Suların dili

“Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi”

(ata sözü)

Məntiqə görə qışın ehtiyatını yayda görmək lazımdır. Örnək üçün, istilik sistemləri hava soyumamış təmir edilsə yaxşıdır. Ancaq bizdə tərsinədir. İçməli su borularını yayda qazırıq, qazın durbasına isə qışda baxırıq. Qarışqaların bizə gülməkdən yerin altında bəlkə qarınları cırılır.

Ən tragikomik cəhətlərdən biri isə budur ki, böyük şəhərlərdə su çəni qoymağı yığışdırırlar, sonra isə əhaliyə müraciət edirlər: “Bir-iki gün su olmayacaq, xahiş edirik ehtiyat görəsiniz”. Yenə qabaqlar hərənin hamamda bir yekə çuqun vannası olardı, indi suyu hara yığaq? Mənim bir qahımım evdə çarpayının altına qədər çən yerləşdirib. Akvariumda yaşayır sanki. Müsbət cəhəti də var: yayda sərinlik olur.

Söz sözü çəkər, keçən həftə yolnan gedirəm, gördüm bir su borusu partlayıb, göz yaşı kimi su yola axır, oradan da kanalizasiyaya. Vətəndaş qəlbim dözmədi, həm də biz axı iqlim konfransına hazırlaşırıq, götürdüm idarənin 955 müştəri xidməti nömrəsini yığdım. Lakin görünür, idarənin qaynar xidməti həmin anlarda qaynar nöqtələrdə çimmək üçün vedrədə su qaynadırdı. Müxtəsər, xeyli müddət məşğul göstərdi. Məcbur olub su ödənişi qəbzindəki sayğaca xidmət göstərən yoldaşın mobil nömrəsinə zəng vurdu, hal-qəziyyəni nəql elədim. Dedim yola axan su məni planetimizin gələcəyi sarıdan narahat edir, “gözümdən qanlı axır su”, yoxsa cəhənnəmə ki, axır axsın. Dedi, əzizim, sən bəyəm təbiətdə suyun dövranı haqda oxumamısan? Heç kefini pozma, o su yenə əvvəlki yerinə, yəni boruya qayıdacaqdır! (Əhvalat uzundur, bir gün ardını yazaram).

Hörmətli oxucular əgər fikir verdilərsə mən yuxarıda bir yerdə bu “boru” sözünün əvəzinə “durba” yazmışdım. Bizdə təsadüfi heç zad ola bilməz, Çexov demişkən.

Boru yerinə durba yazmaq dili zibilləmir. Sizə bir cümlə verim, oxuyun, görün nəsə anlaşılırmı: “Məhkəmə kollegiyası hesab edib ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir”.

Mənbə nədir? Ali Məhkəmənin qərarı. Bütün cümlələr bu şəkildə idi. Mən oradan bir cümlə qandımsa, Allah mənə qənim olsun. Bizim dövlət qərarlarını “ana dilimizdə” oxuyanda anadan əmdiyimiz süd burnumuzdan gəlir.

Əgər bir dövlətin ali hüquq orqanının dilini oranın camaatı anlamırsa, bu hüquqlar kimdən ötrüdür? Laqqırtı üçün (ritorik) sualdır, cavab istəmirəm. Əsl “durba” bax budur.

Türk qardaşlarımız demişkən, sayın Putin təzəlikcə ölkəmizə gəldi-getdi, rahat nəfəs aldıq. Nə qədər nəzir vermişdik, şükür, salamatlıq oldu. Rusiya prezidenti ölkəmizdə rus dilinə böyük hörməti xüsusi qeyd etdi, həmişəki “300 rus məktəbi”ndən danışdı. Ancaq xəbəri yoxdur, qalan məktəblərimiz də hamısı rus dilinə keçmək üzrədir. Paçti çto. Day boq. Çuşka-muşka dillər nəyimizə lazımdır?

Bu istiqamətdə sevindirici inkişaf elə yuxarıda adını çəkiyim müştəri xidmətlərinin işində özünü göstərir. Azərbaycanda dövlət dili Azərbaycan dilidir, lakin rus dili də bütün müştəri xidmətlərində var. “Azərbaycan dili üçün 1 düyməsini, rus dili üçün 2 düyməsini seçin” - hamıya tanış cümlədir. Sanki su idarəsinə Əhmədlidən yox, Kursk vilayətindən zəng edirlər. İnşallah, “ingilis dili üçün 3 düyməsini, fars dili üçün 4 düyməsini, klinqon dili üçün 5 düyməsini seçin” də olar.

Mən sadəcə bir narazılığımı bildirmək istəyirəm: niyə biz rus dili üçün 2 düyməsini seçirik? Bu, mənfi haldır. Yaxşı olar rus dili üçün 1 düyməsi seçilsin.

21.08.2024 11:11
992