Bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində (“Araz”, “Xanlar Yurdu”, “Ağ Ayı”) baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
AQTA-dan mətbuata verilən məlumata görə, hadisələr qida zəhərlənməsi ilə bağlı deyil:
“Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a sözügedən açıqlamanı şərh edib.
Ekspert bildirib ki, suyun doldurulduğu qabların vaxtlı-vaxtında təmizlənməməsi ikincili çirklənməyə səbəb olur:
“Suyu mənbədən götürüb qablara doldurub toy və yas məclislərinə gətirirlər. Sözügedən çənlər, qablar vaxtlı-vaxtında yuyulmur. Nəticədə problemlər əmələ gəlir. Yəni ikincili çirklənmə baş verir. Belə olan halda suda müəyyən bakteriyalar əmələ gəlir. AQTA bu çənlərdən ekspertiza üçün nümunələr götürüb. Öncədən də ehtimal olunduğu kimi, zəhərlənmələr istehlakçıların öz günahı ucbatından baş verib. Belə də oldu. Təəssüf ki, zəhərlənmə halları hələ də baş verir. Hesab edirəm ki, AQTA ikincili çirklənmə və s. halları nəzarətə götürməlidir ki, bu hallar azalsın”.
Nigar HƏSƏNLİ,
Musavat.com