Spikerlərin Cenevrə GÖRÜŞÜ:Onlar nəyi müzakirə edəcəklər?

Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons mediaya açıqlamasında bildirib ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrda Cenevrədə ölkələr arasındakı sülh nizamlanması çərçivəsində görüşəcəklər. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü artıq üçüncü dəfə oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək. Mətbuat katibi görüşün dəqiq tarixinin hələ açıqlanmadığını diqqətə çatdırıb, eyni zamanda vurğulayıb ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, həm Azərbaycanda, həm də Ermənistanda bütün siyasi qərarları verəcək tərəf Azərbaycan Prezidenti və Ermənistanın baş naziridir.

Onun sözlərinə görə, dövlət hakimiyyət qollarının rəhbərlərinin görüşü isə hakimiyyət qollarının arasında həm də əməkdaşlıq yaradır: “Bu görüşlər ona görə vacibdir ki, gələcəkdə dövlət başçılarının verdiyi siyasi qərarlar məhz parlamentdə ratifikasiya olunmalıdır. Bu baxımdan hər iki ölkə hakimiyyətinin çox ciddi qanunverici qolu olan parlament rəhbərlərinin görüşü müəyyən mənada qarşılıqlı etimadı tətikləyir. Çünki görüşməsən, danışmasan heç zaman dövlətlərarası etimadı təmin etmək mümkün deyil. Əslində burada qorxulu bir şey də yoxdur. Görüşüb söhbət etmək, hətta razılığa belə gəlmək olur. Azərbaycan və Ermənistan arasında ikili müstəvidə artıq neçənci dəfədir ki, konkret qərarlar, razılaşmalar əldə olunur. Bu, ciddi göstəricidir. Bu göstərici artıq kənar müdaxilələri istisna edir. Kənar müdaxilələrin olmasındansa, bu cür görüşlərin olması daha uyğundur. Çünki  nə qədər çox danışıb, nə qədər çox görüşsələr, bir o qədər bir-birlərini daha yaxşı tanımaq, etimad etmək, inanmaq və anlaşmaq mümkündür. Düşünürəm ki, bu təcrübəni sadəcə xarici ölkələrdə həyata keçirmək lazım deyil. Artıq bunu yerliləşdirməyə ehtiyac var”.

Politoloq qeyd edib ki, xarici işlər nazirlərinin başqa ölkələrdə görüşməsinə də ehtiyac yoxdur: “Sərhədlərin müəyyənləşməsi ilə bağlı birgə komissiya bilavasitə sərhəddə görüşür. Konkret anlaşmalar, razılaşmalar ortaya qoya biliblər. Eyni təcrübə burada da tətbiq oluna bilər. Dövlət başçıları səviyyəsində razılaşma olacaqsa, sərhədyanı ərazidə, məsələn Qazaxda və yaxud da Qazaxa həmsərhəd olan Ermənistan rayonunda görüşmək olar. Düşünürəm ki, bunu artıq tədricən ənənəyə çevirmək lazımdır. Buna görə də parlament sədrlərinin görüşünü mən müsbət dəyərləndirirəm. Çünki çox vacib hakimiyyət qoludur. Gələcəkdə bunlara ehtiyac olacaq. Ancaq konkret sülh prosesində hansısa ciddi dəyişikliklərə səbəb olacağını düşünmək doğru deyil. Bu məsələdə birmənalı olaraq qərar verən tərəf ali icra hakimiyyətləri, prezident və baş nazirdir. Bu prosesdə də əsas danışıq aparıcı tərəf diplomatiya, yəni xarici işlər nazirliyidir”.

27.09.2024 15:12
349