Stalinin sevimli ixtiraçısı – Qrabinin məşhur topları, Ustinovun qisası

30 illik hakimiyyəti dövründə İosif Stalin heç vaxt açıq şəkildə hansısa bir dövlət məmuruna, yaxud da yüksəkçinli hərbçiyə hamilik etdiyini büruzə verməyib. Sovet lideri çox nadir hallarda tabeliyində olanlardan kiminsə ünvanına tərifli sözlər işlədib. Bəlkə də Vasili Qrabin yeganə şəxs olub ki, Stalin onun haqqında xoş sözlər deməkdə “xəsislik” etməyib, ona dəstəyini əsirgəməyib. Onlar tez-tez telefonla uzun-uzadı müzakirələr aparıblar, bu danışıqlar Stalini qane etməyəndə o, Qrabini yanına dəvət edib. Əslində Qrabin Kremlə tez-tez çağrılmasına, Stalinlə mütəmadi olaraq görüşməyə can atmayıb. O, bunu vaxt itkisi kimi qəbul edib. Onların növbəti görüşlərinində isə tam fərqli bir mövzu müzakirə edilib və bu görüş cəmi 15 dəqiqə çəkib.

Qrabin Stalinin kabinetinə daxil olanda hərbi qaydada onu salamlayıb, sovet lideri masasının arxasından duraraq onu təbəssümlə qarşılayıb, əyləşməyə yer göstərib. Qrabin xidməti sahəsi üzrə məruzə etməyə başlayanda Stalin onun sözünü yarımçıq kəsib:

grabin_35081.jpg (59 KB)


- Vasili Qavriloviç, bu gün top-tüfəngdən, xidməti işlərdən danımayacağıq. Sizin ixtira etdiyiniz toplar bizim silahlı qüvvələrimzin əsas güclərindən birinə çevrilib. Mərkəzi Komitə belə qərara gəlib ki, müdafiə sənayesindəki xidmətlərinizə görə sizi mükafatlandıraq. Seçimi sizə veririk, Sosialist Əməyi Qəhrəmanı fəxri adı, yoxsa Stalin mükafatı?

Bu cür giriş Qrabin üçün gözlənilməz olub:

- Yoldaş Stalin, hər iki mükafat mənim üçün böyük şərəfdir.

Qrabin bununla öz minnətdarlığını bildirmək istəyib. Stalin isə onun cavabını zarafata yozub:

- Belə anladım ki, siz hər iki mükafatı da istəyirsiniz. Etiraz etmirik.

61UrQ5UKTBg.jpg (120 KB)


Bir neçə gündən sonra hər iki mükafatın Qrabinə verilməsi ilə bağlı Stalin sərəncam imzalayıb.
Vasili Qrabin 1899-cu ildə Krasnodarda anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, Petroqradda artilleriya məktəbində oxuyub. Bir müddər orduda zabit kimi xidmət etdikdən sonra Qrabin təhsilini Dzerjinski adına Hərbi Texnika Akademiyasının artilleriya fakültəsində davam etdirib.

Qrabin akademiyanı bitirdikdən sonra öz fəaliyyətini konstruktor büroları ilə bağlayıb. Çox qısa bir müddətdə onun artilleriya qurğuları və sistemləri ilə bağlı layihələri ən yuxarı dairələrdə diqqəti cəlb edib. Bir neçə il ərzində Qrabinin konstruktoru olduğu toplar sovet ordusunun silah arsenalını zənginləşdirib. Onun növbəti ixtiraları, daha da təkmilləşdirilmiş piyada topları, tank əleyhinə toplar, tank üçün mərmilər və digər qurğular Qrabini SSRİ-nin müdafiə sənayesində birinci simaya çevirib.
Hər yeni qurğunun layihəsi birbaşa Stalinin yanında müzakirə edilib. Qrabin öz layihələrini böyük təmkinlə, elmi cəhətdən əsaslandırlmış rəqəmlərlə müdafiə edə bilib. O, Stalinin çoxsaylı suallarının hamısına cavab tapmağı bacarıb. Qrabinin ixtiraları Stalinin xoşuna ona görə gəlib ki, artilleriya qurğuları güclü silah olmaqla yanaşı, həm də onların istehsalına az vaxt və az vəsait tələb olunub.

