1986-cı ilin yanvar ayının 24-də Rostov vilayət Partiya Komitəsinin birinci katibi Aleksandr Vlasov istilik sistemində yaranmış problemlərlə bağlı kommunal təsərrüfatların rəhbərləri ilə iclas keçirəndə köməkçisi onu tədbirdən ayırıb:
-Aleksandr Vladimiroviç, Moskvadan zəng gəlib, siz təcili Mixail Qorbaçovla danışmalısınız.
İclası yarımçıq tərk edən birinci katib kabinetinə qayıdıb. Bir neçə dəqiqədən sonra onun baş katiblə telefon danışığı başlanıb. Qorbaçov ümumi sorğu-sualdan, hal-əhval tutduqdan sonra mətləbi açıqlayıb:
-Siyasi Büro sizin daxili işlər naziri vəzifəsinə təyin olunmanızı məqsədəuyğun sayır.
Vlasov bu gözlənilməz təklifə reaksiya verməmiş Qorbaçov sözünü davam etdirib:
-Sizin arxanızca xüsusi təyyarə göndərilib. Siz bu gün Mərkəzi Komitədə olmalısınız.
Bununla da Vlasov partiya orqanlarındakı işindən ayrılaraq 24 yanvar 1986-cı ildə SSRİ daxili işlər naziri təyin edilib.
Qeyd edək ki, uzun illər həm Qorbaçov, həm də Vlasov vilayət partiya komitələrinin birinci katibləri işlədiklərindən aralarında sıx dostluq münasibətləri yaranıb.
Bir gün də olsun belə hüquq-mühafizə orqanlarında işləməyən, vilayət partiya komitəsindən ümumittifaq miqyaslı bir quruma, SSRİ daxili işlər naziri vəzifəsinə təyinat alan, mülki kostyumunu çıxarıb general-polkovnik rütbəli hərbi mundir geyinən Aleksandr Vlasov nazir işlədiyi iki il ərzində, SSRİ-nin qarışıq bir dövründə ölkənin kriminogen durumunu, “qaynar ocaqlar”dakı vəziyyəti peşəkarcasına nəzarətdə saxlaya bilib, hər bir hadisə haqqında geniş informasiyalara malik olub, elə 1988-ci ilin fevral ayında Xankəndi şəhərinin baş meydanında mitinqə çıxanların sayını da dəqiq bilib.
29 fevral 1988-ci il tarixli Sov.İkp MK-nın Siyasi Bürosunun Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələrlə bağlı keçirilən iclasının protokolunda da (1994-cü ildə məxfilik qrifindən çıxarılıb) bir daha bunun şahidi oluruq. Həmin protokolda aşağıdakılar da qeyd olunub:
“Mixail Qorbaçov: Mərkəzi Komitədən Dağlıq Qarabağ Muxtar Vilayətinə ezam olunmuşlar mənə məlumat verirlər ki, Stepanakertdə ocaq qalayırlar, kabab bişirirlər, ümumilikdə heç bir qanun pozuntusu yoxdur. Amma yerli əhali şəhərin meydanını da tərk etmir. Təxminən 500 nəfərdən artıq erməni sakin gecə-gündüz meydanda qalır.
SSRİ daxili işlər naziri Aleksandr Vlasov: “Mixail Sergeyeviç Stepanakertdə meydana toplaşanların sayı 500 deyil, 1000 nəfərdən çoxdur, təxminən 1200-1300 nəfərdir...”
Aleksandr Vlasovun iki illik nazir fəaliyyəti bir çox hadisələrlə yadda qalıb. Daxili İşlər Nazirliyinin strukturunda Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) yaradılması məhz onun adı ilə bağlıdır.
Aleksandr Vlasov nazir təyin olunduqdan az sonra daxili işlər orqanlarında ciddi kadr islahatları aparıb. Onun kadr islahatlarında bir çox peşəkar zabitlər partiya orqanlarında çalışan məmurlarla əvəzlənib. 1978-ci ildən 1987-ci ilə qədər Azərbaycanın daxili işlər naziri olmuş general-leytenant Cəfər Vəliyev də məhz Vlasovun əmri ilə nazir vəzifəsindən azad olunub.
Qorbaçovla yaxın münasibətləri Vlasova əlavə səlahiyyətlər də verib. O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə çox meylli olmasa da, Qorbaçovun şəxsi tapşırıq və göstərişlərini icra etmək məcburiyyətində qalıb.
SSRİ-nin uçuruma doğru yuvarlanmasının qaçılmaz olduğunu anlayan Vlasov 1988-ci ilin oktybr ayında Qorbaçovun təşəbbüsü ilə Rusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1990-cı ilə qədər bu vəzifədə işləyib. Həmin il Rusiya Xalq Deputatları Sovetinin birinci qurultayında Rusiya Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə Vlasovun da namizədliyi irəli sürülüb və seçkilər ərəfəsində o, Qorbaçovdan böyük dəstək alıb. Amma bu dəstəyə baxmayaraq Vlasov seçkilərdə qalib gələ bilməyib. O, Boris Yeltsindən 68 səs az alaraq, ona məğlub olub.
SSRİ-nin süqutu ilə Vlasovun da karyerasına son qoyulub. O, siyasi fəaliyyətinin son aylarını Mərkəzi Komitədə sosial-iqtisadi şöbənin müdiri vəzifəsində keçirib. Sonralar yazdığı xatirələrində Vlasov sonuncu iş yeri ilə bağlı maraqlı bir ifadə işlədib:
“Bir gün gəlib dedilər ki, Mərkəzi Komitə bağlanır, siz hamınız azadsınız. Bu ifadə mənə daha çox hansısa gəlir gətirməyən bir dükanın bağlanmasını xatırladırdı. Nəhəng bir dövlətin mərkəzi aparatının bu cür qapanması çox acınacaqlı idi...”
Aleksandr Vlasovun ömrü də elə SSRİ-nin ömrü qədər olub, o, 2002-ci ildə, 70 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com