“Onlar cinayətkarlardır və Azərbaycan qanunları qarşısında cavab verəcəklər”
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “Yeni Müsavat”ın suallarını cavablandırıb.
Vitse-spikerdən yeni təyinatdan tutmuş, Azərbaycana təzyiqlər, sülh mövzusu, Zəngəzur dəhlizi gözləntilərinədək bir sıra məsələlərlə bağlı ünvanladığımız suallara maraqlı cavablar aldıq. Müsahibəni diqqətinizə təqdim edirik:
- Ziyafət bəy, V çağırış Milli Məclis sədrinin birinci müavini olaraq çalışdınız. Növbəti çağırışda isə komitə sədri kimi fəaliyyət göstərdiniz və bu tərkibdə yenidən vitse-spiker postundasınız. Maraqlıdır, yuxarıda, sədarətdə özünüzü necə hiss edirsiniz?
- Vallah, elə aşağıda özümü necə hiss edirdimsə, yuxarıda da eləyəm. Yuxarıda necə hiss edirəmsə, aşağıda da elə idim. Mən ümumiyyətlə, parlamenti aşağı-yuxarı bölmək istəmirəm, yəni bu, şərti bir məsələdir. Yuxarıda da otura bilərsən, aşağıda da. Əsas odur ki, dövlətə, xalqa xidmət edəsən.
- Bəzi həmkarlarınızla bağlı da yerdəyişmələr oldu. Onlarla münasibət necədir?
- Hər şey qaydasındadır. Əsas xidmətdir, tam səmimi deyirəm sizə.
- Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin yeni sədri Arzu Nağıyevin seçiminə münasibətiniz də maraqlıdır.
- Arzu müəllim elə əvvəldən bizim komitədə idi. Arzu müəllim çox qabiliyyətli, savadlı oğlandır. Özünün də fəaliyyətini görürsünüz. Çox fəaldır, elə həmişə də fəal olub. Ona görə də yerində olan insandır. Əlbəttə, namizədlik məsələsində əsas partiyanın rəyidir. Kadr yerində olanda rahatlıq olur. Arzu müəllim yerində olan adamdır.
- Ziyafət bəy, Milli Məclisin son iclasında sual verəcəyim mövzu ilə bağlı bəzi mühüm məqamlara toxundunuz. Amma bir suala cavabınız maraqlı olardı: Azərbaycan Prezidentinə - sonra da Ermənistanın baş nazirinə - məktub yazan ABŞ rəhbəriyi sülhün imzalanmasına niyə bu qədər tələsir? Axı 30 illik işğal dövründə biz bu tələskənliyi görmədik, indi nə baş verir ki, alayarımçıq sülh sənədini imzalamağa çağırırlar?
- Mən subyektiv fikrimi deyəcəyəm. Bilirsiniz ki, artıq noyabrın 5-də ABŞ-da seçkilər olacaq və cənab Baydenin namizədliyi yoxdur. Görürsünüz, ABŞ-ın nə Qarabağ məsələsində, Ermənistan-Azərbaycan münaqişəsinin həllində, nə Yaxın Şərqdə, nə Orta Şərqdə bir uğurlu fəaliyyəti olmadı. Ona görə də bunlar tələm-tələsik, yarımçıq da olsa, Baydenin adına “uğur” yazmaq istəyirlər ki, hə, gethagetdə bu, nəyi isə həll elədi. Amma yenə deyirəm, yarımçıq müqavilə ilə heç nə həll olunmur. Bu, bizim köklü maraqlarımıza cavab vermir. Kimin üçünsə bu, uğur ola bilər. Ki, “mən bunu elədim”. Amma o bizimçün yarımçıqdır. O, Amerika, Fransa üçün bəlkə də uğurdur, bizim üçün uğur deyil. Ermənistanın konstitusiyasında birbaşa göstəriş var. Birbaşa göstəriş də haradan gəlir, onu deyim sizə. Bunlar 1989-cu ildə müstəqillik haqqında bəyanat qəbul ediblər və orada birbaşa Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında ifadə var. O sənəd məndə də var. Həmin bəyanatı da götürüblər 1995-ci ildə qəbul etdikləri konstitusiyanın giriş hissəsinə salıblar. İndi sual olunur: sabah biz müqaviləni imzaladıq. Siz deyirsiniz ki, orada Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Halbuki birbaşa var. Paşinyan özü də 2024-cü ilin 1 fevralında "AzadlıqRadiosu"na verdiyi müsahibədə göstərib ki, bizim 1989-cu ildə qəbul etdiyimiz müstəqillik haqqında bəyanat Azərbaycanla sülh bağlanmasına əngəldir. Niyə əngəldir? Çünki orada Azərbaycana qarşı ərazi iddiası var. Bizim dediyimiz bundan ibarətdir. Söhbət ondan gedir ki, biz müqaviləni Paşinyanla bağlamırıq, Ermənistanla, Ermənistan xalqı ilə bağlayırıq. Niyə? Bunun səbəbini də deyim. 1995-ci il konstitusiyası onlarda referendum yolu ilə qəbul olunub, xalqın iradəsi ilə və o maddə də xalqın iradəsi ilə konstitusiyadan çıxarılmalıdır. Amma sən bunu götürüb deyək ki, parlamentdə çıxartdın, yaxud Konstitusiya Məhkəməsi rəy verib guya ki, hə, o, Azərbaycana qarşı ərazi iddiası kimi şərh olunmamalıdır, bunlar hamısı boş söhbətdir. 1996-cı ildə Lissabon sammitində Ter-Petrosyan nə dedi? Bildirdi ki, mən bu sənədi imzalaya bilmərəm, ona görə ki, Ermənistan Konstitusiyasına görə, Qarabağ Ermənistan ərazisidir. Beləcə, bir-birinə zidd ifadələr var.
