Sultanların qızıl evi, Mərmərə dənizinin sahilində tikilən liftli sarayın SİRLƏRİ - REPORTAJ

Sarayın inşasına 5 milyon qızıl xərclənib

Osmanlı sultanları sonuncu dəfə bu sarayda yaşayıb, Atatürk bu sarayda vəfat edib…

ZİYAR SON.jpeg (216 KB)

Tarixin bütün dövrlərində saraylar iqtidarın, gücün göstəricisi olaraq inşa edilib. Dolmabahçe sarayı da bu prestiji hiss etdirir.

Nəhəng qapılarından həyətə daxil olanda zaman maşını ilə tarixə səyahət hissi yaranır. Amma saray haqqında ətraflı yazmadan öncə oxucularımız üçün, yəni gələcəkdə sarayı ziyarət edəcəklər üçün bu bilgiləri paylaşaq.

Saraya Beşiktaşdan İETT avtobusları və ya mikroavtobuslarla, Anadolu Yakasından isə Üsküdar-Kabataş Kadıköy-Kabataş dəniz yolu ilə gəlmək olar. Dolmabahçe sarayına Bağcılar-Kabataş tramvay xətti ilə də çatmaq olar. Ümumiyyətlə, tramvay xətlərinin mövcudluğu, tez-tez işləməsi orta büdcəli turistlər üçün əla imkan yaradır. Giriş haqqı 1050 türk lirəsidir. Audio-gid cihazları pulsuz təklif edilir.

CİHAZLAR.jpeg (268 KB)

Saraya daxil olduğunuzda baxil geyməlisiniz ki, tarixi xalçalara və döşəməyə zərər dəyməsin. Ən önəmlisi, sarayda foto və video çəkmək qəti qadağandır. Hər salonda ən azı iki nəzarətçi var. Hətta mənim kimi gizli çəkənləri belə dərhal görür və xəbərdarlıq edirlər.

Bir qədər sarayın yerləşdiyi ərazi haqqında. Dolmabahçe Sarayının yerləşdiyi ərazi gəmilərin sığındığı körfəz kimi tanınırdı. Eyni zamanda rəvayətə görə, Sultan Fateh Mehmed İstanbulu fəth edərkən gəmilər Haliçə endirilmək üçün bu əraziyə yan alıb. Zamanla, daha doğrusu, 17-ci əsrdən etibarən körfəz doldurularaq “Dolmabahçe” adlanıb və sultanların şəxsi bağına çevrilib. 19-cu əsrə qədər tikilmiş malikanə və köşklər kompleksi “Beşiktaş Sahil Sarayı” adlanırdı. Bu dövrdə saray istismara yararsız halda idi. Buna görə də Sultan Əbdülməcid (1839-1861) sarayın sökülməsini və yerində yeni sarayın tikilməsini əmr etdi. Həmin dövrdə tikililərdə Qərb memarlığına meyllər açıq hiss olunurdu. Buna görə də Dolmabahçe sarayı neobarokko üslubunda dizayn edilib. Sarayın tikintisinə 1843-cü il iyunun 13-də başlanıb və 13 il davam edib, istifadəyə isə 7 iyun 1856-cı ildə verilib. Sultan Əbdülməcid yüksək təhsil almasa da, modern düşüncəyə sahib idi. Deyilənə görə, saray tikildiyi müddətdə sultan “Burada pislik və çirkinlik qadağandır, yalnız gözəl şeylər olsun” deyib. Sarayın tikintisi üçün 5 milyon qızıl xərclənsə də, Sultan Əbdülməcid burada sadəcə 5 il yaşadı. 5 mindən çox insanın yaşadığı sarayın illik xərci 2 milyon ingilis funt sterlinqi idi.

XERCİM.jpeg (409 KB)

Dolmabahçe sarayı bir çox sultanların iqamətgahı olub. 1856-cı ildən başlayaraq sarayda Sultan Əbdülməcid (1839-1861), Sultan Əbdüləziz (1861-1876), Sultan V Murad (1876), Sultan II. Əbdülhəmid (1876-1909), Sultan V Məhmət Rəşad (1909-1918) və Sultan VI. Məhmət Vahidəddin (1918-1922) və sonuncu xəlifə Əbdülməcid (1922-1924) hökmranlıq ediblər. Mustafa Kamal Atatürk Cümhuriyyət elan edildikdən sonra - 1927-1938-ci illər arasında 4 il fasilələrlə sarayda qalıb, işini buradan icra edib və burada vəfat edib. Dolmabahçe sarayı sultanlıqdan cümhuriyyətə keçid dövrünə, cümhuriyyət quruluşunun yaranmasında yaşanan çətinliklərə şahidlik edib.