1578900373_kollazh-grabin-zis-3.jpg (128 KB)

1942-ci ilin avqust ayında Qrabinin konstruktoru olduğu topların döyüş bölgələrində səmərəliliyi nəzərə alınaraq Stalin Moskva vilayətinin Kalininqrad şəhərində (sonralar Korolyov şəhəri) yeni Mərkəzi Artilleriya Konstruktor Bürosunun açılması haqqında sərəncam imzalayıb və büroya Qrabin rəhbər təyin edilib. Qrabinə fərdi olaraq texnika qoşunları general-polkovniki rütbəsi verilib.

Qələbənin təmin olunmasında Qrabinin topları böyük rol oynayıb, Moskvadan Berlinin küçələrinə qədər gedib çıxan bu toplar Stalin tərəfindən yüksək qiymətləndirilib. Qrabin öz ixtiralarına görə dörd dəfə Stalin mükafatının laureatı olub.

Sovet dövrünün digər vaxtlarında olduğu kimi müharibə illərində də məmurlar arasında konfliktlər səngiməyib. Qrabinin rəhbərlik etdiyi konstruktor bürosu SSRİ Xalq Silah Komissarlığının (nazirliyinin) tabeliyində olub və bu quruma Dmitri Ustinov (sonralar SSRİ müdafiə naziri) rəhbərlik edib. Qrabinin birbaşa Stalinlə telefon danışıqlarını, görüşlərini Ustinov “həzm” edə bilməyib. Müşavirələrin birində Stalinin Qrabinə şəxsi avtomobil hədiyyə etməsi isə Ustonovu daha da qıcıqlandırıb. Amma nə Ustinov, nə də başqa birisi Qrabinin ünvanına artıq-əskik bir söz deməyə cürət edə bilməyiblər. Çünki bütün siyasi və hərbi elita Stalinin Qrabinə doğma münasibətindən xəbərdar olub.

img7532.jpg (135 KB)

Stalinin vəfatından sonra Qrabin nadir məmurlardan biri olub ki, o, kabinetindən Stalinin böyük portretini çıxarmayıb və məqamı düşdükcə Nikita Xruşovun diktəsi ilə Stalinin fəaliyyətinə kölgə salanların cavablarını verib. Məhz elə Stalinin vəfatından sonra Qrabindən qisas almaq üçün Ustinovun da əlinə şans düşüb. Ustinov nazir kimi əvvəlcə Qrabinin rəhbərlik etdiyi Mərkəzi Konstruktor Bürosunun profilini dəyişib, 1959-cu ildə isə büronun fəaliyyəti dayandırılıb. Büronun fəaliyyəti bir qurum kimi dayandırıldıqda Ustinovun göstərişi ilə arxiv sənədləri də məhv edilib. Bu sənədlərin arasında Qrabinlə Stalinin yazışmaları da olub. Ustinov qisas hissini gizlətmədən Stalinin Qrabinə hədiyyə etdiyi avtomobili də büronun avtomibili kimi qeydiyyata salaraq onun əlindən alıb. Bununla da 1959-cu ildən Qrabin konstruktor kimi bütün işlərdən uzaqlaşdırılıb. O, “stalinçi” kimi bir daha heç bir vəzifəyə təyinat almayıb. Qrabinin konstrurktor kimi fəaliyyəti dayandırılsa da, bu gün də onun ixtiraları dünyanın onlarla ölkəsinin silah arsenalında yer alır.

1578900441_ar45pjhti2k.jpg (97 KB)

1960-cı ildən Qrabin Bauman adına Moskva Dövlət Texniki Universitetində professor kimi çalışıb. O, ömrünün son illərində iki cilddən, iki min səhifədən ibarət “Qələbə silahı” adlı memuarlarını qələmə alıb.
Vasili Qrabin 1980-ci ildə, 80 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığnda dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

27.04.2023 14:00
2636