“Zəngəzur dəhlizi hər bir halda açılacaq” |
- Necə bilirsiniz, belə bir durumda, reallığı bildiyi halda Paşinyan niyə israrla yarımçıq sülhü imzalamağa çalışır? Özünü xilas layihəsidir, yoxsa başqa niyyət var?
- Mən hesab edirəm ki, burada Paşinyandan çox onu tələsdirən qüvvələrin maraqları var. Tapşırığı icra edir. Bu gün Ermənistanın müstəqil xarici siyasəti yoxdur. Paşinyan xarici qüvvələrin əli ilə gətirilib, oturub orada. Ona nə diqtə edirlərsə, onu icra edir, vəssalam. Sadəcə icraçıdır.
- Bu gedişlə 2024-cü ildə sülhün imzalanmasını...
- Mən gözləmirəm. Paşinyan istəsə belə, 24-cü ildə imzalana bilməz. Çünki referendum təyin etməlidir, bu da azı 2-3 ay çəkməlidir.
- Nikol Paşinyan istəyir ki, referendumu 2027-ci ilə saxlasın.
- Bəli, bu barədə bəyanat verilmişdi. Yəni istəsə belə, alınmayacaq.
- Onda Ermənistan, yaxud havadarları yeni müharibəmi istəyir?
- Mən deməzdim müharibə istəyirlər. Sadəcə, Ermənistanı silahlandırmaqda iki məqsəd var: daxili revanşist və şovinist qüvvələr hesab edirlər ki, bəli, biz güclənəcəyik, Azərbaycan nə vaxtsa zəif ola bilər, biz bunun əvəzini çıxa bilərik. Bu, məsələnin birinci tərəfi. Xaricdən Ermənistanı silahlandıran qüvvələr isə Azərbaycana təzyiq edirlər ki, “sən bu müqaviləni imzalamasan, biz Ermənistanı silahlandıracağıq”. Nə üçün bunu edirlər, səbəbini bilmirəm.
- Ola bilərmi ki, beynəlxalq silah mafiyasının Azərbaycan onlardan da silah alsın deyə iştahı rol oynayır?
- Mən istisna eləmirəm. Baxmayaraq ki, Azərbaycanın kifayət qədər silahı var, Azərbaycan Silahlı Qüvvələri Ermənistandan dəfələrlə güclüdür, bunu bilirsiniz. Burada, sadəcə olaraq, müəyyən qüvvələrin - ilk növbədə ABŞ-la Fransadan söhbət gedir - Qafqazda öz maraqları var. Bunlar Qafqazda həmişə dominantlıq rolunu oynamaq istəyirlər. Görürsünüzmü, indi Gürcüstandakı seçki ərəfəsində yenə aranı qatıblar. Baxmayaraq ki, Gürcüstan bunların ən sevimli müttəfiqi idi, onu Avropa Birliyinə namizəd kimi qəbul etmişdilər. Nə oldu? Gürcüstan öz suverenliyini, müstəqilliyini möhkəmlətmək istəyən kimi, dedilər “saxla, nə danışırsan sən?!” Yəni bunlar üçün özlərindən başqa, digərlərinin müstəqilliyi və suverenliyi qəbuledlməzdir. Onlar hesab edirlər ki, dünyanın ağası bizik, nə deyiriksə, bu, olmalıdır. Belə olmalı deyil axı. Biz beynəlxalq hüququn bərabərhüquqlu subyektiyik, suverenliyə, yaxud müstəqilliyə belə hörmətsizlik olmaz! Söhbət bundan gedir.
