Rusiyanın hakim “Vahid Rusiya” Partiyasından olan deputat Yevgeni Fyodorov Dövlət Dumasına SSRİ-nin keçmiş sərhədləri daxilində bərpasını təklif edən qanun layihəsi hazırlayaraq təqdim edib.
Bu barədə “Focus” nəşri məlumat yayıb.
Fyodorov öz mövqeyini öncə belə əsaslandırır ki, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil dövlətlərin ərazisində hər zaman müxtəlif münaqişələr baş verir. “Ona görə də Rusiya bu ölkələrin hər biri ilə döyüşməli olsa belə, onları yenidən Moskvanın nəzarətinə qaytarmaq məntiqlidir”.
Deputat ardınca iddia edib ki, guya sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib və buna görə də Rusiyanın onları geri qaytarmaq hüququ var: “Ukraynanın hazırkı işğalı belə qayıdışın başlanğıcıdır”.
Onun fikrincə, keçmiş ittifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olub və gələcəkdə də münaqişədə olacaqlar. Deputat əmin edir ki, bu məsələləri yoluna qoymaq üçün Rusiya hamı ilə vuruşacaq.
“SSRİ-nin bütün ərazisi qeyri-sabitdir. Ətrafda hərbi əməliyyatlar gedir. Ukrayna ilə bağlı hekayə artıq yüzüncüdür. Bundan əvvəl Tacikistan, Dnestryanı, Gürcüstan və digər konfliktlər var idi. Bu o deməkdir ki, 90-91-ci il qanununun pozulması daimi qarşıdurmalara səbəb olub. Onları dayandırmaq üçün biz əsasa - qanunun mövqeyinə qayıtmalı olacağıq”, - Fyodorov faktiki postsovet ölkələrini hədələyib və əlavə edib ki, (SSRİ) sərhədlərinin bərpası məsələləri ilə xüsusi hüquqşünaslar məşğul olmalıdır.
Diqqətçəkicidir ki, bunu LDPR-in hansısa radikal-faşist təmayüllü deputatı, yaxud kommunistlərin lideri Gennadi Züqanov yox, məhz prezident Vladimir Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının üzvü bəyan edir. Nəinki bəyan edir, üstəlik, bu avantüraya “hüquqi” don geydirmək üçün parlamentin aşağı palatasına qanun layihəsi də təqdim edir! O zaman sual yaranır: bu, həm də Kreml rəhbərinin mövqeyi, sözü deyil ki?
Başqa yandan, “sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib” nə demək, əgər son (1977) SSRİ Konstitusiyasına görə (preambula hissəsi), müttəfiq respublikaların ittifaq dövlətindən sərbəst çıxmaq hüququ olubsa və sovetlər birliyi, ümumiyyətlə, könüllü birlik olubsa?..
Xatırladaq ki, Rusiya prezidenti dəfələrlə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu bildirib. Hərçənd belə bir ifadə də işlədib: “Sovet İttifaqının dağılmasına acımayanların ürəyi, onun bərpasını mümkün sayanların isə ağlı yoxdur”.
Elşən Musayev: “Fyodorovun bu fikri qanun layihəsinin özündən daha betər cəfəngiyyatdır”
Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev Fyodorovun özbaşına qərar vermədiyini düşünür: “Yevgeni Fyodorovun hazırladığı qanun layihəsi heç şübhəsiz ki, cəfəngiyyatdan savayı bir şey deyil və konkret məqsədlərə hesablanıb. Həmin məqsədlərdən biri Qərbə və konkret olaraq Amerikaya demarşdır. İkincisi isə Rusiyanın xüsusən millətçilər arasında öz nüfuzunu artırmaq, hələ də güclü olduğunu, daha böyük ideyalar barədə düşündüyünü göstərmək cəhdidir.
