Sülhməramlılar Qarabağda “qınına” çəkildi

Moskva 2025-dən tez getməyəcək, hətta...

Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti ilə bağlı məlumat boşluğu yaranıb. Rusiya Müdafiə Nazirliyi sülhməramlı qüvvələrinin fəaliyyətinə dair gündəlik informasiya bülleteninin yayılmasını dayandırıb.

Əgər əvvəllər informasiya bülletenləri gündəlik yayımlanırdısa, sonuncu dəfə missiya ilə bağlı xəbər Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yanvar ayının 9-da yerləşdirilib. Həmin məlumatda sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirdiyi bildirilir. 

Azərbaycan Ordusu antiterror tədbirləri keçirdikdən sonra sülhməramlılar çox rahat formada öz missiyalarını həyata keçirirlər. Nə onların qarşısına çıxan, nə də hərbi hissələrinin qarşısında piket keçirən var. Ancaq qanun çərçivəsində Azərbaycan dövlətinin müvafiq qurumları ilə birgə müəyyən məsələlərdə iştirak edirlər. Ekspertlərə görə, proseslər onu göstərir ki, 2025-ci ildə Rusiya sülhməramlıları ərazini tərk edəcək.  Çox güman ki, Rusiya sülhməramlıların bölgədə qalma müddətini üçtərəfli bəyanatda göstərilən zamana qədər uzatmağa çalışacaq. Bu o deməkdir ki, daha minimum 15 ay Qarabağda qala bilərlər. Çünki deyəcəklər ki, hansısa təzyiqin nəticəsi olaraq Rusiya ərazini daha tez tərk edir. Rusiya Ukrayna müharibəsi bitirsə, sülhməramlıları tez çıxara bilərmi? Ermənilərin qayıdacağına ümidləri qalıbmı?

Vüqar İskəndərov: Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir - AZƏRTAC

Vüqar İsgəndərov

Deputat Vüqar İsgəndərov Azərbaycanın bu məsələdə milli maraqlar nəyi tələb edirsə, ona uyğun da addımlar atacağını bildirdi: “44 günlük Vətən müharibəsinin şanlı qələbəmizlə bitməsinin sonucunda üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın tələblərindən biri rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi idi. Həmin müddətdən bu zamana qədər Rusiya sülhməramlılarının orada fəaliyyəti zaman-zaman öz missiyalarına uyğun şəkildə olmayıb və bu da Azərbaycan Prezidenti, rəsmilərimiz tərəfindən tənqid olunub. Bu da təbiidir. Çünki tarix boyu rusların daim Cənubi Qafqazda böyük maraqları olub. Bu maraqlar çərçivəsində Rusiya bu bölgədə öz aktivliyini daim qoruyub saxlamağa çalışıb. İndi dünyada təbii ki, yeni siyasi palitra formalaşdırılır. Rusiyanın özü artıq xeyli zamandır ki, Ukrayna cəbhəsində arzu etdiyi nəticələri əldə edə bilməyib. Düzdür, məqsədlərinə çatmaq üçün istədiyi zamanda olmasa da, mərhələli şəkildə hədəfləri uğrunda müəyyən uğurlar qazana bilir. Ukraynanı faktiki olaraq, çox çətin bir duruma salıb. Eyni zamanda Qərbi də çətin durumla üz-üzə qoyub. Rusiyanın qısa zamanda çökməsi, iqtisadi durğunluq yaşaması, ordusunda xaos və.s kimi gözləntilər özünü doğrultmadı. Putin bir daha lider kimi onu göstərdi ki, ölkə daxilindəki bütün məsələlərə nəzarət edə bilir və dünyanın gözlədiyi qədər zəif deyil. İndiki zamana baxsaq, Azərbaycan 2023-ci ilin 19 sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatları ilə bütün ərazilərində suverenliyini bərpa etdi. Olduğumuz yerdə daha da möhkəmlənirik. İndiki vəziyyətə baxsaq, Rusiya müdafiə naziri müavininin sülhməramlılarla bağlı son paylaşımını önə çəkə bilərik. Sülhməramlıların fəaliyyətləri xeyli dərəcədə məhdudlaşıb. Artıq Xankəndi və ətraf ərazilərə də hərbçilərimiz nəzarət edir. Bu məsələdə rus sülhməramlılarına bir ehtiyac qalmayıb. Onların zaman-zaman postlarının bağlanması, saylarının azalması dediklərimizə bariz nümunədir. Digər məsələ onların vaxtından tez ərazilərimizi tərk etməsidir. Bu məsələ vaxtaşırı müzakirə olunur. Burada əsas olan iki ölkənin öz aralarındakı münasibətdir. İmzalanmış sənədlərə iki dövlətin də başçısı sadiqlik nümayiş etdirib. Azərbaycan Prezidentinin "Sözümüz imzamızdır" fikirləri deyilənlərin bariz sübutudur. Artıq dünyada cənab Prezident elə bir siyasətçi imici formalaşdırıb ki, hamı qəbul edir ki, o nəyi deyirsə edir. İlham Əliyev həm də Qoşulmama Hərəkatının sədri kimi özünün dünyagörüşünü, bir çox liderlərdə olmayan keyfiyyətlərini, qətiyyətini, daxili və xarici siyasətdəki uğurlarını zaman-zaman bütün dünyaya sübut edib. Bilirsiniz ki, rus sülhməramlılarının müddətlərinin baş çatmasına 6 ay qalmış müddətin uzadılıb-uzadılmaması ilə bağlı məsələyə baxılır. Düşünürük ki, bunların hər biri Azərbaycanın milli maraqları nəzərə alınmaqla öz həllini tapacaq. İndiki halda rus sülhməramlılarının orada qalması Azərbaycan Prezidentinin öz imzasına etdiyi hörmətdən irəli gəlir. Artıq bu məsələnin Ermənistana bir aidiyyəti da qalmayıb. Azərbaycanla Rusiya arasında olan bir məsələyə çevrilib. Zaman-zaman ayrı-ayrı kanallarda dövlətlər arasında bu məsələ müzakirə olunur. Zamanı çatanda mütləq rəsmi Bakı milli maraqlarımız nəyi tələb edirsə, həmin qərarı verəcək. Hamımız əmin olmalıyıq ki, bu qərar Azərbaycanımızın, xalqımızın mənafeyi və rifahı üçün ən doğru qərar olacaq".  

