Sürücülər bəzi hallarda, Aİ-92 və Aİ-95 markalı benzin növlərini qarışdıraraq avtomobilin yanacaq çəninə əlavə edirlər. Bir çox maşın sahibinə görə, bu nəqliyyat vasitəsinin daha sürətli və mühərrikin daha effektiv istifadəsi üçün olduqca faydalıdır.
Həmçinin bu praktikanın maşınlarda yanacaq çənini və ötürücü borularını təmizlədiyini düşünənlər də var. Lakin bir çox ustalar yanacaqları qarışdırmağın avtomobillərə ciddi ziyan vurduğunu deyir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert, Aslan Əsədov bildirib ki, benzin növlərinin birgə istifadəsinin maşınlara təsiri, texniki parametrlərdən asılı olaraq dəyişir:
“Yanacaqların qarışdırılması və birgə istifadəsi avtomobillər üçün həm mənfi, həm də müsbət nəticələrə gətirib çıxarır. Müsbət tərəfləri hansısa maşının texniki parametrlərindən asılıdır. Çünki hər bir nəqliyyat vasitəsinin texniki göstəriciləri bir-birindən fərqli olur. Benzin növlərinin qarışdırılması avtomobillərdə mühərrikin iş prinsipinə zidd ola bilər. Digər tərəfdən, ümumi yağlanmaya və işə düşən zaman alışmaya ziyan vura bilməsi də istisna deyil. Mühərrikin iş prinsipi dedikdə, sürtünmə nəticəsində müəyyən işlək detalların hərəkəti zamanı yaranan enerjidən söhbət gedir”.
Ekspertin fikrincə, sürücülər bu barədə mütləq ustalar və nəqliyyat vasitəsinin rəsmi dillerləri ilə məsləhətləşməlidir:
“Mühərriki əvvəllər istifadə olunmayan yanacaq növü ilə təmin etdikdə, bir sıra problemlər meydana çıxır. Məsələn, ili köhnə olan, xüsusən sovet istehsalı maşınlara Aİ-95 markalı benzin tökdükdə, mühərrik sistemi sıradan çıxa bilər. Faydasına gəlincə, bunu ustalarla və rəsmi dillerlərlə məsləhətləşmək lazımdır. Əgər onlar icazə verərsə, yanacaqlar qarışdırıla bilər. Bu daha çox modeldən və mühərrikin növündən asılı olaraq dəyişir”.