- Rusiya prezidentinin COP29-da iştirak etməyəcəyi barədə məlumatlarla bağlı nə deyə bilərsiniz?
- Mən mətbuatdan oxumuşam. Bəziləri deyir gəlməyəcək, bəziləri də gələcəyini deyir. Amma prezidentin mətbuat katibi Peskov bildirib ki, biz bu yaxınlarda dəqiq məlumat verəcəyik. Hər halda, konkret məlumat əldə edəndən sonra münasibət bildirmək olar.
- Ziyafət bəy, bugünlərdə Qərbi Azərbaycan İcmasının müraciətinə əsasən, Milli Məclisin sədri Sahibə Qafarova Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması ilə bağlı sərəncam imzaladı. Azərbaycan dövlətinin Qərbi Azərbaycan məsələsinə ciddi önəm verdiyini təsdiqləyən daha bir addımdır. Sizcə, bu proses haraya qədər davam edə bilər?
- Çox düzgün addımdır. Proses biz istəyən məqsədə qədər gedəcək. 60-a yaxın konqresmen ki Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı müraciət etmişdi. Eyni zamanda Niderland parlamenti qərar qəbul etmişdi. Mən sözsüz ki, bunu istisna etmirəm ki, bunların hamısı Ağ Evdən gələn sifarişlər idi. Onların tələblərindən biri bu idi ki, ermənilər Qarabağa qayıtsınlar. Guya onlar qovulublar, etnik təmizləməyə məruz qalıblar. Əvvəla, onlar Qarabağdan qovulmayıblar, könüllü gediblər. Amma onlardan fərqli olaraq, bizim 300 mindən çox soydaşımız Ermənistandan qovulub. Əgər onlar gəlirsə, zəhmət çəkin bizim qovulmuş soydaşlarımızın da yerlərinə qayıtmasına imkan verin! Hesab edirəm ki, bu Təşəbbüs Qrupunun yaradılması çox yerinə düşdü və tam vaxtında atılmış bir addımdır. Yaxşı, ermənilər gedəndə bəyanat verdilər ki, “bizi heç kəs sıxışdırmayıb, qovmayıb, öz xoşumuzla gedirik”, erməni sakinlər bunu etiraf etdilər. Amma bizim insanları hansı vəziyyətdə Ermənistandan qovdular, genosidə məruz qoydular, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər törətdilər. Payızda, qışda, hansı vəziyyətdə. Bizim xeyli insanımız dondu. Bu gün 4 minə qədər vətəndaşımızın taleyi məlum deyil. Amma bunlar deyirlər ki, guya Vardanyan, Arutyunyan, digərləri hərbi əsirdirlər. Bunlar Azərbaycana qarşı cinayətlər törədiblər. Təsəvvür edin, onlar cinayətkarları hərbi əsir kimi təqdim etmək istəyirlər. Ədalətsizlik bax, budur! Halbuki onlar cinayətkarlardır və Azərbaycan qanunları qarşısında cavab verəcəklər.
- Bu gedişlə Zəngəzur dəhlizinin açılmasını nə vaxta gözləmək olar?
- Mən hesab edirəm ki, Zəngəzur dəhlizi hər bir halda açılacaq. Düzdür, burada müəyyən qədər vaxt məsələsi də var. Çünki çox qəribə də olsa, digər məsələlərdə bizim mövqelərimiz üst-üstə düşməsə də, Zəngəzur dəhlizi ilə bağlı məsələdə bunlar Azərbaycanın mövqeyi ilə barışırlar. Zəngəzur dəhlizi açılacaq və açılmalıdır! Yubanmanın məqsədlərinə gəldikdə, Rusiya-Ermənistan arasında hələ də problemlər var. Həmçinin Rusiya ilə Qərb arasında problemlər mövcuddur, Ukrayna müharibəsinə görə. Digər məsələlər var, amma gec-tez açılacaq.
- Bəs sizcə, sülh müqaviləsi harada imzalanacaq?
- Harada imzalanmanın əhəmiyyəti yoxdur. Biz sülh müqaviləsini elə sərhəddə də imzalaya bilərik. Ən idealı odur. Təki başlarını bizim işlərimizə soxmasınlar. Əsas odur razılıq əmələ gəlsin, əsas odur konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxartsınlar, imkan versinlər ki, Cənubi Qafqaz azad nəfəs alsın və öz problemlərimizi özümüz Ermənistanla həll edək. İmzalanmaq yeri problem deyil, əsas odur bütün müddəalar razılaşdırılsın.
Elşad PAŞASOY,
FOTO: “Yeni Müsavat”