Stalinin “bacı” dediyi həkim – Zinaida Vissarionovna on minlərə döyüşçünü vəbadan xilas edib

“Biz qələbəni yaralılarla qazandıq. Onlar müalicə alıb sıralarımızı yenilədilər, daha da mətinləşdilər. Buna görə biz həkimlərimizə minnətdar olmalıyıq. Müharibə illərində tibb işçilərinin xidmətləri döyüş bölgələrindəki əsgər və zabitlərin xidmətlərindən heç də az olmayıb...”
Bu ifadələr Konstantin Rokossovskiyə məxsusdur. Marşal müharibə xatirələrində tibbi personalın xidmətini həmişə yüksək qiymətləndirib...

Sovet-alman müharibəsi zamanı qələbənin təmin olunmasında xüsusi xidmətləri olan həkimlərdən biri də Zinaida Vissarionovna Yermolyeva olub.

Adətən, Stalin həkimlərə heç vaxt mehriban münasibət bəsləməyib. O, səhiyyə məmurlarından tutmuş şəxsi həkimlərinə qədər, tibb işçilərinə qarşı kobud rəftarı ilə yadda qalıb. Amma bəzən elə məqamlar yaranıb ki, amansız Stalin həkimlər qarşısında aciz görünüb.

5-10.jpg (206 KB)

Stalinqrad uğrunda döyüşlər gedəndə həm təxliyə edilən dinc sakinlər, həm də hərbçilər arasında vəba xəstəliyi kütləvi hal alanda bu infeksiyanın fəsadları döyüş əməliyyatlarına, şəxsi heyətin psixoloji durumuna, əhalinin ruh yüksəkliyinə olduqca mənfi təsir göstərib. Bu problemin aradan qaldırılması ilə bağlı Dövlət Müdafiə Komitəsndə Stalinin rəhbərliyi ilə təcili müşavirə çağırılıb. Müşavirəyə cəbhə həkimləri də dəvət olunub. Əvvəlcə həkimlər cəbhə bölgələrindəki epidemiyalarla bağlı ətraflı məlumat veriblər. Məlumatlardan aydın olub ki, vəziyyət son dərəcə kritikdir, Stalinqradda isə daha acınacaqlıdır. Belə ki, vəbadan ölənlərin sayının günü-gündən artması daha böyük narahatlıq yaradıb. Qeyd edək ki, çirklənmiş su ilə yayılan vəba infeksiyasına qarşı vaxtında tədbir görülmədikdə saatlar ərzində şəxsin ölümünə səbəb olur.

image_750x_5eb851e96bb3b.jpg (72 KB)

Stalin həkimləri dinlədikdən sonra Stalinqrad cəbhəsində xidmət edən Yermolyevaya müraciət edib:

- Zinaida Vissarionovna, əziz bacı, indi bütün ümidlər sizədir. Mən sizə ona görə bacı demirəm ki, atalarımızın adı eynidir. Mən indi sizə bir xilaskar kimi bacı deyə müraciət edirəm. Dərman pereparatları ilə bağlı mümkün olan hər şeyi edəcəyik. Stalinqradın əhalisi və şəhər uğrunda döyüşən hərbçilər epidemiyadan xilas olmalıdırlar.

Stalinin köməkçisi Poskrebışev öz xatirələrində həmin görüşü aşağıdakı kimi xatırlayıb:

“Stalinqrad cəbhəsi müharibənin gedişində həlledici rol oynayacaqdı. Bunu hamı dərk edirdi, Stalin də, Hitler də. Vəbanın kütləvi şəkildə yayılması döyüşçülərimiz üçün kifayət qədər böyük əngəl yaratmışdı. Stalin bu cəbhənin əsas həkimlərindən olan Yermolyeva ilə danışanda çox çarəsiz durumda görünürdü. Dövlət Müdafiə Komitəsinə daxil olan məlumatlarda bu xəstəlikdən ölənlərin statitikası onu narahat etməyə bilməzdi. Elə həmin müşavirədə Stalin Yermolyevanı iclasdan yarımçıq çıxarıb Stalinqrada göndərdi, əlini sıxaraq, “bütün ümidlər sizədir” deyə, qapıya qədər yola saldı. Uzun illər Stalinin yanında işləyən bir şəxs kimi, mən ilk dəfə onun həkimlərlə bu cür xoş və mehriban münasibətini görürdüm...”