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli əmindir ki, rus sülhməramlıları gələn il Qarabağı tərk edəcəklər: “Rus sülhməramlılarının Azərbaycan torpaqlarında qalmasının artıq mənası itib. Rus hərbiçilərinin ərazimizdə məşğul olduqları iş həqiqətən qalmayıb. Sadəcə, boş vaxt keçirməklə vaxtlarının sonunu gözləyirlər. Ruslar anlayırlar ki, uzağı 2025-ci ildə getməlidirlər. Sual yarana bilər, əgər bilirlər ki, gələn il onsuz da getməlidirlər, niyə indidən bunu etmirlər? Özlərinə görə bunu indidən etməməklə düz edirlər. Çünki hər an hər şeyin də olmasa, nəyinsə dəyişiləcəyinə ümid bəsləyirlər. Ona görə də vaxtın bitməsini gözləyirlər ki, bəlkə xeyirlərinə nəsə dəyişdi və onlar burada qala bildilər. İstənilən halda 2025-ci ildə rusları göndərməliyik.”.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

 Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu məsələdə tam fərqli mövqeyə sahibdir. O, sülhməramlıların qalmasının tərəfdarıdır: “19-20 sentyabr antiterror əməliyyatından sonra ermənilərin yaşadıqları yerləri könüllü şəkildə kütləvi tərk etmələrindən sonra əslində Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir zərurət yoxdur. Gələn il Rusiya sülhməramlıları dislokasiya olunmuş əraziləri tərk etməlidir. Ancaq narahatlıq doğuran məqam Moskvanın həmin vaxtadək regiondan sülhməramlıları çıxarmaq üçün hansı şərtləri irəli sürəcək. Bu şərtlər Azərbaycanın milli və dövlət maraqlarına zərər vura bilərmi? Adətən ruslar daxil olduqları bölgələrdən çıxmırlar. Moldova və Gürcüstan təcrübəsi var. Baxmayaraq ki, Qarabağ iqtisadi rayonunda "qarşıduran tərəflər", “hansısa etnik qrupun hansısa təhlükəsizlik problemləri” kimi bəhanələr yoxdur. Rəsmi Moskva da dəfələrlə bəyan edib ki, Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı məsələ yalnız Bakı ilə razılaşdırılmalıdır. Bu ilk baxışdan bizim üçün məqbul sayıla bilər. Ancaq danışıqlarda şərtlərin nədən ibarət olması aydın təsəvvür yaratmağa tam imkan vermir. Düşünürəm ki, Ukraynadakı proseslərin gedişi də öz təsirini müəyyən mənada göstərəcək. 

Cavanşir ABBASLI,

“Yeni Müsavat”





09.02.2024 10:33
5012