Suraxanıdakı intiharla bağlı yeni gəlişmə -VİDEO

 

“Dayımı intihara vadar edən öz ailəsidir. Bunu özü də intihardan əvvəl yazdığı məktubunda qeyd edib. Bu səbəbdən də biz bu məsələnin üstünə düşmüşük. İlk gündən faktla bağlı  cinayət işi başlamamışdılar. Biz Prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun qəbulunda olduq. Dərdimizi ona dedik. Bundan sonra cinayət işi başlandı. Amma istintaq yerində sayır. Bizdə olan məlumata görə, dayım oğlu Elgün Zamanov cinayətin ört-basdır edilməsi üçün hərəkətə keçib. O, müstəntiqlə müəyyən şərtlərlə anlaşmağa çalışır. Bununla bağlı əlimizdə səs yazısı da var. Həmin səs yazısı “Space” telekanalının aparıcısı Amil Xəlilin verilişində də səsləndirilib”.

Bunu Musavat.com-a müraciət edən Məhəbbət İsmayılov deyib.  

Onun dayısı, Laçının Ağcakənd kənd sakini İntiqam Binnət oğlu Zamanov bu ilin fevralında intihar edib. Olay Bakının Suraxanı rayonunda baş verib. Məhəbbət İsmayılov baş prokuror Kamran Əliyevə müraciət etməklə dayısının intiharı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda başlanmış cinayət işinin ört-basdır edilməsinə cəhd olunduğunu bildirib.  Mərhumun bacısı oğlu bu məsələdə dayısı oğlunu və müstəntiqi ittiham edir. Məhəbbət İsmayılovun iddiasına görə, dayısı oğlu müstəntiqlə anlaşaraq cinayət işinə xitam verilməsinə çalışır. İntiqam Zamanovun bacısı oğlu baş prokuror Kamran Əliyevdən xahiş edir ki, cinayət işi Suraxanı Rayon Prokurorluğundan alsın: “Cənab baş prokuror, bizdə şübhələr var ki, cinayət işi obyektiv araşdırılmayacaq, dayımın əslində, öldürülməsi ört-basdır ediləcək. Ona görə də sizdən xahişimiz budur ki, cinayət işi Suraxanı Rayon Prokruroluğundan alınsın”.

İntiqam Zamanov bu il fevralın 28-də intihar edib. O, intihardan əvvəl yazdığı məktubda bu olayda xanımını və övladlarını ittiham edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

22.06.2023 17:25
1194