Sülh müqaviləsi ilə bağlı “top” Paşinyanda

Ermənistanın hökumət başçısı növbəti dəfə “val”ı dəyişdi, sülh nağıllarına başladı; STM-in icraçı direktoru: “Bizim tələb odur ki...”

İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, digər sahələrdə - kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi - hələ də cavabsız qalıb. “Yeni Müsavat” bildirir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib. “Ermənistanın konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik. Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla, normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında deyib. E.Məmmədov vurğulayıb ki, digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir: “Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir”.

Beləliklə, nazir müavininin rəsmi Bakının gözləntiləri ilə bağlı dediklərindən belə qənaətə gəlmək olar ki, Azərbaycanın əsas tələbi gündəmdə qalır.

Ermənistanın baş naziri Nikol Paşinyan isə jurnalistlərə açıqlamasında deyib ki, sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb. Hökumət başçısı bildirib ki, İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb. “Bu, artıq sülh müqaviləsinə 12-ci düzəlişdir. Sənəd Azərbaycanın bizim əvvəlki təkliflərimizə münasibətini əks etdirir. Hazırda cavab təşəbbüslərini formalaşdırmaq üçün onun təhlilini aparırıq” - Paşinyan qeyd edib. Onun sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib və Bakı hələ ki İrəvanın kommunikasiyaların açılması təklifinə rəsmi cavab verməyib. “Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Söhbət iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasından, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisindən keçməklə Naxçıvana yüklərin tranzitindən gedir. Öz növbəsində, Ermənistan Yerasx-Mehri (Arazdəyən-Mehri-red.) marşrutu üzrə dəmir yolu əlaqəsi imkanı əldə edəcək”, - Paşinyan əlavə edib.

Göründüyü kimi, Ermənistan rəhbərliyi vaxtaşırı “val”ı dəyişməkdədir. Mövcud proseslər perspektiv üçün hansı qənaəti yaradır? Ekspertlərin mövzumuzla bağlı maraqlı fikirləri var.

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas  Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın sülh danışıqları və sülh müqaviləsinin mətni ilə bağlı mövqeləri tam aydındır və bu mövqe dəfələrlə açıqlanıb: “Azərbaycanın təklifləri və ya şərtləri Ermənistanın suveren hüquqlarına xələl gətirmir, əksinə, onu möhkəmləndirir. Belə ki, sülh müqaviləsi bağladığı halda tərəflər beynəlxalq hüququn əsas prinsiplərini, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasını, sərhədlərin toxunulmazlığını, hücum etməməklə bağlı qarşılıqlı öhdəlikləri və s. qəbul etmiş olurlar”.

S.Məmmədov hesab edir ki, sülh müqaviləsinin hər iki tərəfin konstitusiyasına uyğun olması da çox vacibdir: “Çünki müqavilədə konstitusiyaya zidd olan hər hansı müddəa, həmin müqavilənin tərəflərin biri tərəfindən etibarsız olunmasına və ləğvinə gətirə bilər. Təklif olunan layihələrdə Azərbaycan Konstitusiyasına zidd olan heç bir müddəa yoxdur. Ermənistan barədə isə bunu demək mümkün deyil. Ermənistanın müstəqillik aktında və konstitusiyasının preambulasında Azərbaycanın konkret ərazilərinə iddialar yer alıb. Bu baxımdan bizim tələb odur ki, konstitusiyaya dəyişiklik olmalıdır. Əks halda, sülh müqaviləsi Ermənistan üçün legitim sənəd olmayacaq və istədikləri vaxt Konstitusiya Məhkəməsi onun bəzi müddəalarının konstitusiya ilə uyğun olmamasını əsas götürüb ləğv edəcək”.

Hüquqşünasın sözlərinə görə, bu səbəbdən də Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti Paşinyanla deyil, Ermənistanla müqavilə bağlamalıdır: “Paşinyan hakimiyyətdən getdikdən sonra hakimiyyətə gələn istənilən qüvvə bu halda sülh müqaviləsini şübhə altına alacaq. Ona görə konstitusiyaya dəyişiklik Azərbaycan tərəfi üçün prinsipial məsələdir. Son deportasiya zamanı Ermənistandan zorakı yolla qovulmuş insanların öz tarixi vətənlərinə dinc yolla qayıtmaq haqqı da Azərbaycan dövlətinin diqqət mərkəzində olan məsələdir. Burada həlli vacib olan çox məsələlər var. Ermənistan bununla bağlı aydın hüquqi mexanizmlər yaratmalıdır. Görünən budur ki, Ermənistan verdiyi bəyanatlara rəğmən, bu şərtlərin heç birinə hazır deyil”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə öz növbəsində qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 17 bəndinin 15-i razılaşdırılıb: “Ermənistan rəhbərliyinin bir neçə şərti sülhün gecikdirilməsinə gətirib çıxarır. Birinci, Ermənistan tərəfinin qarşılıqlı silahlara nəzarət mexanizmini təklif etməsi qəbuledilməzdir. İkincisi, Avropa İttifaqının yarımhərbi mülki missiyasının sərhəddən mandatını iki il uzatması. Üçüncü, Zəngəzur dəhlizinin statusunun İrandan keçəcək yol statusunda olmasını. Halbuki Azərbaycan Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasını tələb edir. Azərbaycanın təklifləri məqbuldur və beynəlxalq hüquqa söykənir”. M.Əsədullazadə qeyd etdi ki, Azərbaycan qalib olduğu halda, məğlub ölkə Ermənistanla güc dili ilə danışmır: “Hazırda beynəlxalq müstəvidə güc hüquqdan öndə gedir. Nikol Paşinyan isə sülhü gecikdirir. Guya məqsəd konstitusiya dəyişikliyinə gedib, seçkilərdən sonra sülh müqaviləsini imzalamaqdır. Amma Ermənistan silahlanır. İndiki halda düşünmürəm ki, Ermənistan hərbi təxribatlara cəsarət etsin. Çünki regional şərtlər bu ölkənin istəklərinin əleyhinədir. ABŞ və Avropa İttifaqı Rusiya və Ukrayna məsələsi ilə məşğul olur. Ermənistan Qərb üçün prioritet deyil. Ona görə də Azərbaycanın cavab addımları Paşinyanın mövqeyini zəiflədər. Bundan sonra isə xalq seçkidə ona etimad etməz. Fransa və bir neçə ölkə silahlar verməklə sülhün imzalanmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər. Nikol Paşinyanın ölkəsini xilas etmək üçün yol var. O, müstəqil siyasət ortaya qoyub, avantüraya getməyə bilər. Çünki Qarabağ məsələsi onlar üçün avantüra idi. Sonu Ermənistan üçün qanlı və biabırçı oldu. Əgər yenidən baş qaldırsalar, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə aça bilər. Bundan əlavə, Ermənistan konstitusiya dəyişikliyinə gedir. Çünki Nikol Paşinyan bu konstitusiyanın müasir çağırışlara cavab vermədiyini, ölkəsini inkişafdan saxladığını etiraf edib”. Ümumi götürəndə ekspert hesab edir ki, bu il Ermənistanla sülh müqaviləsi bağlanması gözlənilmir: “Danışıqlar davam edəcək. Nəticədə Ermənistan Zəngəzur dəhlizinin maneəsiz gediş-gəlişinə razı olacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

28.02.2025 08:13
1109