Bu uşaqların atasının kim olduğu bəllidir, bəs Bakıda onları nə gözləyir, sonrakı həyatlarını necə yaşayırlar?
Azərbaycan vətəndaşlarının digər qrupu Suriyadan repatriasiya edilib. Fevralın 20-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla, 7 nəfər Azərbaycan vətəndaşının Bakıya repatriasiyası həyata keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, indiyə qədər Suriya və İraqdan Azərbaycana 450-yə yaxın adam repatriasiya edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 1477 nəfər Azərbaycan vətəndaşı silahlı birləşmələrin tərkibində iştirak etmək üçün bu ölkələrə gedib. Onlardan 903-ü həlak olub. Onların çoxunun uşaqları olub.
2023-cü ildə İraqdakı düşərgələrdən birində 120-yə yaxın uşaqlı qadın Vətənə qayıtmaq xahişi ilə Azərbaycan hakimiyyətinə müraciət edib.
Bu uşaqların atasının kim olduğu bəllidir, bəs Bakıda onları nə gözləyir, sonrakı həyatlarını necə yaşayırlar. Eləcə də onların anaları... Dövlət hansı təminat verir onlara?
Azərbaycana gətirilən daha 7 vətəndaş sosial xidmət müəssisəsinə yerləşdirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Məlumatda bildirilir ki, ilkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır. Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a şərhində bildirib ki, repatriasiya edilən şəxslər Suriyaya 2011- ci il hadisələrindən sonra gedənlərdir. Millət vəkili xatırladıb ki, gənclər “İslam dövləti” qurmaq adı altında Suriyaya gediblər: “Təəssüf ki, çox sayda azərbaycanlı dünyasını dəyişdi. Söhbət kifayət qədər böyük rəqəmdən gedir. 1477 nəfərdən 903-ü həlak olub. Yaxın zamanda Suriyaya gedənlər demək olar ki, yoxdur. Azərbaycanda bununla bağlı ciddi işlər görüldü. Milli Məclisdə geniş müzakirələr aparıldı, qanun qəbul edildi. Qanunda radikalizmlə mübarizə və s. ilə bağlı məsələlər öz əksini tapdı. Azərbaycan prosesin tənzimlənməsi üçün tədbirlər həyata keçirməkdə davam edir. Hazırda ciddi təhlükə yoxdur. Vətəndaşlar da diqqətli olmalı, xaricdən edilən təbliğatlara aldanmamalı, həyatını təhlükəyə atmamalı, gələcəyini məhv etməməlidir”.
Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova həmin uşaqların cəmiyyətə adaptasiya olunması məsələsindən danışarkən bildirib ki, burada uşaqların hansı yaş həddində olması xüsusi önəm daşıyır: “Bu məsələdə uşaqların hansı yaşda olması xüsusi önəm daşıyır. Yəni istər-istəməz reabilitasiya, adaptasiya işi gedəcək, amma uzunmüddətli işə ehtiyac var. Yaş həddi az olan uşaqlarla iş aparmaq daha asan olur, amma valideyndən ayırmaq şərti ilə. Əgər zərərli düşüncə valideynin artıq beyninə hopubsa, bu düşüncədən ayrıla bilmirsə, uşaqların onlarla qalması heç bir effekt verməyəcək, dəyişiklik çətin olacaq. Həmin insanlarla çox, uzunmüddətli reabilitasiya proqramı aparmaq, daim nəzarət etmək lazım gəlir.
Məlumatım yoxdur ki, həmin şəxslərlə aparılan reabilitasiya proqramı digər reabilitasiya proqramlarından fərqlənir, ya eynidir, amma bir daha qeyd edirəm ki, hər halda, uşaqlar valideynlərindən ayrılarsa onların inteqrasiyası yaxşı keçər. Valideynlərlə ayrıca reabilitasiya işi apardıqdan sonra, onlarda sağlam şüur formalaşdıqdan sonra uşaqları onlara qaytara bilərlər. Beləliklə, hesab edirəm ki, bunun üçün minimum 1 il lazım gələcək.
Əgər uşaqlar 3 yaşındadırsa, iş prosesi asan gedəcək, 7 yaşındadırsa daha ciddi işə ehtiyac olacaq. Yəni məsələ, yaş kateqoriyasından asılıdır. Amma mühüm məsələ budur ki, valideynlərdə oturuşmuş düşüncə qalarsa, aparılan iş prosesləri nəticə verməyəcək.
O ki qaldı qadınlara, əgər həmin qadınlar cinayət törətməyiblərsə, onların cinayət törətməkləri barədə faktlar yoxdursa, onlar da reabilitasiya prosesinə cəlb olunurlar. Əgər onların dini düşüncəsi zorakılığı təbliğ edirsə, zorakılığa meyillidirsə, bununla bağlı çağırışlar edirlərsə, həbs ehtimalı ola bilər".
Qeyd edək ki, repatriasiya Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq aparılır.
Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib ki, Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyətlə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan Respublikasının vətəndaşı ölkəmizə repatriasiya olunublar. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb. İl ərzində Suriya Ərəb Respublikasından ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.
Xalidə GƏRAY,
“Yeni Müsavat”