrdə ən böyük qazancımız Şuşanın qarı düşməndən geri alınmasıdır.
Açığı budur: 44 günlük müharibə başlayandan savaşın gedişatını dəqiqə-dəqiqə, saat-saat izləyən, cəbhədəki hər bir yeniliyin, manevrin duyğularını öz qanı kimi ürəyindən keçirən insanları narahat edən əsas məsələ Şuşanın azad edilib-edilməyəcəyi idi.
Hiss olunurdu ki, döyüşən ordunun da, baş komandanın da, generalların da əsas hədəfi Şuşanın azad edilməsidir.
Bu, ona görə əsas hədəf idi ki, düzəndəki, dağ ətəyindəki yaşayış məntəqələrimizin yerləşdiyi torpaqları azad etmək çox da çətin görünmürdü, amma dağın başındakı Şuşanı sırf reylef müşkülü səbəbindən, bir də xüsusi canfəşanlıqla müdafiə olunacağına görə azad etmək hamıya çətin görünürdü.
Bu, kənardan baxanlara elə gəlirdi. İlk dəfəydi ki, kənardan baxanlara döyüş çətin, vətən torpağının azadlığı üçün savaşa atılanlara isə asan gəlirdi. Rəşadətli əsgərimiz bu işin öhdəsindən Müvəffəqiyyətlə gəldilər. Yoxsa Prezident İlham Əliyevin dediyi kimi, işimiz yarımçıq qalardı.
Təsəvvür edin ki, Şuşa işğaldan azad edilməsəydi və Qərbin, Rusiyanın təzyiqi ilə növbəti dəfə atəşkəs sazişi imzalansaydı, Qarabağda yaşayan ermənilərin dili necə uzun olardı. Onlar kapitulyasiya aktı imzamalamağa razılaşardılarmı? Qətiyyən.
Şuşanın azad edilməsi Qarabağ separatçılarının, daha dəqiqi, tam şəxsi heyəti ilə Azərbaycana qarşı döyüşən Ermənistan ordusunun belini qırdı. Ermənistan ordusunda müharibənin ilk günlərindən başlanmış kütləvi fərarilik pik həddə çatdı, İrəvandakı hərbi məzarlıqda boş yer qalmadı və erməni siyasətçilər tam darmadağından xilas olmaq, sonuncu saman çöpündən yapışmaq üçün 10 noyabr sazişini imzalamağa tələsdilər. Onların niyyəti heç olmasa Xankəndini və ətraf rayonları qorumaq idi.
Bu baxmdan Şuşanın işğaldan azad edilməsi Qarabağ müharibəsinin zəfər anının özüdür. Ondan bir gün sonra müharibə başa çatdı. Sadəcə, müharibə vəziyyəti qalmaqdaydı, münaqişə bitməmişdi, sülh sazişi bağlanmamışdı.
Şuşa Azərbaycan əsgərinin əlində olandan sonra Xankəndidəki bunkerlərə sığınan erməni hərbçilərin ötkəm-ötkəm danışması, manevr etmələri mümkün deyildi. Onların tam təslim olmasına mane olan yeganə faktor bölgəyə gecəylə rusiyalı sülhməramlıların gətirilib yerləşdirilməsiydi.
Bu məsələyə də pessimist yanaşanlar, əks fikir söyləyənlər vardı, deyirdilər, rus sülhməramlılar Qarabağdan getməyəcəklər. Ancaq elə olmadı. Sülhməramlıların Qarabağdakı erməniləri qoruması üç il çəkdi və başa çatdı.
İndi Şuşa ikinci həyatını yaşayır. 2020-ci ilin noyabrın 8-nə qədərki Şuşa ilə indikinin arasında böyük fərq var. Ermənilər “Şuşi” deyərək, itirdikləri üçün hələ də ağlayb-sızladıqları bu şəhər onlar üçün yaşayış məntəqəsindən çox hərbi istehkam idi, qalaydı. Şuşa indi-indi şəhər olur, mədəniyyət tədbirlərinin, festivalların, forumların, konqreslərin, hər cür şənliklərin ünvanı olan şəhərə çevrilir.
Şuşada aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri fenomenaldır. Şuşa həmişə olduğundan da gözəl olacaq. Biz xalq olaraq bu şəhərin qədir-qymətini bundan sonra daha yaxşı biləcəyik.
Yazının sonunda bir daha Şuşanı Azərbaycana qaytaran oğuların – baş komandandan tutmuş sıravi əsgərə qədər hər kəsə minnətdarlıq duyğumuzu ifadə edək. Dünya durduqca, ömür yetdikcə biz onların borclusuyuq.