Sülh “istəyən” Ermənistan hücum silahları alır - Bakıya qarşı ballistik raketlər

Kapitulyant ölkə Azərbaycanla sülh müqaviləsini uzatmağa paralel, altdan-altdan silahlanmaqda və ordusunu təzədən qurmaqdadır. Erməni rəsmilər hər nə qədər bunu sırf müdafiə zərurəti ilə izah etsələr də, alınan silahlar və hərbi sistemlərin xarakteri bunun tam əksini isbatlamaqdadır. 

Artıq məlumdur ki, Hindistan Ermənistanın silahlanmasında faktiki “sıçrayış” edib. Nyu-Dehli indi də İrəvana bir sıra raket atıcı sistemlər, zenit-raket kompleksləri, artilleriya qurğuları, tank əleyhinə raketlər və pilotsuz uçan aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi sistemləri satmağa hazırdır. Musavat.com Haqqin.az-a istinadən xəbər verir ki, hazırda Hindistanın və Ermənistan Müdafiə Nazirliyinə bağlı strukturları arasında “Pralay” ballistik raketlərinin satışı ilə bağlı danışıqlar aparılır. 

Hindistan Müdafiə Tədqiqat Bölməsi bildirir ki, ölkə ordusunun taktiki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş “Pralay” raketinin uçuş məsafəsi 150-500 kilometr arasında dəyişir. Daha əvvəl Economic Times-ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, 600 milyon dollar dəyərində sövdələşmə çərçivəsində hindlilər yaxın vaxtlarda “Akaş” zenit-raket komplekslərini Ermənistana tədarük etməyə hazırlaşırlar. Hindistan həmçinin Ermənistana hazırda Ukrayna ordusunun sərəncamında olan Amerikanın HIMARS raket sistemləri ilə müqayisə edilə biləcək “Pinaka” raket sistemlərini tədarük etməyə başlayıb.

Göründüyü kimi, Nyu Deylinin Ermənistana satdığı və ya satmağa hazırlaşdığı silahların çeşidi kifayət qədər genişdir. Bununla belə, heç də bütün silah növləri müdafiə xarakteri daşımır. İrəvanın hindli tərəfdaşlardan almaq niyyətində olduğu səsdən sürətli taktiki və ballistik raketlər də o sıradadır. Ermənistana satılacaq raketlərin növləri açıqlanmasa da, vəziyyətlə tanış olan mənbələr bildirib ki, söhbət “BraMos” hipersəsli yüksəksürətli qanadlı raketlər və “Pralay” qısa mənzilli ballistik raketlərindən gedir. 

O da qeyd edilir ki, Hindistan Ordusunun taktiki ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan “Pralay” raketinin uçuş məsafəsi 150-500 kilometr olsa da, Hindistan ölkənin raket texnologiyalarının ixracına qoyduğu məhdudiyyətləri pozmamaq üçün Ermənistana 300 kilometrə qədər mənzilli “BraMos” və “Pralay” raketlərini təklif etməyə hazırdır.

“Pralay” ballistik raketləri ilə bağlı aparılan danışıqlara dair məlumatlar göstərir ki, modifikasiyadan asılı olaraq bu raketin döyüş başlığının çəkisi 350-700 kiloqram arasında dəyişir. Raketdə kaset başlıqlarından da istifadə etmək mümkündür.

Beləcə, Hindistan əsas məqsədini - Türkiyə, Azərbaycan və Pakistan müttəfiqliyinə alternativ olaraq regionda Ermənistan-Hindistan-İran ittifaqı yaratmaq istəyini gizlətmir və İrəvanı təkcə müdafiə deyil, həm də hücum silahları ilə silahlandırır (Hindistan silahları Ermənistana İran ərazisi ilə ötürülür). 

Bu nə silahlardır və Azərbaycana nə dərəcədə təhlükə yarada bilər? Onları vuracaq sistemlərimiz varmı?

Hərbi ekspert hərbçilərin maaşlarına edilən artım və əlavələr haqqında  danışır - 05.03.2021, Sputnik Azərbaycan

Emin Həsənli: “Yenə də başqa xəyallara düşsələr...”

“Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli hesab edir ki, Ermənistana ümumiyyətlə, ordu lazım deyil: “Ermənistan heç zaman müstəqil olmayıb. Hər zaman Rusiyanın nəzarəti altında olub. Son 30 ildə verdikləri heç bir sözə də əməl etməyiblər. Bunlar sağalmaz bir xəstəliyə tutulublar. Düşünürdük ki, 44 günlük Vətən müharibəmizdən sonra reallıqları başa düşəcəklər. Amma bir-birinə zidd fikirlər irəli sürürlər. Hələ də xəstə ideyalarının, xəyallarınınn ardınca gedirlər. Onların silahlanmaları bunun bariz sübutudur. Ümumiyyətlə, Ermənistana ordu nəyə lazımdır? Onlara daxili qoşunlar və bir də sərhəd qüvvələri lazımdır ki, sərhədlərini qorusunlar. Sərhədləri həm Türkiyə, həm İran, həm də Rusiya ilədir. Ermənistan kiminlə müharibə edəcək? Türkiyə ordusu NATO-nun ikinci ən böyük ordusudur. Quru qoşunlarına məxsus ordudur. Eləcə də, digər qonşu ölkələrinin heç biri ilə müharibə etmək iqtidarında deyil. Onun üçün deyirəm ki, ordu onlara lazım deyil. Hələ də pullarını ödəyə bilmədikləri aldıqları silahlar Bakıda Qənimətlər Parkındadır. İndi də Hindistan sayəsində silahlanmağa başlayıblar. Müdafiə və hücum silahları alırlar. Əslində onların niyyətləri hər zaman başqa olub. Ermənistana heç bir zaman güvənmək olmaz. Hər zaman Dəmir Yumruq yerindədir. Hazırda ordu quruculuğumuz davam edir. Türkiyə modelinə keçid sürətlə gedir. Ordumuz daha da güclənir. Sülhə töhfə verməyimiz üçün çox güclü ordumuz var. Bunu ən yaxşı Ermənistan bilir. Əgər yenə də başqa xəyallara düşsələr, yenə də layiqli cəzalarını alacaqlar”.  

Jurnalist Səxavət Məmməd həbs edildi

Səxavət Məmməd: “Ermənistan müdafiə adı altında əslində silahlanmaya gedir”

Hərbi ekspert Səxavət Məmməd dünyanı gözləyən böyük müharibə təhlükəsindən söz açdı: “Pralay" 350-500 km qısa mənzilli, 500-1000 kq yükgötürmə qabiliyyətinə malik “yer-yer” raketidir. Hindistan adı gedən raketi sınaqdan çıxarıb. Sınaq zamanı raket hədəfi dəqiq vurub. Ümumiyyətlə, “Pralay” ballistik raketi Dəmir Qübbənin əhatə dairəsindən xeyli kənarda olan hədəfi vura bilən silahdır. “Dəmir qübbə” “Pralay” ballistik raketinə qarşı müdafiə təmin edə bilməz, çünki bu raket çox yüksək hündürlükdə və çox sürətli uçur. “Dəmir qübbə” daha aşağı hündürlükdə və sürətlə uçan qısa mənzilli raketləri dayandırmaq üçün nəzərdə tutulub. Son zamanlar Ermənistan ordusunun aldığı silahların xarakteristikasına baxdıqda görürük ki, Azərbaycanın arsenalındakı silahlara qarşıdır. Ermənistan “ZEN” antidron sistemlərini də məhz bunun üçün sifariş verib. Düzdür, bu sistem qısa məsafə üçün effektiv sayılır. Ancaq sahədə ciddi işlər görə bilər. Ermənistan müdafiə adı altında əslində silahlanmaya gedir. Qeyd etmək lazımdır ki, Ermənistan ordusu, hərbi və siyasi rəhbərliyi 44 günlük müharibədən dərs çıxara bilib. Onların aldığı, maraqlandığı silahlara baxdıqda görürük ki, kor-koranə yox, boşluqları doldurmaq üçün addım atırlar. İstər Azərbaycan, istərsə də Ermənistan sülh danışıqları aparsalar da, silahlanmadan da geri qalmırlar. Ola bilsin ki, bu silahlanma heç bir-birilərinə qarşı deyil. Çünki, dünyada böyük müharibənin olması ehtimalı çox yüksək göstərilir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

23.12.2023 08:46
1923