1960-cı ildə Nikita Xruşşov Fransa səfərindən qayıtdıqdan sonra səfərin nəticələri ilə bağlı Kremldə keçirdiyi müşavirəyə bir neçə tanınmış təyyarə konstruktorlarının da dəvət olunmasını göstəriş verib. Mərkəzi Komitənin katibliyi sovet liderinin bu göstərişini təəccüblə qarşılayıblar. Amma səbəbini soruşmağa heç kim cürət etməyib. Müşavirə Xruşşovun alovlu nitqi ilə başlayıb, o, SSRİ-nin Avropadakı mövqeyindən, bu güclü mövqenin əldə olunmasında özünün apardığı siyasi kursdan ağızdolusu danışıb. Fasilədən sonra müşavirənin ikinci hissəsi başlananda Xruşşov yenidən tribunaya çıxıb və nitqinə bir sözlə başlayıb:
Müşavirə iştirakçılarının əksəriyyətinə yad olan bu ifadə ilə Xruşşov növbəti dəfə onları təəccübləndirib:
Söhbət hansı təyyarədən gedib, “Karavella” sovet liderini necə heyran edib?
Nikita Xruşşov 1960-cı ildə Fransada rəsmi səfərdə olarkən, səfər çərçivəsində ölkənin ayrı-ayrı bölgələrinə təyyarə ilə uçub. Fransızların “Karavella” təyyarəsinin rahatlığı sovet liderini o qədər məmnun edib ki, o, artıq Fransada olarkən SSRİ-nin aviasiya sənayesində belə bir təyyarənin olması haqqında ilkin qərarını verib.
Xruşşov bu məsələni əvvəlcə Kremldə keçirdiyi müşavirədə müzakirəyə çıxarıb. Daha sonra o, təyyarə konstruktoru Andrey Tupolyevi yanına dəvət edib. Görüş iki saata yaxın davam edib. Konstruktor sonralar öz xatirələrində həmin görüşü belə xatırlayıb:
“Adətən məni Xruşşovun qəbuluna çağıranda bir neçə gün əvvəldən vaxtı bildirirdilər. Bu dəfə səhər saatlarında Mərkəzi Komitədən mənə zəng vurdular. Saat 11-də qəbulda olmağımı söylədilər. Mən dərhal hazırlaşıb Mərkəzi Komitəyə yollandım. Həmin gün qəbul otağında xeyli adam var idi. Düşündüm ki, bu fərdi qəbul deyil, hansısa bir ciddi məsələ ilə bağlı müşavirə keçiriləcək. Ancaq 5-10 dəqiqə keçməmiş köməkçi məni kabinetə dəvət etdi. İkilikdə keçirilən görüş 2 saata yaxın davam etdi. Son dəqiqələrə qədər anlamırdım ki, Xruşşov məni nəyə görə çağırıb. Bu müddət ərzində o, Fransa səfərindən danışırdı, gah gülürdü, gah qəzəblənib yumruğunu stola çırpırdı. Aviasiya sənayesi haqqında bir kəlmə də danışmayan Xruşşov nəhayət, sonda mənim sahəmlə bağlı bir fikir söylədi: “SSRİ-nin öz “Karavella”sı olmalıdır. Daha doğrusu, bu fikir yox, konkret göstəriş və əmr idi. Məhz bu görüşdə anladım ki, qarşıda məni ciddi işlər gözləyir və bu tapşırıq mənə dövlətin sifarişi idi...”
Bu görüşdən sonra Tupolyev öz işinə başlayıb. Üç ildən sonra onun müəllifi olduğu “Tu-134” ilk uçuşunu həyata keçirib. Maraqlı faktlardan biri isə odur ki, təyyarə istismara buraxıldıqdan sonra Xruşşov az qala özünü “Tu-134”ün müəllifi kimi təqdim edib. Mərkəzi Komitənin iclasında sovet lideri özünəməxsus çılğınlıqla SSRİ-nin aviasiya sənayesi haqqında yüksək fikirlər söyləyib:
“Bütün sahələrdə olduğu kimi, aviasiya sahəsində də SSRİ dünya ölkələri arasında ön sıralarda gedir. “Tu-134” təyyarəsi buna bariz sübutdur. Artıq neçə ölkələrdən bu təyyarənin alınması üçün sifarişlər daxil olmaqdadır. Mən hələ 3 il öncə bunu görürdüm. Mən o vaxt, 1960-cı ildə Tupolevi yanıma dəvət etdim. Biz yeni təyyarənin istehsalı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Mən Tupolyevə çox şeyləri başa saldım, yeni təyyarənin hansı texniki göstəricilərə malik olmağını ona anlatdım. O, mənim fikirlərimi qəbul etdi və məhz bunun üzərində də yeni təyyarə meydana gəldi...”
Qeyd edək ki, “Tu-134” təyyarəsi SSRİ-də ilk beynəlxalq sertifikat alan təyyarə olub. Bu təyyarə təkcə SSRİ-də deyil, həmçinin bir sıra xarici ölkələrdə də kütləvi istismara buraxılıb. 1972-ci ildən sonra “Tu-134” əsasən beynəlxalq xətlərə buraxılıb.
21 il ərzində “Tu-134” təyyarəsi Xarkov aviasiya zavodunda istehsal olunub. Bu illər ərzində zavod 856 təyyarə istehsal edib.
Təyyarənin istehsalı büdcəyə o qədər gəlir gətirib ki, aviasiya sənayesi sahəsində çalışanlar səmada “Tu-134” görəndə “gəlirimiz göylərə qalxır” deyə öz “məhsul”ları ilə öyünüblər.
Onu da qeyd edək ki, dünyanın aviasiya sahəsində “Tu-134” uzun illər ən təhlükəsiz təyyarələrdən biri sayılıb.
21 may 2019-cu ildə “Tu-134” təyyarəsi sonuncu reysini yerinə yetirib. Göyərtəsində 70 sərnişin olan, “Alrosa” aviaşirkətinə məxsus təyyarə İrkutskdan Yakutiyanın Mirni şəhərinə uçub. Bu reysindən sonra təyyarə Novosibirskdəki aviasiya və kosmonavtika muzeyinə göndərilib.
Ilham Cəmiloğlu, Musavat.com