1559204183_640.jpg (128 KB)

Yermolyeva üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarıb. Stalinqraddan cəmi 15-20 kilometr aralıda səyyar laboratoriya yaradılıb və həmin laboratoriyada Yermolyevanın rəhbərliyi ilə vəba əleyhinə xüsusi məhlul hazırlanıb. Bir neçə həftə ərzində yüz minlərlə insan həmin məhluldan qəbul edərək vəbadan xilas ola biliblər. Göstəricilər Kreml məmurlarını da heyrətə gətirib. Yermolyevanın gərgin əməyinə yüksək qiymət verilib. O, Stalinin şəxsi təşəbbüsü ilə Stalin mükafatına layiq görülüb. Həkimin həyatında ən maraqlı anlardan biri mükafatı Stalin ona təqdim edəndə yaşanıb. Qeyd edək ki, Yermolyeva iki dəfə ailə həyatı qurub və hər ikisindən də ayrılıb. Birinci həyat yoldaşı virusoloq, ikinci həyat yoldaşı mikrobioloq olub, hər ikisi də 1937-ci ilin repressiya dövründə həbs ediliblər. Stalin mükafatı təqdim etdikdən sonra təbəssümlə soruşub:
- Siz onlardan hansını azadlıqda görmək istəyirsiniz?

1559204211_ermolieva_stalingrad.jpg (96 KB)

Gözlənilməz sual həkimi çaşdırıb:

- Yoldaş Stalin, söhbətin kimlərdən getdiyini anlamıram. Kimləri nəzərdə tutursunuz?

- Keçmiş həyat ulduzlarınızı.

- Əlbəttə, birincini azadlıqda görmək istərdim.

- Qərarınız maraqlıdır. Niyə məhz birincini?

- Mənim üçün yox, ölkəmiz üçün maraqlıdır bu qərar. Lev Zilber sovet tibb elminə böyük töhfələr verə bilər.

Stalin verdiyi vədə əməl edərək onu azadlığa buraxdırıb.

medik.jpg (168 KB)

Müharibənin ilk günlərindən sonuna qədər Yermolyeva ən ağır döyüş bölgələrində yolxucu xəstəliklərə qarşı mübarizə aparıb. Marşal Georgi Jukov onu “Eridemiyanın komandiri” adlandırıb.

1897-ci ildə Frolovo şəhərində (Volqoqrad vilayəti) anadan olan Zinaida Yermolyeva orta məktəbi bitirdikdən sonra Rostov Universitetinin tibb fakültəsində təhsil alıb, mikrobioloq ixtisasına yiyələnib. Uzun illər Moskvada Səhiyyə Nazirliyinin biokomya institutunda şöbə müdiri vəzifəsində çalışıb.

Müharibədən sonra o, Yoluxucu Xəstəliklər İnstitutuna rəhbərlik edib, namizədlik və doktorluq işi müdafiə etdikdən sonra SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Yermolyeva 500-dən artıq elmi işin və 6 monoqrafiyanın müəllifi olub. Onun rəhbərliyi ilə 180 nəfər dissertasiya, 34 nəfər doktorluq işi müdafiə edib. Yermolyeva bir sıra yoluxucu xəstəliklərin müalicəsində istifadə edilən dərman pereparatlarının yaradıçısı olub.

5XfolStfRmM9Rpu0rfYOOfTcAzJiJZMMzdlfafie.jpg (172 KB)

Sovet səhiyyə sistemimnin tanınmış simalarından olan Zinaida Yermolyeva 1974-cü ildə, 77 yaşında vəfat edib. O, Moskvada, Kuzminskoe qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

 

02.06.2023 11:01
3448