Stalinin anasının zamin durduğu general - Keke keçmişini unutmayıb...

Stalinin anası Yekaterina Cuqaşvili (Geladze) 1858-ci ildə Qorinin Qambareuli kəndində anadan olub. Uşaq vaxtı onu Keke deyə çağırıblar. O, 17 yaşında Vissarion Cuqaşvili ilə ailə həyatı qurub. Onların dünyaya gələn ilk övladları Georgi və Mixail elə uşaq ikən ölüblər. Üçüncü övladlarının, İosifin (Stalin) isə sağlamlığı heç də ürəkaçan olmayıb.

Yekaterina Cuqaşvili qətiyyətli və iradəli qadın olub. O, həyat yoldaşının əyyaşlığıyla, tüfeyli həyat tərzi ilə barışmayıb və sonda ayrılıblar. Ana yeganə oğlunu, Stalini böyütmək, təhsil vermək üçün bütün əziyyətlərə qatlaşıb, dərzilik sənətini öyrənib. Bununla da heç kimə möhtac olmayan Yekaterina Cuqaşvili oğlunun ehtiyac içində yaşamağına imkan verməyib. Hətta Keke bir müddət Yakov Eqnataşvilinin ailəsində xidmətçi də işləyib.

KEKE.jpg (29 KB)

Qeyd edək ki, Yakov Eqnataşvili Gürcüstanda tanınmış şərab tacirlərindən biri olub. Keke bu ailədə xidmətçi kimi işləsə də, Eqnataşvililər ailəsi ona heç də xidmətçi kimi deyil, ailənin bir üzvü kimi yanaşıblar. Keke bu münasibəti heç vaxt unutmayıb və ona edilən yaxşılıqların cavabını qaytarıb.

Yakov Eqnataşvilinin oğlu Aleksandr orta təhsilini başa vurduqdan sonra atası onu Moskvaya ali təhsil almağa göndərib. Ancaq Aleksandr elmə, təhsilə, oxumağa maraq göstərməyib, bir ildən sonra Moskvadan Qoriyə qayıdıb.

Fiziki imkanlarına görə həmyaşıdlarından fərqlənən Aleksandr bir müddət sirkdə işləyib, daş qaldırmaq, kəndir üstündə hərəkət, pəhləvan döyüşləri ilə populyarlaşıb. Oğlunun bu işindən narazı qalan Yakov Eqnataşvili Aleksandrı ticarətə cəlb edib, ona lazımi qədər pul verərək neft şəhəri olan Bakıda restoran açmağa göndərib.

Aleksandr Eqnataşvilinin Bakı həyatı uğurlu alınıb. O, bu şəhərdə Azərbaycan türkcəsini və ingilis dilini öyrənib. Açdığı restoranın qapısına “Sutka ərzində xidmətinizdəyik” yazısı müştərilərini artırıb. Restoranın sahibi olmasına baxmayaraq, o, bütün xörəkləri özü hazırlayıb, ən keyfiyyətli ərzaq məhsullarından istifadə edib.

EQNAT.jpg (43 KB)

Artıq öz gücünə kifayət qədər varlanan Aleksandr bir neçə ildən sonra atasının məsləhəti ilə Gürcüstana dönüb. Tiflisdə və Qoridə restoranlar açıb, şərab ticarəti ilə məşğul olub.

Sovet hökuməti qurulduqdan sonra Aleksandr Eqnataşvilinin şərab və restoran biznesi çöküb. Bir neçə il ərzində vergilərin məbləği o qədər yüksəlib ki, atasından qalmış bir neçə mülkü satmaq da onu vəziyyətdən çıxara bilməyib. Yeni hökumətin yeni sərt qanunları ilə vergidən yayındığına görə Aleksandr Eqnataşvili Tiflisdə həbs edilib.

Kiçik qardaşı Aleksandrı həbsdən azad etmək üçün Stalinin anası Kekedən kömək istəyib. Köhnə yaxşılıqları unutmayan Keke Aleksandrı həbsdən azad etmək üçün birbaşa Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin sədri Filip Maxaradzenin yanına gedib. Sədr onu ehtiramla qarşılayıb və təmkinlə dinləyib. Bildirib ki, Aleksandr Eqnataşvilini həbsdən buraxmaq üçün bir nəfər ona zamin durmalıdır. Keke zamin durmağa hazır olduğunu bildirəndə Maxaradze məsələnin incəliyini Stalinin anasına belə başa salıb:

- Zamin duran şəxs həbsdən azad olan şəxsə cavabdehlik daşıyır. Biz Aleksandr Eqnataşvilini sərbəst buraxsaq da, onun Gürcüstandan çıxmasına icazə verməyəcəyik. Əgər o, respublikadan kənara çıxsa, gərək biz ona cavabdehlik daşıyan, zamin duran şəxsi həbs edək. Biz isə Stalinin anasını həbs edə bilmərik.

