Noyabr ayının 30-da Azərbaycan və Ermənistan sərhədində iki ölkənin rəsmilərinin görüşü olacaq. Rəsmi Bakının 2 ay yarım əvvəl irəli sürdüyü bu təklifə nəhayət İrəvandan müsbət cavab gəldi. Maraqlıdır ki, Ermənistan XİN-in bu müsbət cavabı ilə eyni vaxtda ölkənin hakim partiyasının deputatı Qaqik Melkonyan arapozucu bəyanat səsləndirib. O bildirib ki, İrəvan Bakının təklif etdiyi ikitərəfli dialoqa getməməlidir.
Melkonyanın bu “məsləhəti” rəsmi İrəvanın sülh danışıqlarına həvəssiz yanaşdığının dəlili ola bilərmi? Ümumiyyətlə, 30 noyabr danışıqlarından ciddi nəticə gözləməyə dəyərmi?
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Melkonyan rəsmi İrəvanın 30 noyabrda sərgiləyəcəyi mövqeyinin erkən açıqlaması olaraq yalnız öz düşüncəsini yox, rəsmi İrəvanın mövqeyini ifadə edib:
- Bu isə o deməkdir ki, Ermənistan rəsmiləri Azərbaycanın təklifinə beynəlxalq qınaqdan yayınmaq üçün müsbət cavab veriblər və 30 noyabr görüşünə böyük ümidlər bağlamağa dəyməz. Erməni deputatın fikirlərindən də aydın olur ki, rəsmi İrəvan Azərbaycanla vasitəçisiz danışıqlara getməyə həvəsli görünmür. Çünki beynəlxalq erməni lobbisinin təsiri ilə dünya güclərinin dəstəyini alacağını və rəsmi Bakı üzərində güclü təzyiq təşkil edərək müzakirələri öz xeyrinə dəyişə biləcəyini düşünür. Melkonyan da bu amili gizlətmir və qarantor tərəfin himayəsi altında danışıqlara üstünlük verməyi məsləhət görür. Onun fikrincə, Azərbaycanın bu danışıqlarda əldə olunan razılaşmaları nə vaxtsa pozmaq ehtimalı var və ortada qarantor tərəf olarsa, rəsmi Bakı buna cəsarət etməz. Əks təqdirdə Azərbaycana heç kim təzyiq edə bilməyəcək və guya rəsmi Bakı istədiyi zaman həmin razılaşmaları heçə sayacaq. Üstəlik, bu danışıqlarda erməni lobbisinin güclü olduğu Aİ (yəni Fransa) və ABŞ kimi dövlətlər qarantor tərəf kimi çıxış etməlidir. Sözsüz ki, ermənilərin bu şərtləri ilə Azərbaycan tərəfinin razılaşmayacağı bəllidir. Sirr deyil ki, rəsmi Bakı məhz bu səbəbdən Qranada və Vaşinqton görüşlərindən imtina etmiş, iki tərəf arasında sülh müzakirələrinin başqa dövlətlərin iştirakı olmadan aparılması təklifini irəli sürmüşdü. Sərhəddə ikitərəfli görüş də məhz bu məntiqdən doğmuşdu. Ermənistanın bu təklifə isti baxmadığı ona verdiyi cavabı gecikdirməsindən də aydın idi. Bilirsiniz ki, Prezident İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Rəşidlə görüşündə bu həqiqəti dilə gətirmiş, ardınca da İrəvan Azərbaycanın təklifinə müsbət cavab vermək məcburiyyətində qalmışdır.
- Ermənistanla aramızdakı münasibətlər heç də xoş deyil. Bu vəziyyətdə hansısa nəticələrin hasil olması nə dərəcədə mümkündür?
