Sumqayıt hadisələrinin 36-cı ili - açılmayan sirlər...  

Bu təxribatı təşkil edənlərin məqsədi Azərbaycanda guya ermənilərə qarşı düşmənçilik olduğunu göstərmək idi; bəs hadisələrə siyasi və hüquqi qiymət verilibmi?

1988-ci il fevralın 27-28-də Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrdən bizi çox da böyük olmayan bir zaman kəsiyi ayırır. 1988-ci il fevralın 28-də baş verən Sumqayıt hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatlardan biri kimi tarixə düşüb. 

Tarixdən boylanıb baxanda həmin hadisələr zamanı öncədən görünməyən tərəflər aydınlaşır, ermənilərin Sumqayıtda törətmək istədikləri növbəti “genosid” planları tam çılpaqlığı ilə üzə çıxır. Bu hadisənin təşkilatçıları da, onu törədənlər də erməni olub və onların hədəfi Azərbaycanla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq, guya bizim ölkədə ermənilərə qarşı düşmənçilik olduğunu göstərmək idi. Sumqayıt hadisələrinin təşkilatçısının erməni Eduard Qriqoryan olduğu çoxdan sübut olunub. Keçmiş SSRİ Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı 444 nəfərə cinayət işi açılmış, onlardan 400 nəfəri 10-15 sutka saxlandıqdan sonra buraxılmış, bir neçəsi isə uzunmüddətli həbs cəzasına məhkum edilmişlər. 

SSRİ DTK-nın və Hərbi Prokurorluğunun əməkdaşları ermənilərin özləri tərəfindən törədilən cinayət hadisələrini ört-basdır etmək üçün qondarma şahidlərin ifadələrinə əsaslanaraq yanlış ittihamnamələr hazırlayaraq keçmiş ittifaqın müxtəlif məhkəmələrində baxılmaq üçün təqdim ediblər. 1988-ci ilin 18 oktyabr - 18 noyabr tarixlərində Moskvada Ə.Əhmədovun, Y.Cəfərovun, T.İsmayılovun cinayət işlərinə baxılmışdır. Ə.Əhmədov heç bir hüquqi dəlil-sübut olmadan hadisələrin “təşkilatçısı” kimi güllələnməyə məhkum edilib. Məhkəmə tərəfindən qəbul edilən bu hökm nə az, nə çox - 17 ay sonra Moskvada icra olunub. Həmçinin Sumqayıt şəhər sakinləri Elçin Gəncəliyev təcridxanada müəmmalı şəkildə öldürülmüş, T.İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilərək siyasi məhbus kimi Tiflisə göndərilmişdi. Bir neçə ay sonra o da orada ölmüşdü.

İllər keçməsinə baxmayaraq, erməni təbliğat maşını Sumqayıt hadisələrini, burada törədilən cinayətləri hələ də Azərbaycanın ayağına yazmağa çalışır. Halbuki tədqiqatlara görə, bu işdə xaricdəki erməni diaspor, lobbi, millətçi təşkilatlarının da birbaşa iştirakı olub, bu cinayətə əvvəlcədən hazırlaşıblar. Hətta cinayət öncəsi ermənilər yaşayan məhələlərin damlarına xüsusi kameralar quraşdırıblar ki, baş verən cinayətləri lentə alıb dünyaya “azərbaycanlılar erməniləri qırır”, “burada etnik zəmində hadisələr baş verir” desinlər. 

Cinayətin əsl təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələdi. İstintaqın hərtərəfli aparılması üçün baş prokurorun birinci müavininin rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradıldı. İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Amma hadisələrdən ötən 36 ildə Sumqayıt hadisələrinin tam hüquqi və siyasi qiyməti verildiyini demək olarmı? Onu da demək olar ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilmişdi. Bir sözlə, bu təxribat Ermənistan və erməni lobbisi dairələri tərəfindən ölkəmizə qarşı təbliğat niyyəti ilə hazırlanmışdı. Yəni 1988-ci il fevralın sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. Azərbaycanın hüquq-mühafizə orqanları obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsini təkzibedilməz faktlarla sübuta yetirdi.

Qulamhüseyn Əlibəyli: Bu, Vətən müharibəsindəki möhtəşəm qələbəmizin  nəticəsidir

 Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Sumqayıt hadisələrinə siyasi qiymət çoxdan verilib: “Hamıya məlumdur ki, bu hadisələr SSRİ DTK ilə erməni millətçilərinin birgə aksiyası idi. Amma hüquqi qiymətə gəldikdə, Azərbaycan dövlət orqanlarının rəsmi sənədi yoxdur. Sadəcə, SSRİ sənədlərində qeyd olunub ki, qarışıqlığa yol verilib və erməni millətçiləri səbəbkar olublar. Doğrudur, ölümə məhkum edilmiş azərbaycanlılar oldu, SSRİ xüsusi xidmət orqanlarının Eduard Qriqoriyana verdiyi təlimat əsasında bu hadisələr həyata keçirilmişdi. Amma yeni dövrdə araşdırmaya zərurət, parlamentin hadisələrə qiymət verməsinə ehtiyac ola bilər. Çünki bu gün də Azərbaycana qarşı etnik təmizləmə ittihamları səsləndirilir. Ona görə həm Sumqayıt hadisələrinin təşkil edilmiş, həm 19 sentyabr antiterror əməliyyatından sonra əleyhimizə səslənən ittihamların əsassız olduğunu yada salmalıyıq. Beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır ki, ermənilər tarix boyu azərbaycanlıları təqsirləndirmək üçün müxtəlif hiyləgər addımlar atıblar”.

İlham Əliyev növbəti dəfə güclü bir gediş etdi” - AMİP sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin dediyinə görə, bu hadisələr haqda beynəlxalq ictimaiyyəti hələ də tam məlumatlandıra bilməmişik: “Sumqayıt hadisələri əvvəlcədən hazırlanmışdı. Qriqoriyan özü 7 erməninin ölümündə günahlandırılırdı. Ancaq o provokasiyda günahı olmayanlar var idi ki, ölüm cəzası verildi. Biri Əhməd Əhmədov idi. Ümumiyyətlə, qarşıda gözlənilən erməni cinayətlərinə bəraət qazandırmaq üçün Sumqayıt hadisələri məqsədli şəkildə törədildi. Əfsus ki, biz tərəfdən də bilərəkdən, ya bilməyərəkdən bu prosesdə iştirak edənlər olmuşdu. Yəni onlar da hadisələrin vintinə çevrilmişdilər”. A.Əlizadə hesab edir ki, hələ də gec deyil və beynəlxalq ictimaiyyətə ətraflı, doğru şəkildə məlumat verməklə, SSRİ DTK ilə erməni millətçilərinin birgə cinayətlərini gündəmə gətirməklə tarixi ədaləti bərpa etməliyik".

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

 

28.02.2024 13:14
535