Almaniya və Fransanın adınca, ABŞ də Gürcüstana yardımı, eləcə də bu ölkənin Avropa İttifaqına inteqrasiyası prosesinə dəstəyini dayandırıb.
Belə bir sonuc gözlənilən idi. Bu ilin əvvəlində adı çəkilən ölkələrin siyasi dairələri, həmçinin Avropanın üstqurum təşkilatları Gürcüstan hakimiyyətini ardıcıl olaraq xəbərdarlıq edirdilər ki, demokratiya və insan haqlarının pozuntusuna yönəlmiş hərəkətlərdən çəkinsin.
Avropanı əndişələndirən əsas məsələ Gürcüstan parlamentinin xarici agentlər haqqında qanun layihəsi hazırlaması, bu sənədin ölkədə vətəndaş-iqtidar qarşıdurmasına səbəb olmasına baxmayaraq, hakimiyyətin onu israrla qəbul etdirməsi idi.
Hətta Gücüstan prezidenti Salome Zurabişvili öz səlahiyyətlərindən istifadə edərək sözügedən qanunun qəbuluna veto qoysa da, hakm “Gürcü arzusu” partiyası qanunu qəbul etdirməyə nail oldu və Gürcüstan dünyada prezidentin müxalifətdə olduğu yeganə ölkəyə çevrildi.
Bütün bu şıltaqlıqların sonu budur: indi Gürcüstan hökuməti qarşısında kollektiv Qərbin boz üzünü görür.
Bu qanunun qəbulu Gürcüstanın özünün Avropaya inteqrasiya prosesinə tüpürməsi, Avropadan imtina etməsi deməkdir.
Başqa necə ola bilərdi? Avropanın adamlarını, ondan qrant alanları, ona işləyənləriləri qanundankənar elan edəcəksən, amma Avropadan alnan yardım davamlı olacaq? Heç yerdə belə oyun qaydası yoxdur.
Əslində Mixail Saakaşvilinin prezident olduğu dövrdə ABŞ-nin Corciya (Georgia) ştatına dönmüş Gürcüstan (ingiliscədə - Georgia) o dönəmlərdə ciddi inkişaf relsinə oturmuş və Avropaya doğru böyük məsafə qət etmişdi. Ölkə öz effektiv idarəetməsi, bütün sahələrdəki tərəqqisi ilə, korrupsiya və rüşvətxorluğun cilovlanmasıyla bütün postsovet məkanında parlaq örnəyə çevrilmişdi.
Ancaq Rusiyanın hərbi, siyasi, iqtisadi, diplomatik basqısı ilə üz-üzə qalan gənc respublikada yerli ictimaiyyətin demokratik idarəçiliyi və dürüstlüyü qəbul etməməsi üzündən hakimiyyətə yenidən plutokratiya nümayəndələri gəldilər və Gürcüstanın Avropaya şütüyən qatarının stop-kranını çəkdilər.
Yeni hakimiyyət Rusiya ilə tezliklə dil tapa bilməməsi üzündən Avropaya inteqrasiyanı tam dayandırmadılar, amma yavaşlama göz önündəydi.
Rəsmi Tiflisin Avropaya dirsək göstərməsinin əsas əlaməti bütün xahiş və tələblərə, açıq təzyiqlərə baxmayaraq, eks-prezident Mixail Saakaşvilini həbsdən azad etməməsi idi. Heç bir dövlət vəzifəsi olmasa da, 12 ildən bəridir Gürcüstanı idarə edən Bidzina İvanişvili güruhu Saakaşvilini həm “Gürcü arzusu”nun hakimiyyətinə təhlükə sayır, həm də bununla Saakaşvilidən zəhləsi gedən RF prezidenti Putinin könlünü xoş edir.
İndiyə qədər Avropa Gürcüstana çox yardımlar edib, əl tutub, onu qoruyub, müflis olmaqdan xilas edib, viza rejimini ləğv edərək gürcülərin Avropaya yolunu açıb, bu ölkəni özünün Qafqazdakı bastionu kimi görüb. Amma belə anlaşılır ki, bütün bu edilənlər gürcüləri, ən azı dövləti idarə edənləri qane etməyib.
Xarici agentlərə dair qanunun qəbul edilməsi, Avropayla inteqrasiya prosesinin pozulması onun əlamətdir ki, “Gürcü arzusu” partiyası öz hakimiyyətinin uzunömürlü, hətta daimi olmasını planlaşdırır. İvanişvilinin adamları Avropanın tələblərinə, şərtlərinə riayət etsəydi, yaxın illərdə hakimiyyətlərini itirəcəkdilər. İndiki halda isə onların bütün güclü rəqibləri “xarici agent”dir, qanundan kənardır.
Avropa ilə Gürcüstanın münasibətlərinin birincinin ikincidən Rusiyaya qarşı ikinci cəbhə açmasını tələb etməsi üzündən pozulduğu barədə gürcü liderlərin dilə gətirdiyi fikirlər isə əfsanədir. Avropalı liderlər o qədər də ağılsız deyillər ki, bir qapazlıq canı olan Gürcüstanı “rus ayı”sının pəncəsi altına itələyib yaman günə qoydursunlar, özlərinə də əlavə problem yaratsınlar.
Gürcü liderlər bu fikri ona görə irəli sürürlər ki, gürcü ictimaiyyətinin 08.08.08 müharibəsində dadmış olduğu hərbi məğlubiyyət acısını unutmadığını və onun təkrarlana biləcəyindən qorxduğunu bilirlər.
Bəs Avropa ilə münasibətlərin bu həddə çatması gürcülərin xeyrinədir, ya ziyanına? 100 faiz ziyanınadır. Gürcüstan arxa-dayağını itirib, indi onu Rusiyanın aqressiyasından heç kim qorumur. Üstəlik, indi bu kasıb ölkənin sabit maliyyə donoru da yoxdur, üstünə borca getməyə bir kəsi qalmayıb.
Bu durum İvanişvili rejiminin sonunu gətirəcək.
Araz Altaylı, Musavat.com