Sentyabrın 28-də “artsax” adlı uydurma qurum həmişəlik cəhənnəmlik oldu. Lakin nə qədər qəribə olsa da, bunun ağrı-acısını çəkənlər arasında erməni kökənli olmayanlar da var. Hətta elələri var ki, ermənidən çox ermənilik edir, “artsax”ın dəfninə yanır. Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan rusiyalı telejurnalist Vladimir Solovyov kimi.
Solovyov indi də “Stepanakert” əvəzinə Xankəndi yazmağa cəsarət etmiş teleqram kanalının redaktorlarını cəzalandıracağını vəd edib. Bunu o, erməni bloger Mika Badalyanla söhbəti zamanı deyib. Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını ifadə edib. Solovyov isə erməni toponimlərindən istifadə etdiyini fəxrlə bildirib.
Göründüyü kimi, erməni çörəyi yeyən bu it Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davranışından qalmır (Hərçənd bir ara Azərbaycandan üzr istəməli olmuşdu). Halbuki artıq Rusiya Müdafiə Nazirliyi də öz xəbər bülletenlərində Xankəndi yazmağa başlayıb - hələlik mötərizədə də olsa. O zaman Solovyov nazir S.Şoyqunu da cəzalandıracaq?
Əlbəttə, buna cəsarəti çatmaz. Bəs Qarabağ nəzarətimizə keçdikdən sonra da ərazi bütövlümüzə, suverenliyimizə həqarət edən Rusiyanın jurnalistlərinə, onun bir sıra ictimai-siyasi xadimlərinə “Stepanakert”, “Dağlıq Qarabağ” ifadələrini necə unutdurmalı? Axı ən azından V.Putinin imzası duran Moskva Bəyannaməsi bunu tələb edir. Bəlkə Bakı Rusiyaya rəsmi müraciət ünvanlasın, xəbərdarlıq etsin. Faydası olarmı? Tutaq ki, biz də alman şəhəri Kalininqradı “Kinsberq”, Çeçenistanı “İçkeriya” şəklində yazsaq, rusların xoşuna gələrmi? Bəs çıxış yolu nədir?
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Çox təəssüf ki, qeyd olunan hallarla rastlaşırıq və bu gün də bu proses hələ də özünün açıq şəkildə göstərməkdədir. Yəni, yenə də Azərbaycana qarşı müxtəlif bəyanatlar, fərqli mövqelər, Azərbaycan həqiqətlərinin təhrif olunmasını davamlı görürük.
Bunun səbəbi odur ki, cənab prezident 300 ilə yaxın müddətdə qurulmuş planları, ssenariləri daramadığın, məhv etdi. Onlar isə heç cürə bunu qəbul etmək istəmirlər. Amma bu heç nəyi dəyişməyəcək. Azərbaycan sona qədər məqsədlərinə, hədəflərinə çatmaq üçün bütün addımları atacaq, artıq bütün dünya da bu reallığı qəbul edir və gələcəkdə də hamısı qəbul ediləcək. Lakin bir müddət bu proses hələ ki bu formada davam edəcək, bəzi ölkələr, dövlətlər xəstə və təxribatçı mövqelərindən əl çəkməyəcək. Qeyd etdiyim kimi bu, uzun müddət belə davam edə bilməyəcək, çünki Azərbaycanın apardığı siyasət elə bir formadadır ki, onun qarşısını almaq qeyri-mümkündür.
Lakin nəzərə almalıyıq ki, bir müddət bu informasiya müharibəsi davam edəcək, ona görə biz diqqətli olmalı, daim hazır olmalı, təxribatların qarşısını alınmaq üçün davamlı addımlar atmalıyıq. Bu çox önəmli və ciddi məsələdir".
Qafar Çaxmaqlı
Ermənişünas alim, professor Qafar Çaxmaqlı isə qeyd edib:
“Məlum olduğu kimi ”artsax" adı Yuxarı Qarabağ iqtisadi-coğrafi rayon adlandırdığımız, bir zamanlar Qarabağın dağlıq hissəsinin qədim adlarından biridir və buna da ermənilər sahiblənməyə çalışdılar.
Əslində “artsax” kəlməsi ermənicə deyil, bu, saklarla bağlıdır və alimlərimiz bunu çox gözəl izah ediblər. Məsələn, Mirəli Seyidovun bununla bağlı araşdırması var ki, bu ad qətiyyən ermənilərlə bağlı deyil. Sadəcə son illərdə seperatçı qurum Qarabağ kəlməsinin təmiz türkcəsindən imtina etmək üçün dırnaqarası “Dağlıq Qarabağ Respublikası”, “artsax respublikası” adlandırmağa başlamışdı və bunun da dövriyyəsi əsasən Rusiyada və digər ölkələrdə aparılırdı, guya artıq belə bir yeni qurumun ortaya çıxdığını təlqin etməyə başlamışdılar.
Əlbəttə ki, bu alınmadı və qeyd etdiyiniz kimi, “artsax” adı və o şəkildə qurum cəhənnəmə vasil oldu, artıq bundan söhbət getmir. Lakin ayrı-ayrı adamlar, hətta öz içimizdən olan bəziləri tərəfindən tez-tez Dağlıq Qarabağ və “artsax” kəlməsinin işlədilməsi qıcıq doğurur və bu doğru deyil. Biz həmin bölgəyə Qarabağ iqtisadi rayonu deyirik və belə də davam etməliyik. Lakin Qarabağ kəlməsindən də heç zaman imtina etməyəcəyik, çünki bizim bu ərazinin qədim adlarından biridir.
Bəs bu kəlmələri əcnəbilərə necə tərgitək? Hesab edirəm ki, biz bundan sonra necə yazacağıqsa, onlar da o cür istifadə etməyə alışacaqlar.
Biz təkcə həmin ərazinin deyil, digər ərazilərin də tarixi adlarını bərpa etmək üçün daim çalışmalıyıq. Bu sahədə jurnalistlərin, araşdırmaçıların üzərinə çox iş düşür.
Tarixi ərazilərimiz olan Qərbi Azərbaycanda qalmış ərazilərimizin də öz adları ilə adlandırmağın böyük əhəmiyyəti var. Məsələn, Göyçə, Zəngəzur, Dərələyəz, İrəvan, Ağbaba, Zəngibasar kimi adları tez-tez işlətməliyik. Bu adların işlənməsi yalnız ona görə deyil ki, biz tarixi yaddaşımızı bərpa edirik, həm də ona görə edillməlidir ki, bu torpaqlara qayıdacağıq, ora bizim tarixi vətənimizdir və bu ideyanın yaşatmaq üçün həmin adlardan istifadə etməliyik".
Xalidə GƏRAY
“Yeni Müsavat”