Ermənistan rəhbərliyi hələlik öz yolunu və seçimini düzgün müəyyənləşdirə bilməyib; Paşinyan hakimiyyətinin sülhə zərbə vuran açıqlamaları təhlükəli perspektiv vəd edir
İrəvan hökuməti ötənlərdən dərs çıxartmayaraq destruktiv mövqeyini hələ də davam etdirməkdədir. Erməni rəsmilərin gah sülhdən danışması, gah da sülhə zərbə vuran açıqlamalarla çıxış etməsi bu ölkənin qeyri-ciddi imicini daha da aydın şəkildə ortaya qoyur.
Konkretləşdirək: Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı bəyanatlarına cavab verib. Deyib ki, tərəflər mətn üzərində işi tam başa çatdıra bildikdən sonra yer və vaxt daha çox müzakirə oluna bilər. “Əsas prinsiplər razılaşdırılıb, qalan yalnız onları sülh müqaviləsinin mətnində təkrarlamaqdır. Düşünürəm ki, bizim bu işi ən qısa zamanda başa çatdırmaq şansımız var”, - deyə Paşinyan bildirib.
Amma elə həmin gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında deyib ki, guya erməni cəmiyyətində də Azərbaycanın konstitusiya ilə bağlı narahatlıqları var. “Bu, uzunmüddətli sülhə maneədir. Lakin Ermənistanın konstitusiyanı dəyişməsi Azərbaycanın tələbi ilə baş vermir, bu, Ermənistanın daxili işidir”, - Mirzoyan bildirib. Yada salaq ki, Ermənistan konstitusiyasının preambulasında yer alan müstəqillik bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyqırımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdini qəbuledilməz adlandırıb. Nazir qeyd edib ki, Ermənistanın müstəqillik aktında, konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır: “Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu, xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolverilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq”.
Göründüyü kimi, Ermənistanın baş nazirinin sülh sazişi ilə bağlı dedikləri irəliyə doğru addım sayılsa da, dərhal sonra hökumətin ən mühüm naziri sülhə əngəl olacaq fikir səsləndirir. Həm də yalan olduğunu bilərək. Ceyhun Bayramovun tutarlı cavabını da mənzərəyə əlavə etsək, bir addım irəli, iki addım geri təəssüratı yaranır. Bu isə optimizmə xüsusi əsas vermir. Belə görünür ki, Ermənistan rəhbərliyi hələlik öz yolunu və seçimini düzgün müəyyənləşdirə bilməyib. Ümumiyyətlə, Paşinyan hakimiyyətinin sülhə zərbə vuran açıqlamaları təhlükəli perspektiv vəd edir. Bəs ekspertlərimiz vəziyyəti necə dəyərləndirir?
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sülh danışıqları ağır prosesdir: “Həm də onu ağırlaşdıran Ermənistanın müstəqil qərar qəbul etmək imkanının məhdud olması ilə bağlıdır. Kənar müdaxilələr artmaqdadır. Hətta kənar qüvvələr Ermənistanın özündən xeyli qabağa gedib. Bugünlərdə ABŞ Konqresində Amerika Erməni Milli Komitəsinin (ANCA) təsiri altında olan bir qrup konqresmenin təşəbbüsü ilə "2025-ci Maliyyə İli üçün Milli Müdafiəyə razılıq Aktı"na düşəlişlə bağlı məsələni müzakirəyə çıxaracaq. Səbəb isə “Azərbaycanı "artsax"a qarşı “soyqırımı təcavüzünə və suveren Ermənistan ərazisinin davam edən işğalına görə məsuliyyətə cəlb etmək”dir. Bu və bu qəbildən olan absurd müzakirələr, əlbəttə, sülh prosesinə mane olur. Həm də Ermənistan daxilindəki siyasi şərait, etiraz dalğası da sülh prosesini ləngidir. Biz artıq buna alışmışıq. Bilirik ki, Azərbaycandan fərqli olaraq, Ermənistan sülhə doğru stabil gedə bilmir. Gah geri çəkilir, gah tərəddüd edir, gah da irəliyə doğru addım atır. Hər halda, hazırkı vaxtda Paşinyan optimist görünür və sülh müqaviləsinin bu il bağlanacağına inandığını bildirir. Hətta “ən qısa zaman” ifadəsini işlədir.
Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan tərəfindən problem yoxdur. Ermənistan hakimiyyəti iradə nümayiş etdirsə, sənəd imzalana bilər. İmzalanma yerini də seçmək tərəflərin iradəsinə bağlı məsələdir". Ararat Mirzoyanın son bəyanatına gəlincə, S.Məmmədov bildirdi ki, konstitusiyaya əlavələr və dəyişikliklər etmək və ya yeni konstitusiya qəbul etmək Ermənistanın və erməni xalqının öz işidir, amma burada bizim və Türkiyənin maraqlarına toxunan məsələlər var: “Bu, həm Ermənistanın müstəqillik bəyannaməsi, həm də konstitusiyası ilə bağlıdır. Müstəqillik bəyannaməsindəki “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" qərarı" sözləri və “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınması işini dəstəkləyir” ifadələrində həm ərazi iddiaları, həm də qondarma “soyqırım” iddiası yer alıb. Əgər o ifadələr bu aktdan çıxarılarsa, o zaman heç konstitusiyanın preambulasını da dəyişməyə ehtiyac qalmayacaq. Əsas problem Ermənistanın müstəqillik bəyannaməsindədir. Amma konstitusiyanın 13-cü maddəsinə də dəyişiklik edilməlidir. Bu maddə Ermənistanın dövlət bayrağı və gerbinin təsviri ilə bağlıdır. Bir sözlə, hər iki sənəddə dəyişiklik zəruridir, əlbəttə, bizi və Türkiyəni maraqlandıran hissələrdə. Qalanını özləri bilər. Bizi onların nə dövlət quruluşu, nə idarəetmə sistemi maraqlandırmır". STM təmsilçisinin əminliklə bildirdiyinə görə, Azərbaycan konstitusiyasında Ermənistanın maraqlarına toxunacaq heç bir müddəa yoxdur. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına gəldikdə isə oradakı “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” müddəası Ermənistanı narahat etməməlidir. Azərbaycan delimitasiya və demarkasiya proseslərindən sonra Ermənistanın indiki sərhədləri daxilindəki ərazi bütövlüyünü tanıyacağını bəyan edib. Hazırda yalnız şərti sərhəd mövcud olan hissələrdə delimitasiya işlərinin başa çatması zəruridir. Beləliklə, Mirzoyanın müqayisəsi yersizdir. Hələlik isə vəziyyəti belə dəyərləndirə bilərik: proses ləng də olsa, müsbət istiqamətdə gedir. Əgər Ermənistanda daxili stabillik bərpa olunsa və Ermənistan hakimiyyəti kənar təsirləri dəf edə bilsə, ən azı ilkin sülh müqaviləsi və ya bir sıra məsələlər üzrə çərçivələri müəyyən edəcək sülh sənədi imzalana bilər. Ən yaxşı halda isə tərəflər sülh müqaviləsini imzalayıb bir-birini de-yure, gələcəkdə isə de-fakto tanıya bilər".
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı hesab edir ki, erməni cəmiyyətində Azərbaycan və Türkiyə ilə sülh sazişinin bu il bağlanmasına inananlar və COP29 zamanı bunun yaxşı fürsət olduğunu dəyərləndirənlər var: “Paşinyan və XİN rəhbərinin razılaşdırılmamış məqamlarla bağlı bir-birinə zidd fikirlər səsləndirməsi də daxili auditoriyaya hesablanmış siyasətdir. Ermənistan payıza qədər konstitusiya dəyişikliyinə gedəcəkmi? Hakimiyyətin bunu etməyə gücü çatacaqmı? Çünki bu həll olunmasa, bağlanacaq sülh sazişinin konstitusiya ilə ziddiyyətli durumunda bir mənası olmayacaq. Onun parlamentdə təsdiqlənməsi çətinliyi var. Ermənistanın ana qanununun preamblua hissəsində ölkələrimizə qarşı ərazi iddiaları var və bu şəkildə sülhə nail olmaq mümkün görünmür. Hələ mən Azərbaycanın Qərb rayonlarından Naxçıvana maneəsiz keçidin təmin olunması ilə bağlı Ermənistanın öhdəliyini demirəm”. Q.Çaxmaqlı qeyd etdi ki, Mirzoyanın parlamentdəki çıxışında Azərbaycan konstitusiyası ilə bağlı ifadə etdiyi fikir Azərbaycanın varislik məsələsidir: “Bu, erməniləri ona görə narahat edir ki, Azərbaycan AXC-nın varisi elan olunub və Ermənistanın böyük bir hissəsi Azərbaycan torpaqları sayılır, Ermənistan 1918-ci ildə elan olunanda onun ərazisi 9 min kvadrat kilometr idi. Paşinyanın 29,743 min kvadratkilometrlə Ermənistanı qorumaq canfəşanlığı bu qorxudandır. Sülh sazişinin imzalanması ilə əlaqədar tərəflərin son variant üzərində iş aparması yaxşı haldır, amma bu sülhə maneələr aradan qalxmayıbsa, konstitusiya əngəli ortadadırsa, nəticə əldə etmək çətin görünür”.
İlyas Hüseynov
Politoloq İlyas Hüseynov isə qəzetimizə bildirdi ki, bu ilin noyabr ayına qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və ya onun “yol xəritəsi”nin imzalanması haqqında çox geniş fikirlər tirajlanır: “Amma buna baxmayaraq, hər zaman olduğu kimi, Ermənistanın siyasi elitası bir-birini təkzib edən bəyanatlar verir. Ermənistanın konstitusiyasında və digər hüquqi aktlarında dəyişiklik edilməsi sülhlə bağlı İrəvanın niyyətini ortaya qoya bilər. Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyası arasında paralellər aparması tamamilə yolverilməzdir. Çünki Ermənistan konstitusiyasında açıq şəkildə Azərbaycan və qardaş Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür. Qazağın 4 kəndinə ölkəmiz tərəfindən nəzarət edilməsi və sərhədlərin delimitasiyası sülhlə bağlı ehtimalları gücləndirsə də, belə görünür ki, Ermənistanın daxilində baş verən proseslər, Baqrat Qalstanyanın yürüşləri Ermənistanın siyasi rəhbərliyinə sülh və sabitlik yönündə daha cəsarətli addımlar atmağa imkan vermir”. İ.Hüseynovun fikrincə, buna baxmayaraq, sülh və əmin-amanlıq yolunda prosesin uzadılması Ermənistan üçün daha çətin problemləri yarada bilər: “Buna görə də rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməlidir ki, noyabrda sülhlə bağlı gözləntiləri reallaşdırmaq mümkün olsun”.
E.PAŞASOY,
“Yeni Müsavat”