- Məsələ burasındadır ki, sülh danışıqlarında son və yekun qərarı yalnız döyüşən tərəflər verə bilər. Çünki xalqlarının məsələyə yanaşmasını ancaq onu idarə edən liderlər bilir və təmsil etdiyi xalqlar adından danışıqlar aparmaq hüququ da məhz liderlərə aiddir. Vasitəçilərin bu cür danışıqlarda rolu tərəfləri bir araya gətirməklə məhdudlaşmalıdır. Hesab edirəm ki, bizi bir araya gətirən vasitəçilər artıq öz missiyalarını tamamlayıblar. Əvvəl Rusiya, ardınca da Aİ və Amerika vasitəçi qismində çıxış etmişdilər. Rəsmi Bakı ilə Ermənistan liderləri arasında müxtəlif ölkələrdə sülh danışıqlarını başlatmışdılar. Bu təşəbbüsə görə biz artıq vasitəçilərə təşəkkür edib aramızdakı problemi özümüz həll etməliyik. Vasitəçilərin bundan sonra danışıqlara müdaxiləsi problemin çözümünə xidmət etməz, əksinə onu daha da dərinləşdirər. Çünki hər vasitəçinin regionla bağlı fərqli maraqları var və hər kəs Mərkəzi Asiya ilə Avropa arasında körpü rolu oynayan Cənubi Qafqazda dominant gücə çevrilmək istəyir. Nəticədə danışıqlar dalana dirənə və yeni müharibələrin önü açıla bilər. İzninizlə, bir misal çəkim: I Dünya müharibəsindən sonra imzalanan sülh müqaviləsi göstərdi ki, hansısa qüvvələrin zorla başqalarına təlqin etdiyi ədalətsiz sülh şərtləri müharibələrin bitməsinə zəmin hazırlamır və daha ağır döyüşlərə yol açır. Sirr deyil ki, I Dünya savaşında Almaniyaya zorla qəbul etdirilən sülh şərtləri II Dünya müharibəsinin müqəddiməsini təşkil etdi. Əgər o müqavilə ədalətli bağlansaydı, II Dünya müharibəsi olmaz, dünya daha çox inkişaf yolunu tuta bilərdi. Dünya diplomatiyasının bu iki dünya müharibəsindən öyrəndiyi çox mühüm dərslər oldu...
Qərb dövlətlərinin bizə zorla qəbul etdirməyə çalışdığı bir çox ermənipərəst şərtlərin Azərbaycan tərəfindən qəbul edilməsi çətindir. Son zamanlar ölkəmizlə ABŞ və Aİ arasında getdikcə vüsət alan narazılıqlar da bu həqiqətdən qaynaqlanır. Qərb ölkələri və onların himayə etdikləri Ermənistan başa düşməlidir ki, biz qalib tərəfik və qalib tərəflə o cür davranmaq olmaz, bu, ağır nəticələr doğura bilər...
- Sizcə, Azərbaycana zorla qəbul etdirilməyə çalışılan şərtlər hansılardır?
- Sizin bu sualınıza ən doğru cavabı danışıqlarda iştirak edən şəxslər verə bilər. Danışıqlar isə məxfi aparılır və biz sadəcə zaman-zaman ictimaiyyətə sızdırılan bəzi məhdud informasiyalardan müəyyən nəticələr çıxarmaq imkanına malik oluruq. Mənim həmin məhdud informasiyalardan gəldiyim nəticələr belədir: danışıqlarda erməni tərəfinin Laçın dəhlizi tələbi qəbul olunduğu halda, Azərbaycanın eyni statusun Zəngəzur dəhlizinə də tanınması təklifi gözardı edilmişdi. Düzdür, daha sonra Azərbaycanın bu təklifi bu ilin fevral ayında ABŞ dövlət katibi Blinkenin də iştirakı ilə baş tutan Münxen görüşündə qəbul olundu və Ermənistan Zəngəzur yoluna dəhliz statusu verilməsi ilə razılaşmadığı üçün Azərbaycan da Laçında buraxılış-keçid məntəqəsi qurdu. Dolayısıyla Laçın dəhlizi statusundan imtina edildi, kommunikasiyaların açılmasında “yol-yol” prinsipi əldə rəhbər tutuldu. Ermənilərin Qarabağdan çıxarılmasına qədər varan bu simmetrik yanaşmanın əsas günahkarı isə Paşinyan hakimiyyətinin boyundan uzun iddialara düşməsi, məğlub tərəf olduğu halda, daha çox imtiyazlar tələb etməsi idi. Digər ikili standart erməni qaçqınları ilə azərbaycanlı qaçqınlara eyni mövqedən yanaşılmamasıdır. Məlumdur ki, Ermənistanda yaşayan azərbaycanlılar hələ 32 il bundan əvvəl yurd-yuvalarından çıxarılıblar. Özü də bizim didərginlərin sayı Qarabağdan köçən ermənilərdən qat-qat artıqdır. Bizdən 1 milyondan çox insan didərgin salınıb. Ermənilərin Qarabağdan köçənlərinin sayı isə cəmi 100 min nəfərdir. Üstəlik, bizimkiləri zorla öz yurd-yuvalarından didərgin salıblar, ermənilər isə öz xoşları ilə çıxıb gediblər. Azərbaycan onlara dəfələrlə çağırış etdi ki, təhlükəsizliklərinə təminat verilir, sizə hər cür şərait yaradacağıq, amma ermənilərin içindəki nifrət bizimlə bir yerdə yaşamalarına imkan verməyib. Buna baxmayaraq, hazırda Azərbaycandan erməniləri Qarabağı qaytarmağı tələb edən Qərb dövlətləri nədənsə eyni münasibəti bizim köçkünlərə çox görürlər.
