Sümbülə Əliyevaya yüngül cəza tələb edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur.

O, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur.

Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edib. Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib. Prokuror Sümbülə Əliyevanın qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti zərərçəkən tərəf kimi tanınıblar.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.

Məhkəmə iyulun 8-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

01.07.2024 14:32
1258