“Sülhün kəsişməsi” üçün SEZAR lazım imiş – Ermənistanın hiyləgər planı və Türkiyəyə atılan “qarmaq”

 

Nikol Paşinyan təqribən bir il əvvəl Tiflisdə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunu fürsət bilib, “Sülhün kəsişməsi” adlı mücərrəd ideyasının “təqdimat mərasimi”ni keçirmişdi.

Budur, indi də qonşu ölkələrdən jurnalistlər Ermənistana dəvət olunur və onlara “qaranlıq otaqda olmayan qara pişik” haqqında nağıllar danışırlar. İran dövlətinin Ermənistana münasibəti bəllidir və bu mənada ezam olunan jurnalistlərin nə yazacaqlarını təxmin etmək çətin deyil. Zəngəzur dəhlizini özü və Ermənistan üçün təhlükə hesab edən cənub qonşumuz kadastr sənədi və sərhədləri olmayan Ermənistan boyunca “qırmızı xətt” çəkir neçə illərdir. Odur ki, belə sıx əməkdaşlıq təəccüb doğurmur. Amma bu dəfə türkiyəli jurnalistlərin də Ermənistana, “”sülhün kəsişməsi” layihəsinin təqdimatı üçün dəvət olunduğu açıqlanıb. Baş nazirin müavini Araik Arutyunyan türk jurnalistlərin Ermənistana gələcəyini açıqlayıb. Hələlik qardaş ölkədən bu dəvətlə bağlı hər hansı söz deyilməyib. Türkiyədə erməniəsilli jurnalistlərin də olduğunu nəzərə alsaq, istisna deyil ki, dəvəti məmnuniyyətlə qəbul edənlər və bu, nağıl-ideyanı təbliğ etmək istiqamətində təşəbbüs göstərənlər olacaq. Bəli, əbədi düşmənçilik yoxdur, özü də qonşular arasında. Elə Azərbaycan dövləti də 3+3 formatında əməkdaşlıq təşəbbüsünə sadiqdir, Ermənistanın nəhayət, normal siyasət yürütməsi, ərazi iddialarına son qoyması və digər şərtlər müqabilində. Düzdür, Türkiyə ilə Ermənistan arasında ayrı-ayrı səviyyələrdə müəyyən təmaslar, əlaqələr var. Rəsmi səviyyələrdə vaxtaşırı görüşlər keçirilir, Ermənistanın israrlı cəhdləri nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu müzakirə olunur. Amma qardaş ölkə Ermənistanın üzünə qapılarını məhz Azərbaycan torpaqlarının işğalına cavab olaraq, 21 il öncə qapayıb, var olsun! Qarabağın işğaldan azad olunması isə Ermənistanın normal mövqe tutması nəticəsində baş verməyib, minlərlə igidlərimizin canı, qanı bahasına reallaşıb. Odur ki, həmkar olaraq qardaş ölkənin media mənsublarından istədiyimiz bu ola bilər: hay nağıllarına inanmasınlar. Əslində qeyri-real bir “ideya”ya görə vaxt itirmək mənasızdır. Ondansa, türkiyəli həmkarlarımız Qarabağa, Şərqi Zəngəzura səfərlər etsinlər, görsünlər Paşinyan və onun sələfləri Azərbaycan torpaqlarında “sülhün kəsişməsi”ni necə icra ediblər on illər boyunca. Oğlunu “nümunə üçün” Qarabağa hərbi xidmətə göndərən, arvadı qadın batalyonu yaradıb, Azərbaycan ərazilərinin əbədi ilhaqına nail olmaq istəyən, özü sonadək Qarabağda ordu saxlayan “sülhpərvər” Paşinyandır, qardaşlarımız onun şirin dilinə aldanmasınlar! Ermənistan hər dəfə hansısa çətinliyə düşəndə bu kimi hiyləgər metodlara əl atır, “sülhpərvərlik, barışığa meyilli, konstruktiv” görünməyə çalışır.

İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçirilib  YENİLƏNİB VİDEO - AZƏRTAC

Dünyada ikinci belə bir “dövlət” yoxdur ki, qonşu ölkələrin ərazilərinə iddia edir, amma eyni zamanda həmin ölkələrlə guya “sülh dili”ndə danışır. Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiası varmı? Var. Bəs Türkiyəyə necə? Düz 6 vilayətinə! Türkiyənin 150 min kv.km-lik ərazisinə iddia edən ölkənin “kəsdiyi sülh”ə baxın! Düzdür, indi-indi etiraf edirlər ki, tarixlə tarixçilər məşğul olmalıdır. Yəni Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiasından guya imtina xətti yürütdüklərinə işarə edirlər. Amma bu, sadəcə sözdür, “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” kimi quru söz. Türkiyəyə qarşı 100 ildən artıqdır şər-böhtan irəli sürən, beynəlxalq miqyasda onu olmayan məsələlərə görə ittiham eləyən, 1,5 milyon erməninin qətlində (?!-E.P.) günahlandıran Ermənistan neçə illər boyunca arxivlərin açılmasına dəvət olundu, nəsə dəyişdimi?