Yaxud digər fərqli münasibətləri danışıqlardan qarantor kimi iştirak etmək istəyən güc mərkəzlərinin tərəfgirliyində görürük. Bilirsiniz ki, Azərbaycan Qranada görüşündən bir səbəb görə imtina etdi: Türkiyənin həmin görüşdə iştirakına imkan verilmirdi. Nəticədə görüşün təşkilində yalnız ermənilərin hamisi kimi çıxış edən tərəflər qalırdı. Belə çıxırdı ki, Azərbaycan bu “matç”a 5 rəqib oyunçuya qarşı 1 nəfər tərkibində çıxmalı idi. Dünyanın indiyədək görünmüş ən ədalətsiz futbol yarışında belə, bu cür tərkiblə oyun oynanılmayıb. Sözsüz ki, Azərbaycan bu görüşdən imtina etməli idi və etdi. Yeri gəlmişkən, erməni deputat Melikonyan da dolayısıyla etiraf edir ki, bu kimi görüşlərdə yer alan xarici qüvvələr ermənilərin himayədarları, əldə olunacaq razılaşmaların sabahkı qarantorları qismində çıxış etməyə hazırlaşan tərəflərdir. Bütün qarantorları ermənipərəst olan danışıqlarda Azərbaycan niyə iştirak etməlidir?
Ermənilər vasitəçisiz müzakirələr təklifinə müsbət cavab versə, nə gözəl, verməsə də yenə özü bilər. Bizim “mama uşaqları” ilə uğraşmağa nə vaxtımız, nə də həvəsimiz var. Hər halda Avropa ilə Mərkəzi Asiya arasında körpü quruculuğunda iştirak etmək istəyən odur və adına “Dünyanın kəsişməsi” dediyi layihəni də özü irəli sürüb. Bizim elə bir problemimiz yoxdur. Uzun illərdən bəri o projedə iştirak edirik, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqliyyat dəhlizində əsas aparıcı dövlət kimi rol oynayırıq. Yeganə problemimiz Naxçıvana çıxış idi, onu da İran vasitəsilə təmin edəcəyik. Qalanını İrəvan düşünsün. “Mama uşağı” olmağın ciddi söhbətlərdə öz bədəli var və ermənilər bu bədəli ödəməyi gözə almalıdırlar.
Yeri gəlmişkən, vasitəsiz dialoq təklifini ABŞ da səsləndirmişdi. ABŞ Rusiyanı danışıqlar prosesindən uzaqlaşdırmaq üçün iki dövlət arasında baş-başa görüş təklifini irəli sürmüş və Vaşinqtonda bir neçə bu cür görüş təşkil etmişdi. İndi isə birdən-birə ermənilərin yanında yer alır və ona valideynlik etmək istəyir. Bu durumda digər valideynlər kimi, oyundankənar vəziyyətə düşmüş olur.
- Bir sözlə, siz 30 noyabrda sərhəddə baş tutacağı planlaşdırılan görüşdən nəsə gözləmirsiniz?
- Açığını desəm, yox. Əvvəla, bu görüşün mövzusu çox qəliz məsələyə həsr olunub. Söhbət sərhədlərin delimitasiyasından gedir. Məsələ burasındadır ki, Zəngəzurun 1920-ci ildən sonra Ermənistana verilməsinin ardından sərhədlərimiz o qədər tez-tez dəyişilib və müxtəlif xəritələr ortaya çıxıb ki, hansı ərazinin kimə məxsus olduğunu müəyyənləşdirmək asan iş deyil və böyük ehtimalla, bunun müzakirəsi uzun illər davam edəcək. Hər dəfə tərəflər ümumi razılığa gələndə, Rusiya yandan çıxıb bir xəritə ortaya atacaq və nəticədə əldə olunan bütün razılaşmaların üstündən xətt çəkiləcək və biz danışıqlara sıfırdan başlayacağıq. İkincisi, bizimlə ermənilər arasında anklavlar məsələsi var və qonşu dövlət bu məsələdə də cığallıq edir. Bütün bunlar sadəcə delimitasiya məsələlərinə aid anlaşılmazlıqlardır. Sülh danışıqlarının davamı üçün ermənilərin bir də xəyalpərəst iddialarından əl çəkməsi, digər qonşularına, xüsusilə də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Ruslar öz şirin vədləri ilə ermənilərin başını elə xarab ediblər ki, onların bu iddialarından əl çəkməsi müşkülə çevrilib. Təsəvvür edin ki, xəyali ərazi iddialarını Müstəqillik aktlarına, konstitusiyalarına belə salıblar. Bu iddialarından vaz keçmələri üçün Ermənistan dövləti yenidən qurulmalıdır.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”