Almaniya prezidenti Frank-Valter Ştaynmayer İrəvana səfəri zamanı İnstagram sosial şəbəkəsinin hekayə bölməsində qondarma Dağlıq Qarabağın bayrağını paylaşıb və yazıb: “Münaqişə Dağlıq Qarabağ regionuna aiddir. Beynəlxalq hüquq baxımından bu bölgə Azərbaycana məxsusdur. Lakin burada əsasən ermənilər yaşayır. Son onilliklərdə orada dəfələrlə hərbi toqquşmalar baş verib”.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə dərhal reaksiya verib. Martın 31-də Almaniyanın Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından da rəsmi üzr məktubu göndərilib. Məktubda üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.
AZƏRTAC məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edib:
"Almaniya Federativ Respublikasının
Prezidenti Administrasiyasının rəhbəri
Dövlət katibi Dörte Dinger
31 mart 2025-ci il
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə
Hörmətli Hikmət Hacıyev.
Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.
Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.
Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.
Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır.
Hörmətlə, D. Dinger"
Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a şərhində vurğulayıb ki, beynəlxalq münasibətlərdə təsadüflər olmur.
Onun sözlərinə görə, Almaniya prezidentinin regiona səfəri həm ab-havanı öyrənməyə çalışmaq, həm də müəyyən mesajlar vermək məqsədi daşıyır:
“Almaniyada yeni hökumət formalaşıb, fərqli siyasət yeridilməyə çalışılır. Çox güman ki, Almaniya prezidenti regiona səfər etməklə Almaniya üçün yeni situasiyada müəyyən məsələləri dəqiqləşdirmək, Cənubi Qafqazda təsir imkanları ilə bağlı addımlar atmaq istəyir. Almaniya Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı konyuktur addımlar atmağa, özü üçün müsbət mövqe formalaşdırmağa cəhd edir. Ermənistana səfər zamanı edilən paylaşım açıq-aşkar qərəzli mövqedir. Ermənistanı özlərinə yaxınlaşdırmaq üçün yalan deməyin mənası yoxdur, Ermənistanı bu şəkildə aldatmağa, o cümlədən Qarabağı könüllü tərk edən ermənilərə yalançı ümid verməyə ehtiyac yoxdur. Ermənilər Qarabağı nəyə görə tərk etdiklərini bilirlər. Onlar Azərbaycan qanunlarını qəbul etmək istəmədilər. Hər bir ölkədə yaşayan etnik qrup həmin ölkənin qanunlarına tabe olmalıdır. Digər tərəfdən Qarabağı könüllü tərk edən ermənilər arasında azərbaycanlılara qarşı dəhşətli cinayət törədənlər var. Ermənistan hakimiyyəti, bəzi Avropa dövlətləri, ABŞ, Rusiya Qarabağı könüllü tərk edən ermənilərdən Azərbaycan və Türkiyəyə qarşı alət kimi istifadə etmək məqsədi güdürdülər. Hesab edirəm ki, etnik erməniləri onlar cürətləndirmişdilər. Nəticədə onlar pis vəziyyətdə qaldılar. Ermənistanda və başqa yerdə yerləşə bilmirlər, geriyə qayıtmaq istəmirlər. Azərbaycan isə onların şıltaqlığına əhəmiyyət verməyəcək. Bütün bunlara baxmayaraq, onlara yalançı vədlər verirlər. Ermənilər hələ də tanınmamış, qondarma “respublika bayrağından” istifadə etməyə çalışırlar. Azərbaycan dərhal reaksiya verən kimi onu yığışdırırlar. Ermənistanın özündə də o əski parçasından istifadəyə çox da imkan vermirlər çünki bilirlər ki, bu, Azərbaycanı qıcıqlandırır. Bu, dövlətimizə qarşı qeyri-etik hərəkətdir”.
A.Nağının fikrincə, Almaniya prezidentinin yanlışı regionda təsir imkanlarının azalması ilə əlaqədardır:
“Almaniya prezidentinin paylaşımına görə Almaniya Prezidenti Administrasiyası adından üzr məktubu göndərildi. Təəssüf ki, məktubda dövlətdən üzr hiss olunmur. Almaniyanın məqsədi Ermənistandan müsbət rəy yaratmaq, təsir imkanları əldə etməyə çalışmaqdır. Almaniya regiondan tam kənarda qalıb. ABŞ-nin təsir imkanları artıb, Rusiya da ordadır, Fransa müəyyən cəhdlər etsə də, heç nəyə nail ola bilmir, Almaniya isə proseslərdən tamamilə kənar qalıb. Ştaynmayer təcrübəsiz siyasətçi deyil, çox ciddi səhv edib. Məncə, Azərbaycan Prezidenti İlham Əliyevin onunla görüşü nəzərdə tutulubsa, bu görüş keçirilməməlidir. Müəyyən yüksək səviyyəli görüşlər təşkil oluna bilər, amma Ştaynmayerin bu hərəkətinə qarşı Azərbaycan dövləti adekvat addım atmalıdır. Azərbaycan dövlətinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı hörmətsizliyə müvafiq cavab verilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi kifayət qədər sərt reaksiya verdi, səfirə nota verildi, üzrə nail olundu. Hesab edirəm ki, Azərbaycanda olduğu müddətdə də Ştaynmayer Azərbaycan xalqı və dövlətinə qarşı çox böyük səhv etdiyini başa düşməlidir”.
Nigar HƏSƏNLİ,
Musavat.com