Söhbətin bu məcraya yönəlməsinə baxmayaraq, Kekenin zaminliyi ilə Aleksandr Eqnataşvilidən respublikadan kənara çıxmaması haqqında iltizam alaraq onu həbsdən buraxıblar.

EQNAT SON.jpg (30 KB)

Bütün bunlara baxmayaraq, iki gündən sonra Aleksandr Eqnataşvili Gürcüstandan Moskvaya gedib. O, Moskvada köhnə gürcü dostlarını tapıb, onların vasitəsi ilə Qoridəki qonşusu, Stalinin oğlu Yakovla görüşməyə müvəffəq olub. Yakov Eqnataşvili ilə Stalinin görüşünü təşkil edib.

Stalin Eqnataşvilinin əməllərinə sərt reaksiya versə də, anasını göz önünə gətirərək yumşaq qərar verib:

- Mən və bizim qurduğumuz hökumət qanunsuz ticarətin, vergidən yayınmanın əleyhinəyik, buna imkan verməyəcəyik. Buna görə də sənə qanuni iş təklif edəcəyəm, sahənə uyğun.

Sonra Stalin müvafiq qurumlara Aleksandr Eqnataşvilinin cinayət işinin xətm olunması ilə bağlı göstəriş verib və bildirib ki, o, artıq bizim işçimizdir.

Bununla da Aleksandr Eqnataşvilinin həyatının yeni mərhələsi başlanıb. O, bir müddət Krımdakı Kreml məmurlarına xidmət göstərən istirahət evlərinə rəhbərlik edib. Sonra o, Kreml komendaturasında Stalinin baş aşpazı kimi işə qəbul edilib. 1938-ci ildə “NKVD”yə qəbul olunaraq Stalinin mühafizə xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Aleksandr Eqnataşvili Stalinin mətbəxinə, Kremldə, mənzilində və bağ evində ərzaq məhsullarının təminatına cavabdehlik daşıyıb. Bu məqsədlə o, Gürcüstanda xüsusi təsərrüfatlar yaradıb. Həmin təsərrüfatların fəaliyyətinin hər dəqiqəsi “NKVD”nin ən inanılmış əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb. Təsərrüfatdakı məhsullar yalnız Stalinin istifadəsi üçün nəzərdə tutulub.

Stalinin Aleksandr Eqnataşviliyə böyük inamı olub, bütün səfərlərində Eqnataşvili onu müşayiət edib. Öz işinin ustası olan Eqnataşvili Stalinin qida zövqünü tam təmin etməyi bacarıb. Təbii ki, bu bacarıq mükafatsız qalmayıb. Aleksandr Eqnataşvili yüksək dövlət mükafatları ilə təltif olunub, 1945-ci ildə isə baş aşpaz general-leytenant rütbəsinə layiq görülüb.

Eqnataşvili siyasi oyunlardan, konfliktlərdən uzaq bir adam olub. Yəqin elə buna görədir ki, Stalinin silahdaşları, hiyləgər Mikoyan da, amansız Beriya da, kaprizli Molotov da, heç kəsi saya salmayan Jdanov da ona hörmətlə yanaşıblar, onun qeyri-rəsmi görüşlərdə dostyana xahişlərini canla-başla yerinə yetiriblər.

Eqnataşvili onu həbsdən xilas edən Kekeni tez-tez xatırlayıb, Stalinin bağ evindəki məclislərdə süfrəyə dəvət olunanda Kekenin ruhu şərəfinə qədəh qaldırıb.

Stalinlə işlədiyi dövrdə Aleksandr Eqnataşvili qohum-əqrəbasını da unutmayıb. Oğlu Georgi “NKVD”nin əməkdaşı olaraq SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Nikolay Şvernikin şəxsi mühafizəsində xidmət edib, qardaşı Vasili Gürcüstan Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləyib, bacısının həyat yoldaşı Gürcüstanda teleqraf agentliyinin baş direktoru olub.

Aleksandr Eqnataşvili 1948-ci ildə, 69 yaşında vəfat edib. Onun Qoridəki dəfnində böyük izdiham yaşanıb.

İlham Cəmiloğlu,
Musavat.com

04.06.2024 12:13
1976