Süheyl Hüseyni öldürülüb - İsrail ELAN ETDİ

İsrailin Müdafiə Ordusu Beyruta aviazərbələr nəticəsində "Hizbullah" qruplaşmasına İrandan silah təchizatına məsul Süheyl Hüseyninin öldürüldüyünü bildirir.

"The Times of Israel" orduya istinadla yazır ki, Hüseyni həm silah daşınması, həm də onun "Hizbullah"ın bölmələri arasında bölüşdürülməsinə nəzarət edirdi. O, həmçinin "Hizbullah"ın vacib layihələrinin büdcəsinin tərtibi və maddi-texniki təchizatına cavabdeh idi. Buraya İsrailə qarşı əməliyyatları da əhatələyən "ən həssas layihələr" də daxildir.

Hüseyni "Hizbullah"ın ali hərbi orqanı olan Cihad Şurasının da üzvü idi.

"Hizbullah", hələlik, məlumatı təsdiqləməyib.

İsrail Livanın cənubunda quru əməliyyatına başlayandan "Hizbullah" qruplaşmasının 450 üzvü, o cümlədən lideri Həsən Nəsrullah və müxtəlif səviyyəli 30 komandiri öldürülüb.

ABŞ İrana bağlı "Hizbullah" qruplaşmasını terrorçu hesab edir. Aİ isə onun yalnız hərbi qanadını qara siyahıya salıb.

HƏMAS-ın ötən il İsrailə hücumundan bir gün sonra "Hizbullah" İsrailə raket atıb. O vaxtdan bəri sərhəddə gündəlik atışmalar baş verir. Hər iki tərəfdən sərhəd rayonlardan on minlərlə sakin evakuasiya olunub.

Vaşinqtonda isə prezident Co Bayden (Joe Biden) və vitse-prezident Kamala Harris HƏMAS-ın hücumunun ildönümündə qruplaşmanı pisləyib, ABŞ administrasiyasının Qəzza və Livanda döyüşlərə son qoymaq üçün atəşkəs əldə olunmasına sadiqliyini bildiriblər.

HƏMAS ötən il oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.

Həmin hücumdan sonra İsrailin Qəzzada başlatdığı əməliyyatlarda 42 minə yaxın fələstinli öldürülüb. Qəzza əhalisinin 90 faizi məcburi köçkünə çevrilib, böyük ərazilər İsrailin bombardmanı nəticəsində dağılıb. ("Azadlıq" radiosu)

08.10.2024 17:18
880