Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.
Sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb.
Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yol kənarında saxlamağa nail olub. Hadisə zamanı xəsarət alan olmasa da, vəziyyət vətəndaşları ciddi narahat edib.
Videoya şərh verən izləyicilər bu və digər təhlükəli halların bölgə avtobuslarında tez-tez qeydə alındığını bildiriblər. Onlar bunu avtobuslardan bəzilərinin istismar müddətinin başa çatması ilə əlaqələndiriblər.
Musavat.com xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib. Qurumun mətbuat xidmətindən bildirildi ki, görüntülər müntəzəm sərnişin daşıma marşrutuna aid deyil: "Mövzu ilə bağlı araşdırma apardıq. Avtovağzaldan fəaliyyət göstərən avtobuslar reysqabağı texniki müayinəyə cəlb olunur. Görüntüdəki avtobuslar bizə aid deyil. Ona görə ki, bu avtobus hər hansı vağzaldan çıxış etməyib. Həmin nəqliyyat vasitəsi və sürücü avtovağzaldan kənar faəliyyət göstərir. Bizdə nəzarət vağzaldan-vağzala olur. Belə hallar çox olur. Sürücülər kənardan sifariş götürürlər. Bununla bağlı dəfələrlə müraciət edirik ki, vətəndaşlar vağzala gəlib, biletini alıb buradan yola düşsünlər. Ona görə də bu kimi hallar baş verdikdə bizim səlahiyyətimizdə olmadığı üçün ölçü götürə bilmirik. Vağzaldan yola düşdükdə isə avtobuslara təkrar baxış keçirilir, daha sonra platformaya çıxarılır. Sürücülər də həmçinin tibbi müayinədən keçirlər. Görüntülər iddia da ola bilər. Ancaq bu videodakı müntəzəm sərnişindaşıma marşrutuna aid deyil".