Süni intellekt xərçəngi sağaldacaq? - Həkimlər deyir ki... - SENSASİYA

Nəsimi Qasımov: “Süni intellektin gələcəyi var, o da yalnız həkimə kömək etmək üçün, həkim həmişə həkim olaraq qalır...”

Çin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çoxyönlü süni intellekt modeli hazırlayıb. “Yeni Müsavat” Medicina.az-a istinadla xəbər verir ki, süni intellekt modelini Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən “SenseTime” şirkətinin tədqiqatçıları ərsəyə gətirib. 

Onlar bunun üçün təxminən 300 min rəqəmsal patoloji təsvirdən istifadə ediblər. Tədqiqatçılar çoxyönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyini ifadə ediblər. Həmçinin buraya pan-xərçəng təsnifatı, lezyonların tanınması, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi də daxildir. 

“Path Orchestra” adlandırılan çoxyönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqliklə diaqnoz qoyub. Tətbiqin Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisi olduğu vurğulanıb.

Bundan əvvəl isə şotlandiyalı tədqiqatçılar xərçəngi yüksək dəqiqliklə aşkar etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırlamışdılar. Qlazqo Universitetinin süni intellekt mütəxəssisləri və xərçəng xəstəliyini araşdıran alimlərdən ibarət qrup xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib. Tədqiqatçılar patoloqların hazırladıqları “Histomorfoloji Fenotip Öyrənmə” (HPL) adlı proqramla xərçəng diaqnozunu daha asan və sürətli edə biləcəklərini açıqladılar. 

Tədqiqat çərçivəsində ABŞ Xərçəng İnstitutunun Xərçəng Genom Atlası verilənlər bazasında olan 452 xəstənin ağciyər toxuması nümunələrinin minlərlə yüksək keyfiyyətli görüntüləri toplandı. Tədqiqatçılar şəkilləri təhlil etmək və şəkillərdəki nümunələri aşkar etmək üçün öz-özünə təlim alqoritmi hazırlayıblar. 

O, görüntüləri minlərlə kiçik kvadrata bölən alqoritmin toxuma nümunələrində hüceyrələrin vizual xüsusiyyətlərini tanımaq və təsnif etmək prosesində özünü məşq edərək 99 faiz dəqiqliklə fərqləndirə biləcəyini müəyyən edib. Həkimlər xərçəngin təkrarlanma ehtimalını və zamanını yüzdə 64 nisbətində dəqiq proqnozlaşdırarkən, HPL-də bu nisbətin yüzdə 72 olduğu müşahidə edildi. Digər tərəfdən, tədqiqatçılar bu süni intellekt sistemi ilə döş və prostat vəzi kimi 10 xərçəng növündə ardıcıl nəticələr əldə ediblər. Araşdırma “Nature Communications” jurnalında paylaşılıb.

Bəs süni intellekt zamanla onkoloqların işini nə dərəcədə asanlaşdıra və daha keyfiyyətli edə bilər? Onun hesabına diaqnozun daha erkən qoyulması və ya xərçəngin yüz faizlik müalicəsi mümkün ola bilərmi?

Onkoloq Nəsimi Qasımov : “Siqaret çəkənlər, 30 yaşdan sonra evlənən  qadınlar, süd verməyən analar risk altında…”

Nəsimi Qasımov 

Tanınmış onkoloq Nəsimi Qasımov “Yeni Müsavat”a mövzu ilə bağlı deyib ki, xərçəngin erkən diaqnostikası tək süni intellektlə həll olunan məsələ deyil: “Birincisi, onkologiyada və təbabətin başqa sahələrində də süni intellektin tətbiqi nədir, sualına cavab verək. Süni intellekt indiyə qədər əldə olunmuş hadisələrin içərisində bu xəstəliyin əlamətləri aşkar olunmuş xüsusiyyətləri xüsusi proqrama yerləşdirilir, yeni xəstələrin məlumatları bura salınır. Üst-üstə düşmə faizinə görə süni intellekt cavab verir ki, burada 75, 85, 95 faiz ehtimalla adamda xəstəlik var. Bu gün erkən diaqnostikadan çox əlamətləri olan, şişin əlamətləri əlçatan olan hallar üçün yarıyır. 