Fransadan gətirilən saat, heykəllər

Dolmabahçe sarayı Mərmərə dənizinin sahilinə paralel 600 metr məsafədə uzanır. Həyətə daxil olduqda ilk nəzəri cəlb edən hündür saat qülləsidir. Bu qülləni Sultan II Əbdülhəmid 1890-1894-cü illərdə tikdirib. 32 metr hündürlüyündəki qüllə dörd qatlıdır. İlk qatda II Əbdülhəmid dövrünün Osmanlı gerbi, üçüncü qatın hər birinə isə saat yerləşdirilib. Saatlar Fransadan gətirilib. Deyilənə görə, sultan saat qülləsi vasitəsilə insanın həyatında zamanın önəmini anlatmağa çalışıb. Fransadan təkcə saatlar yox, sarayın həyətinə xüsusi ab-hava qatan mərmər şir və pələng heykəlləri də gətirilib.

Büllur pilləkən, 56 sütun, 14 ton qızılın istifadə olunduğu salon

Pillkənlərlə saraya daxil oluruq. Bu sarayda bircə dəfə olan ziyarətçinin ağlına ilk gələn sözlər möhtəşəmlik, estetika, gözqamaşdırıcı zənginlik və başqa gözəlliyi ifadə edən təbirlərdir.

DAXİL.jpeg (161 KB)

Bəs sadə Osmanlı saraylarından sonra birdən-birə belə möhtəşəm sarayın tikilməsinə necə qərar verildi?

Tarixçilər bildirirlər ki, XIX əsrdə həm Şərqdə, həm də Qərbdə dəbdəbəli, əzəmətli saraylar tikilirdi. Osmanlı sultanı da həm imperatorluğun qüdrətini göstərmək, həm də əcnəbiləri qəbul etmək üçün ehtişamlı saray tikdirməyə qərar verib.

Saray iki mərtəbəlidir, 3 hissədən ibarətdir: sultanın və ailəsinin şəxsi həyatına aid olan “Hərəm-i Hümayun”; dövlətin inzibati işlərinin həyata keçirildiyi “Mabeyn-i Hümayun” (Salamlaşma); və mühüm mərasimlər üçün nəzərdə tutulan “Muayede salonu”. Protokol girişi salonu Medhal Salonu adlanır. Sultanın hüzuruna çıxacaq qonaqlar bu salonda dənizə baxan tərəfdə gözləyirdilər. Salonda diqqətçəkən çilçıraqlar, şamdanlar, mebellər və s. var.

CİRAQ.jpeg (193 KB)

Dolmabahçe sarayının ən yaddaqalan özəlliklərindən biri sənaye inqilabının göstəricilərindən olan büllur çilçıraqlardır. Sobaların üzəri də büllurlarla bəzədilib. Bir çox yerdə sarayı inşa etdirən Sultan Əbdülməcidin möhürlərinə rast gəlmək olar. Üst mərtəbəyə büllur pilləkənlərlə çıxmaq olar. Pilləkənin məhəccər hissəsində ingilis büllurundan istifadə olunduğu üçün “Kristal merdiven”, yəni “büllur pilləkən” adlanır. Digər adı isə protokol pilləkənidir. Təəssüf ki, restavrasiya olunduğu üçün bu pilləkənləri görə bilmədik. Əgər siz də bu günlərdə sarayı ziyarət etməyi düşünürsünüzsə, bunu nəzərə alın.

Sultan Əbdülməcidin kitablara xüsusi marağı var idi. Buna görə də şəxsi kitabxanası yarandı. Burada Osmanlıca, ingiliscə, fransızca, almanca, ərəbcə və farsca əsərlər var. Hədiyyə edilənləri də nəzərə alanda kitabxanada təxminən 15 min əsərin olduğu bildirilir. Kaş o kitablara toxunmaq şansımız olardı…

Hər bir Osmanlı sarayı kimi Dolmabahçe sarayının Hərəm hissəsi də hər zaman maraq cəlb edib. Lakin tarixi reallıq nöqteyi-nəzərindən Haremlərlə bağlı detallı məlumatın olmaması normaldır. Çünki bura gizli, kənar gözlərdən uzaq, xüsusi qaydaların hakim olduğu yerdir. Xanədan mənsubu xanımlar mərasimləri xüsusi pəncərələrdən izləyə bilərdilər.

Sarayın ən dəbdəbəli salonu Müayede, yəni ərəbcədən tərcümədə bayramlaşma salonudur. İçəri daxil olduğunuzda dörd bir tərəfə ağzıaçıq baxacaqsınız. Ən çox qızıl məhz bu salonda istifadə olunub. Sütunlar, rəsmlər, nəhəng çilçıraq… Bu çilçıraq Sultan Əbdülməcidin xüsusi istəyi ilə İngiltərədə hazırlanıb. İstanbula gəmi vasitəsilə 67 sandıqla gətirilib. Deyilənə görə, ağırlığı 5 tondur, 464 lampası var. Təkcə bu salon üçün 14 ton qızıl işlədildiyi də deyilir. Sultanın taxtı da bu salondadır. Sarayın öz musiqiçiləri vardı. Bayram günlərində orkestr salonda onlar üçün ayrılmış yerdə ifa edərdilər. Hərəm sakinləri də bayaq qeyd etdiyimiz qəfəsli pəncərədən bayramlaşmanı izləyə bilərdilər.

