Sumqayıtda MÖHTƏŞƏM TƏDBİR: “Qərbi Azərbaycan həqiqətləri medianın gözü ilə” - FOTOLAR

Qərbi Azərbaycan icmasının Sumqayıt nümayəndəliyində “Qərbi Azərbaycan həqiqətləri medianın gözü ilə” mövzusunda tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə QAİ Sumqayıt nümayəndəliyinin İdarə Heyətinin üzvləri və Şura sədrləri, gənclər, media nümayəndələri iştirak ediblər. Əsasən Gənclər Şurasının təşəbbüsü ilə baş tutan tədbirdə öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq kütləvi informasiya vasitələrində Qərbi Azərbaycan həqiqətlərinin mütəmadi olaraq işıqlandırılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın Ermənistandan mərhələli şəkildə deportasiyası edilməsi, onların yaşadıqları kəndlərin yandırılması, məscidlərin dağıdılması və əhalinin öz tarixi yurdlarından zorla çıxarılması kimi faktlar medianın diqqətindən yayınmamalıdır. Ancaq təəssüflər olsun ki, bəzən yerli KİV-lər bu məsələlərə kifayət qədər yer ayırmır. Hərçənd bu həqiqətlər yerli və xarici mətbuatda geniş yayılmalıdır. Bu işdə xüsusən gənclər aktiv olmalıdır.

Daha sonra çıxış edən QAİ Sumqayıt Nümayəndəliyinin sədr müavini İlkin Şirinov bildirib ki, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların kütləvi deportasiyası həm insan hüquqları, həm etnik təmizləmə, həm də soyqırımı baxımından ciddi tarixi hadisə olsa da, Qərb mətbuatı bu məsələdə fərqli mövqe sərgiləyir. Qondarma erməni "soyqırımı"na Qərb mediası tərəfindən nümayiş etdirilən mövqe, Qərbi azərbaycanlıların başına gətirilən faciələrə sərgilənmir. Bu, ikiüzlü və riyakar siyasətin bariz nümunəsi sayıla bilər.

Ardınca tədbirdə çıxış edən Ziyalılar Şurasının sədri Mehman Adıgözəlov canlı şahid kimi həmin faciələri xatırlayıb. Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi deportasiyası zamanı yaşadığı faciələrdən danışıb.

QAİ Sumqayıt nümayəndəliyinin gənclər təşkilatının sədri Fuad Məmmədov Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun əhəmiyyətini vurğulayaraq, bildirib ki, bu həqiqətlərin xarici mediada yer alması üçün aktiv təşəbbüslər irəli sürülməlidir.

“Qərbi azərbaycanlıların müxtəlif illərdə mərhələli şəkildə deportasiyasını, zorakılıqla köçürülməsini özündə əks etdirən sənədli filmlər çəkilib nümayiş etdirilməlidir" deyən nümayəndəliyin sədr müavini Yasin Mansurov informasiya kampaniyasının əhəmiyyətindən söz açıb.

Daha sonra tədbirdə çıxış edən QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Təşkilatının sədr müavini Müşviq Əhmədov təbliğat prosesində medianın rolunun əhəmiyyətini xüsusilə vurğulayıb. Qərb mediasının azərbaycanlılara qarşı həyata keçirilən zorakılığa biganəliyinin arxasında erməni lobbisinin fitnəkarlığının dayandığını və mübarizəni bu istiqamətdə gücləndirməyimizin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən gənc fəallar Məleykə Xankişiyeva, Gülçin Qasımova, Fuad Şamilov və Zaur Allahverdiyev Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə aşılanması və təbliğatın genişlənməsi üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Sonda QAİ Sumqayıt nümayəndəliyinin tədbirlərində fəallıq göstərən gənclərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.





























 


19.04.2025 21:32
451