Sağlam adamların yoxlanmağının xüsusiyyətləri var. Süni intellektsiz də bu gün məlumdur ki, bədxassəli şişlərin erkən diaqnostikası əsasən müəyyən yaşdan sonra xəstələnmə ehtimalı yuxarı, risk qrupunda olan insanların müəyyən vaxtdan bir diaqnostik xüsusiyyətlərinin yoxlanmasıdır. Tutaq ki, 40 yaşdan yuxarı qadınlar müəyyən müayinələrdən keçirilir. Bunun nəticəsində əldə olunan kölgəlikləri indiyə qədər əlimizdə olan kölgəliklərin fonunda süni intellektə sual verilir ki, bu nəyə uyğun gəlir. Süni intellekt cavab verir ki, 93 faiz ehtimalla burada bədxassəli şiş var. 

Bakıda da artıq süni intellektlə çalışan belə aparatlar var, biz də bunu tətbiq edirik. Ancaq Azərbaycanda bunu xəstəyə inandırmaq çox çətindir. Rayondan olan bir xəstə əməliyyat olunandan sonra yenidən onu yoxladıq, süni intellekt yenidən onun xərçəng olduğunu bildirdi, həmin adam inanmayıb çıxıb getdi. Bu çox çətin bir prosesdir. Ümumiyyətlə, süni intellekt insan beyninin heç 10 faizə qədər biliyinə malik deyil. Süni intellektə xəstələrlə bağlı nə qədər düzgün məlumat qoya bilsək, yaxşı proqram hazırlasaq, indiki profilaktik baxış zamanı bizə müəyyən xəbərlər ötürə bilər. Bilirsiniz, süni intellektin bəşəri xüsusiyyətləri yoxdur, o sizə müəyyən faiz daxilində bu ehtimalla bunu demək olar. Bundan ötrü yeni bir müayinə tələb edir. Siz ona inanıb xərçəng sözünü tapa bilməzsiniz. Gərək o xərçəngi tapasınız, onun mikroskopik quruluşu ilə sübut edəsiniz ki, bu xərçəngin filan növüdür. Yenidən bu məlumatı süni intellektə qoyub, dünyada hansı müalicə daha münasibdir, onu tapasan. Lap tutaq ki, deyəcək, filan müalicə o ölkədə var, bəs o adamın buna imkanı varmı? Əgər o müalicə dünyanın bir mərkəzindədirsə, bu süni intellektin bu dövlət üçün xeyri nədən ibarət oldu. Bütün xəstələri bu mərkəzə göndərmək imkanımız varmı? 

50 il süd vəzi xərçəngi ilə məşğul olan bir həkim kimi xəstəyə baxardıq, şişi tapardıq, ondan iynə ilə bir dəfə müayinə götürərdik, təyin edirdik ki, bu, bədxassəli şişdir. Onu əməliyyat edib bir dənə də dərman verərdik və indi də həmin xəstələr yaşayır. İndi xəstə 4 minə yaxın pul xərcləyir, müasir diaqnostik üsullar tətbiq edirik, süni intellekt proqramlarına giririk, adına da protokol deyirik. Başlayırıq müalicəyə, müalicənin ortasında xəstəni itiririk. Demirəm hamısına aiddir, yerdə qalan xəstələrdə də 2-3 il sonra metastaz əmələ gəlir. Poliklinikadan bizə deyirlər, ay həkim, sizin əvvəllər etdiyiniz əməliyyatlardan sonra xəstələrin hamısı yaşayır, indikilərdə yenidən əmələ gəlir. 

Süni intellektin gələcəyi var, bu da yalnız həkimə kömək etmək üçün. Həkim həmişə həkim olaraq qalır. Bütün məsələni həkim həll etməlidir. Həkim həmin süni intellektdən alınan cavabı da yenidən özünün fərdi intellekti ilə həll etməlidir. Həkimin elə öz beyni də süni intellekt kimidir də, onda iyirmi illik xəstənin məlumatı olur". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”


24.07.2024 08:11
1074