Sülhün “terroru” - erməni revanşizmi pik həddə...

Düşmənin postmünaqişə dövründə sülh və insanlıq əleyhinə cinayətləri artır; 750 milyonluq silahlar Ağdərədədir - şərh

Ermənistanda revanşizm əhval-ruhiyyəsi daha da artıb. Sülh əleyhinə olan bu ovqat siyasi isteblişmentdən cəmiyyətin ən alt zümrəsinə qədər sirayət edib. Xüsusən “Laçın” postunu bəhanə edən erməni tərəfindən yeni çağırışlar səslənməkdədir. Bu prosesə isə bütün təbəqələr qoşulur: müxalifət, daşnaklar, kilsə, lobbi, Xankəndi separatçıları...

Həyasızlıq isə ondadır ki, ötən həftə erməni baş nazir Nikol Paşinyan Bakını sülh prosesini pozmaqda ittiham etdi. Guya Azərbaycan sülhün irəliləməsinə əngəl olurmuş. Halbuki sülh və insanlıq əleyhinə prosesi tormozlayan elə İrəvandır. Ötən həftəsonu Kəlbəcər və Ağdamın atəşə tutulması, “xaçlı”lar yürüşü, Nikolun danışıqlara zərbə vuran mövqeyi, hələ də Qarabağa rus-erməni tandeminin silah daşıması məhz Ermənistanın sülh əleyhinə növbəti addımlarıdır. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri yenə Azərbaycanın Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır. Bunu əks etdirən görüntülər “Caliber”də paylaşılıb.

Videoda da dörd “KamAZ” markalı hərbi maşın, həmçinin döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobilin hərəkəti aydın görünür. Bu da sülhə təhdid xarakterli hərəkətlərdir. Bəzi dairələr, o cümlədən ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycandan ilin sonuna kimi vaxt istəmişdi ki, iki dövlət arasında sülh müqaviləsi imzalansın. Lakin son baş verənlər rəsmi Bakıya tutarlı dəlillər verir ki, həm Qarabağ, həm də delimitasiya, demarkasiya məsələsində lazım bildiyi addımları atsın. Çünki Qarabağ, Laçın yolu Azərbaycanın daxili hissəsidir. Azərbaycanın daxili regionu ilə bağlı məsələni Ermənistanın BMT Təhlükəsizlik Şurasında qaldırmaq istəyi bəlli təxribatdır.

Başı pozulmuş, qana susamış Livandakı Böyük Kilikiya Evinin katolikosu I Aram da Azərbaycan əleyhinə qızışdırıcı, müharibəyə çağırış xarakterli açıqlamalar verib. İndi kimdir sülh düşməni, kimdir sabitlik istəyən? Misal üçün, başqa bir çağırışa diqqət edək: Özünü “deputat” kimi təqdim edən separatçı Seyran Ayrapetyan heç bir ümid olmadığını bildirib. “Dünyanın bizə heç bir faydası yoxdur, boş ümidlər bəsləməyin. Döyüşmək, danışıqlar aparmaq və ya köçmək? Məsələn, mən sonuncunun əleyhinəyəm, ikinci hələ imtina etmək demək deyil, ikinci uğursuz olarsa, birinciyə müraciət edilməlidir. Qalanları nağıldır, ancaq əhaliyə xoş gəlmək üçün deyilir, amma nəticəsi ağırdır”, - o qeyd edib. Göründüyü kimi, “birinciyə” müraciət etməyin ermənilərə nəyə başa gələcəyini özləri də yaxşı bilirlər.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan ordusunun Azərbaycana hücum edəcək halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər: “İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə əzələ nümayişi həyata keçirdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq. Bu, sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır”.


Siyasi ekspert İlyas Hüseynov hesab edir ki, Bakı sülh tərəfdarıdır. Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün 5 maddəlik prinsiplə çıxış edir: “Azərbaycan bölgədə reinteqrasiyanın, tərəqqinin, kommunikasiya xətlərinin açılmasının tərəfdarıdır. Lakin bizim bu siyasi gündəliyimiz belə görünür ki, Ermənistanın saxta arqumentasiyası ilə toqquşur və "blokada şousu"na inananlar Ermənistan təbliğatının qurbanına çevrilirlər. Dövlətlər burada rasional davranmalıdır - xüsusilə BMT TŞ-də daimi və qeyri-daimi üzvlər. Ümid edirəm ki, ölkəmizə, milli maraqlarımıza qarşı hansısa qətnamə qəbul olunmayacaq. Lakin qətnamənin birbaşa olaraq sülhə qarşı yönələcəyini tam məsuliyyətlə bildirmək istəyirəm".

Siyasi şərhçi Əziz Əlibəyli daha detalları faktlar açıqlayaraq Ermənistanın sülhə yox, müharibəyə hazırlaşdığını gözlər önünə sərib. Onun sözlərinə görə, birincisi, Ermənistan Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır, ikincisi, rus sülhməramlılarının müşayiəti ilə növbəti dəfə Qarabağdakı separatçılara silah daşınması həyata keçirilib: “Türk mediası bildirir ki, son 8 ayda Hindistandan Ermənistana İranın Qüds tuqayları vasitəsilə nə az, nə çox, düz 750 milyon dollarlıq silah daşınıb. İlkin silah partiyasının maliyyələşdirilməsi Fransadakı erməni lobbisinin təşəbbüsü ilə baş tutub. Yəni marşrut Hindistanın Mumbay limanından İranın Cabahar limanına qədərki ərazini əhatə edir. Silahların 30 faizi Zəngəzur dəhlizində, 70 faizi isə rusların vasitəsilə artıq Qarabağdadir. Silahlar əsasən hava əleyhinə, tank əleyhinə və minaatanlardir. Silahlar Ağdərədə yerləşib və görülən odur ki, prezidentin Qazax və Bərdə səfərləri bu istiqamətdə hazırlıqlara adekvat cavab niyyəti daşıyır. Maraqlıdır ki, Qarabağda sayı 1500 civarından göstərilən PKK mənşəli terrorçulara İranın Hasdi-Sabi qruplaşması tərəfindən yol təmin edilib. PKK-nın bölgəyə cəlb edilməsi Türkiyə ilə Azərbaycan arasında son günlərdə intensivləşən hərbi dialoqu xüsusilə diqqətə gətirir.

Çin rəhbərinin son günlərdə Zəngəzur istiqamətində səsləndirdiyi fikirlərlə, yaxında baş tutacaq Ərdoğan-Putin görüşünün yekununda silahların işə düşməsi an məsələsi kimi görünür. Paralel silahlanma göstərir ki, Ermənistan Azərbaycana qarşı sərhəddə və içəridə eyni anda hibrid hücum planlaşdırır. Bir sözlə, yekuna doğru gedirik. Azərbaycan Ordusu isə hazırlıqlarını maksimum həddə çıxarıb. Masada isə Fransa, Hindistan, İran, Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə, Çin və s. var".

HAZIRLADI: Emil SALAMOĞLU

15.08.2023 12:40
1303