Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı (https://musavat.com/news/azerbaycanda-yeni-qerar-bu-sexsler-masin-sure-bilmez_1106268.html) təsdiqlənib.
Musavat.com-un xəbərinə görə, Səhiyyə Nazirliyinin Kollegiyası bu barədə qərar verib.
Nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi əks-göstərişlər siyahısında psixi və davranış pozuntuları (ağır, davamlı və ya tez-tez kəskinləşən xəstəlik əlamətləri ilə müşayiət olunan xroniki psixi pozuntular olduqda), sinir sisteminin xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri, fiziki çatışmazlığı olan şəxslər üçün nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi göstərişlər, kateqoriyalar üzrə nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi məhdudiyyətlər, nəqliyyat vasitələrinin idarə edilməsinə müəyyən müddətdən sonra təkrar müayinə tələb edən və fərdi qaydada həll edilən tibbi əks-göstərişlər və sairə tələblər yer alıb.
Qeyd edilir ki, yerüstü nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin idarə edən şəxslərin icbari tibbi müayinələrin dövriliyi, müvafiq həkim-mütəxəssislərin iştirakı ilə aparılan laborator və funksional müayinələr və həmin nəqliyyat vasitələrini idarə etməyə tibbi əks-göstərişlər Səhiyyə Nazirliyinin “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə” 2012-ci il 13 dekabr tarixli 46 nömrəli Qərarı ilə müəyyən edilir.
Göründüyü kimi, qərarda bir sıra yeniliklər var.
Qeyd etmək yerinə düşər ki, zaman-zaman xəstə, narkoman sürücülərin maşın idarə etməsi ilə bağlı məsələ gündəmə gələrkən ekspertlər narazılığını bildiriblər. Qeyd edilir ki, poliklinikaların bir çoxunda açıq şəkildə sağlamlıq haqqında arayışlar 80-100 manat müqabilində satılır.
Nəqliyyat infrastrukturu üzrə mütəxəssis Yasin Mustafayev mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“Bu dəfə yeni tibbi terminləri görmək olur, həkimlər bunu daha yaxşı bilər. Amma dünya təcrübəsində də bu maddələr tətbiq edilir. Bunların yoxlanılması təbii ki, ümumi hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu kriteriyalara cavab verməyən sürücülərə maşın idarə etməyə qəti yol vermək olmaz.
Ümumiyyətlə, dünyada qəbul olunmuş standartlar var. Bizdə də müəyyən əlavələr, dəyişikliklər var. Təki sürücülərdə bütün maddələr üzrə sağlamlıq göstəriciləri təmin edilsin. Bu, bütün hərəkət iştikakçıları üçün vacib məsələdir. Təəssüflər olsun ki, sürücülər bu standartlara cavab verməyəndə müəyyən yollara əl atırlar, qeyri-leqal şəkildə vəsiqə əldə etməyə çalışırlar. Bu da qəbuledilməzdir. Bunun qarşısı qətiyyətlə alınmalıdır”.
Afaq Mirayiq,
Musavat.com