Özbaşınamı verib bu qərarı Fyodorov? Düşünmürəm. Çünki “Vahid Rusiya” Partiyasının hər bir üzvü indiki həssas məqamda güman ki, aldığı nəfəsin də məruzəsini haralarasa edir. Yəni məsləhətsiz, razılaşdırılmadan belə bir kritik qanun layihəsini hakim partiyanın siravi üzvü bu qədər rahat şəkildə ortalığa çıxara bilməz. Yenə başqa kimsə, məsələn, Züqanov tipində adam oxşar bir hərəkət etsəydi, düşünmək olardı ki, özfəaliyyətdir. Amma yox. Bu dəfə ideya iqtidar partiyasının üzvündən gəlib və hətta parlamentin müzakirəsinə belə təqdim edilib. Ona görə də xətt aydındır. Məqsədi də söylədim. Sadəcə, məsələ burasındadır ki, belə bir arzunun gerçəkləşməsinin mümkünatı yoxdur. Çünki ideyanın özü absurdun belə ötəsidir. Və ya: lap qanunu qəbul elədilər. Sonra? Bütün keçmiş SSRİ ərazisinə ordumu yeridəcəklər? Buna resursmu çatar? Xeyr, təbii. Bəs necə olacaq? Heç nə. Qanun gedəcək arxivə və gələcək nəsillər, Rusiyanın 10 il, 20 il sonrakı hakimiyyətləri üçün (guya) hüquqi baza yaranacaq ki, bax, birdən beyniniz çönsə bu qanundan yapışıb hərəkət edin, istila edin, işğal edin. Vəssalam. O da ki, bir daha təkrar edirəm, nağıldır, illüziyadır və heç bir zaman gerçəkləşməsi mümkün olmayan icraatdır.
SSRİ-nin tərkibindən kiminsə qanunsuz çıxmasına gəlincə isə onu söyləməliyəm ki, Fyodorovun bu fikri qanun layihəsinin özündən daha betər cəfəngiyyatdır. Çünki SSRİ formatı könüllülük prinsipinə əsaslanıb və hamının istədiyi vaxt bu birliyi tərk etmək hüququ olub".
Əli Orucov: “Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu arzunun reallaşmasını istənilən halda mümkünsüz sayır: “SSRİ-nin bərpası fərq etməz, ya siyasi, ya da hərbi güc yolu ilə mümkün deyil. Bu qanlı imperiya artıq tarixin toz basmış arxivinə çevrilib. Dünya düzəni də ictimai-iqtisadi formasiyada tamam fərqli yöndə inkişaf edir. SSRİ-dən ayrılmış keçmiş müttəfiq respublikalar da öz gələcəyini və yolunu seçib. Tarixin təkərini heç kəs geri fırlada bilməz. Digər tərəfdən, Rusiyanın nə iqtisadi, nə siyasi, nə də hərbi gücü yoxdur ki, hansısa formada bu utopiyanı gerçəkləşdirə bilsin. Ukrayna bataqlığından 1 ildən çoxdur ki, çıxa bilmir. Görün geridə neçə Ukrayna var. Doğrudur, Rusiyada imperiyapərəst qüvvələr və keçmişin nostalgiyasından çıxa bilməyənlər var. Onlardan biri də hakim "Vahid Rusiya" Partiyasından olan deputat Yevgeni Fyodorovdur. SSRİ-ni bərpa etmək istəyində olanlardan biri də RLDP-nin sabiq sədri Jirinovski idi, arzusu gözündə dünyadan köçdü. "Vahid Rusiya" Partiyasından deputat olmaq heç də o demək deyil ki, həmin partiyanın ümumi mövqeyini ifadə edir. Putinin özü SSRİ-nin süqutunu legitim hesab etməsə də, bu prosesi qanunauyğun sayıb və yenidən bərpanı mümkünsüz sayıb. Fyodorov çox yaxşı bilir ki, postsovet məkanındakı bütün münaqişələrin müəllifi və tətikçisi Moskvadır. Əgər Rusiya keçmiş müttəfiq respublikaları ilə mehriban və qarşılıqlı hörmətə, maraqların uzlaşdırmasına əsaslanan xarici siyasət yürütsə, belə münaqişə və gərginlik ocaqları qalmaz.
Rusiya nə qədər militarist və aqressiv siyasət yürüdəcəksə, bir o qədər təklənəcək, təcrid olunacaq. Qonşuları da öz təhlükəsizliklərini qorumaq üçün alternativlər axtarmağa məcbur olacaqlar. Hətta Rusiyanın forpostu olan Ermənistan Moskvadan qaçır. Məncə, Fyodorovun parlamentə SSRİ-nin bərpa edilməsi ilə bağlı təqdim edəcəyi layihə lap qəbul edilsə belə, heç nəyə yaramayacaq. Olsa-olsa neoimperialistlərin könlünü oxşayacaq, vəssalam. Hesab edirəm ki, Fyodorov kimiləri SSRİ-nin bərpası barədə deyil, Rusiya Federasiyasının özünün mövcudluğunun necə təhlükəyə düşdüyü barədə düşünsə, daha yaxşı olardı".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”