Paşinyan Azərbaycanın şərtlərini qəbul etdi! - "Ancaq bu, tam həll deyil"

Türkiyəli jurnalistləri Ermənistanın dövlət sərhədində Ağrı dağını gerbə çevirənlər qarşılayacaq, bunun özü gerçək münasibətdən xəbər verir. 2018-ci ildə ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri İrəvanda mesaj vermişdi ki, artıq şablon iddiaları bir kənara qoymağın vaxtıdır, tarixlə tarixçilər məşğul olmalıdır, Ermənistandakı Paşinyan hakimiyyəti nəinki eşitmədi, hətta sələflərindən irəli getdi, böyük müharibəyədək irəlilədi, başına Dəmir Yumruq dəyəndən sonra yavaşladı. Bu dəfə səsləndirilənlər də sadəcə söz oyunudur, əməldə sülh tərəfdarı olduqlarını sübut etməlidirlər. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmayıcda, bu, ölkə konstitusiyasında əksini tapmayınca, Ermənistanın heç bir addımı ciddiyə alınmamalıdır.

Ermənistan “Sezar”ları hansı ölkə üzərindən daşıyacaq? İran, Gürcüstan,  Rusiya... - GlobalInfo.az

Nikol Paşinyanın iddiasına baxın: ““Sülh kəsişməsi” layihəsi zaman keçdikcə regional deyil, qlobal əhəmiyyət kəsb edəcək”. Taleyi Yuxarı Lars keçid məntəqəsindəki havadan asılı olan ölkənin rəhbərinin iddiasına baxın. Gülüş doğurur. Özü etiraf edir ki, Ermənistan Respublikasının sərhədlərinin 70 faizi və ya daha çox hissəsi hərəkətsizdir, bizim sərhədlərimiz yük axınının təmin edilməsinə xidmət etmir. Ancaq papağını qabağına qoyub fikirləşmir ki, yaxşı kadastrsız ölkənin olmayan sərhədlərinin niyə 70 faizindən çoxu iflic haldadır? Zamanında Qarabağa iddiaları onları Azərbaycanın müəllifi olduğu nəhəng layihələrdən kənarda qoydu, Bakı-Ceyhan, Bakı-Ərzuruma, Bakı-Qars qatarına uzaqdan, dalandan baxa-baxa qaldılar. İndi də...Artıq 4 ildir ki, Üçtərəfli bəyanatın 9-cu bəndinə əməl edib, Zəngəzur dəhlizini açmaq istəmir bu “sülhpərvər ölkə”. Zəngəzur dəhlizinin açılması Azərbaycana və Türkiyəyə faydalı olduğu kimi, Ermənistanın da xeyrinədir, həm də onun xilası deməkdir. Öz imzasına hörmət etməyən Paşinyan günaşırı yekə-yekə danışır, sanki dünyanın mərkəzi Ermənistan imiş. On illər boyunca “dənizdən-dənizə Ermənistan”dan dəm vurdular, indi də “sülh kəsişməsi” xülyası... Ermənistan əhalisini sülhə hazırlamaq əvəzinə, radikallara meydan verirlər. Türkofob ölkədən necə sülh gözləmək olar, bu ölkənin ərazisindən necə rahat keçib getmək olar? Bu gün Gürcüstanı ittiham ediblər ki, Fransanın yolladığı artilleriya qurğularının Poti limanından daşınmasına icazə vermir. Həyasızlıq miqyas tanımır. “Sülhün kəsişməsi”  üçün SEZAR lazım imiş? Özü də bu silahların təkcə Azərbaycana qarşı yönəlməyəcəyini də yaxşı bilirik. Qərbdəki Türkiyə düşmənləri Ermənistandan plasdarm kimi istifadə etməyi hədəf götürüblər. Avropa İttifaqının Ermənistandakı cəsus şəbəkəsinin yalnız Azərbaycan əleyhinə fəaliyyət göstərmədiyi də bəllidir, qardaş ölkənin media nümayəndələri də çox güman ki, bütün bunlardan xəbərdardırlar. Ehtiyatlı olsunlar, qardaş məsləhətidir. Həm də Ermənistan hələ də 4 mindən artıq azərbaycanlı əsir və itkinin taleyi barədə sorğulara cavab vermir. Heç mina xəritələrini belə Azərbaycana vermir ki, bu xain terrorun qarşısı alınsın. Bütün bunları “sülhün kəsişməsi”nin müəllifi Ermənistan edir. Yenidən Türkiyənin “ürəyinə yol tapmaq” və fitnə-fəsadlar törətmək istəyirlər...

Elşad Paşasoy,
Musavat.com

01.11.2024 10:00
2133