“Sürətli sülh”lə bağlı boşboğazlığa SON QOYSUNLAR! 

“Azərbaycan və Qazaxıstanın dövlət başçıları arasında sentyabrın 9-dakı telefon danışığının səhəri günü Nikol Paşinyanın sülhlə bağlı növbəti “staxanovçu” açıqlaması yenə də öz ampluasında olduğundan və reallığı yanlış təqdim etməklə yanaşı, həm də onu düzgün qiymətləndirməməsindən xəbər verir”.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsudur.

Deputat xatırladıb ki, sözügedən telefon zəngi zamanı Qazaxıstan prezidenti Astananın “Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu” demişdi:

“Bu açıqlama niyə məhz indi verilir və Astanada sülh anlaşması yönündə hər hansı bir irəliləyişin olub-olmayacağı haqda öz düşüncələrimi “Yeni Müsavat”la bölüşmüşəm. Birbaşa deyilməsə də, Paşinyanın dünənki açıqlamasından da görünür ki, Ermənistan da danışıqların yenidən Astanada keçirilməsinə razıdır və bunda ona “kömək” edən var. Amma Ermənistan baş nazirinin sülh anlaşmasının bağlanma vaxtını tezləşdirmək üçün onun 20 faizini, özəlliklə də Azərbaycanın israrla üzərində durduğu hissəsini ixtisar etmək təklifi göstərir ki, rəsmi İrəvan 2027-ci ilədək vəziyyətin necə var, elə də qalmasını istəyir. Axı kim də olmasa, Ermənistan rəhbərliyi yaxşı bilir ki, Azərbaycana qarşı torpaq iddiası konstitusiyalarından çıxarılmayınca, sülh anlaşması, Zəngəzur dəhlizi açılmayınca isə iki ölkə arasında əlaqələrin normal axara düşməsi mümkünsüzdür”.

Sahib Alıyevin sözlərinə görə, belə bir reallıq ortada ola-ola “sürətli sülh”dən dəm vurmaq gözə kül üfürmək və militarlaşdırılmalarına haqq qazandırmaqdan başqa bir şey deyil:

“Görünür, məhz Ermənistanı militarlaşdıran qərbdəki “xeyirxah”ları və digərləri, məsələn, Tehran rejimi də haylara bu vaxt ərzində vəziyyətin onların xeyrinə dəyişə biləcəyini vəd edir, göstərdikləri hərbi-texniki dəstəklə də onlarda bu yanlış təsəvvürü daha da gücləndirirlər.

Ermənistandakılar yaxşı olardı ki, keçmişin acı təcrübəsini, yəni Azərbaycan Prezidentinin xəbərdarlıqlarına məhəl qoymamalarının nə ilə nəticələndiyini yada salsınlar. Unutmasınlar ki, cənab İlham Əliyev “Ermənistan bizim təhlükəsizliyimizə təhdid yaratdığı anda həmin təhdid mənbələrinin hansı dərinlikdə yerləşmələrindən asılı olmayaraq məhv ediləcəyini” bildirib.

Bir daha vurğulayıram, regionda “sürətli sülh”lə bağlı boşboğazlıq etmək və gözə kül üfürmək əvəzinə Ermənistan rəhbərliyi Azərbaycana qarşı düşmənçiliyə son qoymalıdır. Bunun üçün də Zəngəzur dəhlizi açılmalı və ölkəmizə qarşı torpaq iddiası təkcə sözdə yox, əməldə və sənəddə də aradan qaldırılmalıdır”.

Musavat.com

11.09.2024 14:32
348