Süni intellektin “yoxa çıxaracağı” peşələr - Jurnalistika da təhlükədə?

Qulu Məhərrəmli: “Jurnalistikada bir sıra məsələlər var ki, süni intellekt orada insan zəkasını əvəz edə bilməz”

Süni intellekt sahəsində əldə edilən uğurlar tədricən həyatımızın bütün sferalarına - ictimai, siyasi, iqtisadi, hərbi, tibbi, humanitar və s. sahələrə nüfuz etməkdə, işimizi asanlaşdırmaqdadır.

Xüsusilə kənd təsərrüfatı sektorunda diqqətçəkən inkişaflar baş verməkdədir. O, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, resurslardan istifadəni optimallaşdırmaq və ətraf mühitə təsirləri azaltmaq üçün mühüm həllər təklif edir.

Odur ki, məntiqi sual yaranır: tutaq ki, yaxın 10 il ərzində hansı peşələr yoxa çıxa bilər? Suala elə süni intellektin özü cavab verib və qarşıdakı 10 il ərzində yox olacaq peşələr aşağıdakı kimi sıralanıb (Technote.az):

Çağrı mərkəzi işçiləri

Məlumat girişi və inzibati dəstək işçiləri

İstehsal və montaj işçiləri

Kargo və anbar işçiləri

Birja brokerləri və maliyyə analitikləri

Hüquq assistentləri

Qəzet və jurnal redaktorları, müxbirlər

Müştəri təmsilçiləri

Pərakəndə satış işçiləri

Kənd təsərrüfatı işçiləri.

Xatırladaq ki, artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq robot jurnalistlər fəaliyyət göstərir. Məsələn, artıq bir neçə ildir ki, Amerikanın “New York Times” kimi qəzetlərində maliyyə, hava, zəlzələ və idmanla bağlı xəbərlər yazan robot jurnalistlər var. Onların bəzi sahələrdə jurnalistlərdən daha sürətli və daha dəqiq xəbərlər hazırlaya bildikləri deyilir.

Eləcə də 2017-ci ildən Böyük Britaniyada robot jurnalistlərin əməyindən istifadə olunur. İlk belə robotlar “Urbs” korporasiyası və “Press Association” informasiya agentliyinə məxsusdur. Burada robot jurnalistlər məqalələr dərc edir, statistik məlumatlar hazırlayırlar.

İki ay öncə isə Özbəkistanda robot jurnalist fəaliyyət göstərir. Belə ki, ölkənin Milli İnformasiya Agentliyi Sobir Holdarov adına süni intellekt əsasında xüsusi robot jurnalist yaradılıb. Robot jurnalist rəsmi məlumatları və ən son xəbərləri doqquz dildə, o cümlədən özbək, qazax, ingilis, rus, fransız, ərəb, çin, alman, ispan dilində ötürür. Qeyd olunur ki, bu süni intellekt videoreportajların miqyasını tədricən genişləndirəcək. İnformasiya təhlükəsizliyi tədbirlərinə xüsusi diqqət yetirilir.

Şübhəsiz ki, süni intellektin köməyi ilə video hesabatların yaradılması böyük bir fürsətdir, lakin bunun da öz riskləri var. Çünki cinayətkarlar agentliyin adından yalan və saxta xəbərlər əsasında videoçarxlar yaradaraq internetdə yayımlaya bilərlər. Ona görə də Özbəkistan Milli İnformasiya Agentliyi adından saxta videolar yayılarsa, onların həqiqiliyini yoxlamaq mümkün olacaq. Bu məqsədlə hər bir videonun üzərinə xüsusi QR-kod yerləşdirilir, keçid aktivləşdirildikdən sonra bu videonun mətnini UzA-nın rəsmi saytında oxumaq olar. Əgər süni intellektin köməyi ilə hazırlanan videonun QR-kodu yoxdursa və ya keçid UzA saytına aparmırsa, bu, saxta videodur.

Bəs doğrudanmı yaxın zamanlarda qəzet və jurnal redaktorlarına və müxbirlərə, ümumiyyətlə jurnalistlərə, jurnalistika fakültəsinə ehtiyac qalmaya bilər?

Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO - Oxu.az

Qulu Məhərrəmli 

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Əlbəttə, süni intellektin bugünkü həyatımızda çox iri addımlarla irəliləməsi, sənayedə, eləcə də əl əməyi tələb olunan bir çox sahələrdə insanları əvəz etməsi artıq reallıqdır. Bütün dünyada buna qarşı olan etirazlar, insanların öz iş yerlərini itirə bilməsi ilə bağlı ciddi həyəcanlar var. Təbii ki, sahibkarlar daha ucuz işçi qüvvəsi axtarışındadır, bu baxımdan süni intellektə çox meyilldirlər, nəticədə süni intellekt çox sürətlə tətbiq olunur ki, bu da işçilərdə həyəcan, qorxu yaradır.

O ki qaldı süni intellektin jurnalistika peşəsini də tam əvəzləyə bilməsinə, bu peşəni sıradan çıxaracağı iddialarına, hesab edirəm ki, bu, bir qədər şişirdilmiş məsələdir. Doğrudur, süni intellekt, texnologiya artıq həyatımızın bir hissəsinə çevrilməkdədir, lakin işin təşkili, proqramlaşdırma, jurnalistikanın incəlikləri ilə bağlı olan bir sıra məsələlər var ki, süni intellekt orada insan zəkasını əvəz edə bilməz. Yəni, sadəcə olaraq prosesləri sürətləndirə, keyfiyyət göstəricilərini verə bilər, amma məsələn, xəbərlərin dəqiqləşdirilməsi məsələsində heç bir peşəkarı əvəz edə bilməz".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

12.10.2024 11:07
471