İZLEYE.jpeg (218 KB)

Dolmabahçe sarayının özəlliklərindən biri qazanxanasının olmasıdır. O dövrün Avropa saraylarında olduğumu kimi, burada da qızdırıcı, eyni zamanda işıqlandırma üçün hava qazından istifadə olunub. Lakin Sultan Reşadın hakimiyyəti illərində elektrik sistemi qurulub (1910-1912). Məhz bu dövrdə indiki mənada istilik sistemləri də qurulub.

Salonun sütunlarının altında da istilik sistemlərini görmək olar. İlk dəfə eşidən üçün bu, qəribə səslənir, amma sütunların altındakı boşluqlardan gələn hava ilə salonda təxminən 18-20 dərəcə istilik olurdu. Alt qatda “Ateşlik” deyilən istilik sistemi vardı. Xüsusi boşluqlarda qalanan ocaqlardan çıxan duman hava kanalları vasitəsilə sütunların altındakı boşluqlara çıxır, beləliklə salon isidilirdi. Sütundan yazmışkən, ümumilikdə Müayede salonunda 56 sütun var.

Saray 285 otaq, 44 salon, 68 tualet və 6 hamamdan ibarətdir. Hər otaqda, salonda, dəhlizlərdə yağlı boya ilə çəkilmiş, tarixin müxtəlif mərhələlərini əks etdirən 600 rəsm əsəri asılıb. Əl işi güldanlar isə Çin, Yaponiya və Fransadan gətirilib.

Türklər üçün özəl tarix - 1938-ci il, noyabrın 10-u...

Sarayın bir başqa özəlliyi burada liftin olmasıdır. Lift Mustafa Kamal Atatürk üçün quraşdırılmışdı. Cümhuriyyət elan edildikdən sonra Atatürk 1927-1938-ci illər arasında 4 il fasilələrlə Dolmabahçe sarayında qalıb. Xəstəliyi ağırlaşdıqdan sonra öndər üçün belə bir rahatlıq düşünülüb. Sarayın 71 nömrəli otağı Atatürkün çalışdığı otaq idi. Dənizə baxsa da, sarayın ən sadə otaqlarından biridir. Burada onun ən sevdiyi “4 mövsüm” tablosu da var. Atatürk bu otaqda vəfat edib. Onun vəfat etdiyi otağı görmək isə həm hüzn yaşadır, həm də nə yaxşı ki, Atatürk kimi öndər olub fikrini bir daha yada salır. Cümhuriyyət qurucusu 1938-ci ildə noyabrın 10-da səhər saat 09:05-də bu otaqda vəfat edib. Hər ilin bu tarixində minlərlə türk bu otağı ziyarət edir. Atatürkün dünyaya göz yumduğu yatağına al qırmızı Türkiyə bayrağı sərilib, saat isə dünyasını dəyişdiyi vaxtda dondurulub...

Dolmabahçe sarayı 1952-ci ildən etibarən həftədə bir dəfə ziyarətçilərin ixtiyarına verilib. 1984-cü ildən isə orijinal əşyaları ilə muzey-saray kimi ziyarətçilərə açılıb.

Liman qapıları, cökə ağacları, tovuzquşular

Dolmabağça sarayının ən çox foto çəkdirilən hissəsi yəqin ki, həm dəniz sahilində, həm də sarayın sağ tərəfində yerləşən qapılardır. Naxışlı qapılar sarayın görünüşünə gözəllik qatır. Qapının girişində hər iki tərəfdə yüksək altlıqlar üstündə cüt sütunlar ucaldılıb. Qapının üst hissəsindəki medalyonda Sultan I Əbdülməcidin tuğrası (möhürü) və şair Zivərin 1855–1856-cı il tarixli kitabəsi yerləşir. Kitabənin xəttatı Mustafa Əfəndidir. Dolmabağça sarayının dəniz tərəfinə baxan hissəsində taclı, dəmir qanadlı, medalyonlu və bitki motivləri ilə bəzədilmiş, bir-birinə bağlanmış beş liman qapısı da var.

Harem bölümündən çıxıb çıxışa doğru hərəkət etdikdə qulağınıza quş səsləri gələcək. O səslər gələn tərəfə getsəniz, Kuşluk Bahçesinə çatacaqsınız. Burada tovuzquşu, hind toyuğu, qırqovul və başqa quşlar görəcəksiniz.

TOVUZQUSU.jpeg (246 KB)

Yaz-yay aylarında cökə (ıhlamur), şabalıd ağacları arasında gəzərkən quşların civiltisi xüsusi zövq verir. Həyətdəki bir neçə hovuz isə bu ansambla bir başqa gözəllik qatır.

Dəniz sahilində, günəşli havalarda İstanbulda hara getmək olar? sualına cavab verərkən birmənalı şəkildə Dolmabahçe sarayının adını çəkmək olar.

Nigar HƏSƏNLİ,
İstanbul, Türkiyə,
Fotolar, video müəllifindir
Musavat.com

29.03.2024 17:57
7822