Sabah, mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur.
Ümumilikdə o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur. Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən ötən prosesdə şahid qismində hazırda vəkil işləyən Könül Əliyeva ifadə vermişdi. Demişdi ki, hər ay əmək haqqı alıb, hesabatları verib. Ödənilməyən əmək haqqıları büroda qalıb. "Orderləri təqdim etdim, 697 manat mənə veriləsi pul qalıb. Dedilər, bunlar Sümbülə xanımın vaxtında olub, ödəyə bilmərik. Heç bir şikayətim yoxdur, ancaq ödənilməyən məbləğin Dövlət Sosial Müdafiə Fonduna çatacaq hissəsini ödəsinlər, gələcəkdə təqaüd alanda hesablasınlar. 59 müqavilə üzrə pulumun bir hissəsi ödənilib”-deyə şahid bildirib.
Şahid qismində ifadə verən vəkil Rauf Abdullayev isə deyib ki, 2007-ci ildən həmin büroda işləyib: "60 müqavilə üzrə mənə 5 min 140 manat ziyan dəyib. Ancaq müstəntiq özü bildiyi şeyləri yazdı. Mənim heç bir iddiam yoxdur”.
Növbəti şahid Mehman Abbasov isə qeyd edib ki, büroda 100-dən çox müqaviləsi olub:
“Bəzən icra hakimiyyətindən müqavilə olan işlərə görə pullar ödəyirdilər, hər ay 700-800 manat pul alırdım. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fonduna verdiyim sorğuya cavab verdilər ki, 2014-2016-cı illərdə 1 saylı hüquq məsləhətxanasından heç bir ödəniş olmayıb. Vətəndaşlarla imzaladığım müqavilələrin pulunu almamışam. 19 min 40 manat pulum ortada itib. 11 min 379 manat mənə çatmalı idi. Əslində mən zərərçəkmiş olmalıyam. Vəkillər Kollegiyası əslində zərərçəkən deyil”.
Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti zərərçəkən tərəf kimi tanınıblar.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com