Şoyqunun İran və Bakı səfərlərinin ŞOK pərdəarxası

Ötən gün İrana, ardınca da Azərbaycana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bu ziyarətləri həm dünya, həm də ölkə ictimaiyyəti arasında ciddi müzakirə yol açıb. Əksər təhlilçilər bu səfərlərin əsas məqsədinin Rusiyanın İranı İsrail-ABŞ hücumlarına qarşı dəstəkləmək cəhdi kimi dəyərləndirdi. Mülahizələrə görə, Rusiya rəsmisi bu addımı atmaqla Vaşinqtona “nəbadə İrana hücum edərsiniz” mesajı verib.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, bu mülahizələrlə razılaşmır.

HEYDER OGUZ.jpeg (277 KB)

Onun fikrincə, xüsusilə indiki zamanda Rusiya İranı İsrailə qarşı dəstəkləməz:

“İlk növbədə ona görə ki, İranı İsrailə qarşı dəstəkləmək Rusiyanın geosiyasi maraqlarına ziddir. Bununla belə, İran-İsrail gərginliyi nə qədər çox artarsa, ABŞ-ın diqqəti daha çox Ukrayna savaşından yayınacaq və NATO ölkələri bütün diqqətlərini Yaxın Şərqə yönəldəcək. Nəticədə ABŞ-dakı yəhudi lobbisi bütün səylərini birləşdirib İsrailin daha çox silahlandırılmasına çalışacaqlar. Bu da istər-istəməz Ukraynanın silahlandırılmasında növbəti ləngimələrə yol açacaq. Digər tərəfdən, İran-İsrail savaşının başlaması Rusiyanın 1 nömrəli düşməni hesab olunan Co Bayden hakimiyyətinin nüfuzunu xeyli dərəcədə aşağı sala və Donald Trampın hakimiyyətə gəlməsini asanlaşdıra bilər. Həm Rusiya, həm də İsrail rəsmilərinin Trampın seçkilərdə qələbə çalmasını daha çox arzulayırlar və bu fakt onların çıxışlarında da öz əksini tapır. Bu baxımdan, Rusiya ilə İsraili gizli müttəfiq də saymaq olar. Üstəlik, İran da bunun fərqindədir və məhz bu səbəbdən də son zamanlar Rusiyadan kənarlaşıb Avropaya meyllənmək xəttini tutub. Çünki həm Rusiyanın, həm də Çinin ondan proksi qüvvəsi kimi istifadə etməyə çalışdığını bilir.

Necə ki, İran HƏMAS-a, Husilərə və Hizbullaha özünün proksi qüvvələri kimi baxırsa, Rusiya və Çinin də özlərini ABŞ-ın təcavüzündən qorumaq üçün İranın arxasında gizləndiyini anlayan Tehran məhz bu səbəbdən islahatçı lider Məsud Pezeşkianın prezident seçilməsinə yaşıl işıq yandırdı.

MESUDI .png (948 KB)

Bir növ Qərbə him-cim göndərdi. Sözsüz ki, Rusiya İranın bu “xəyanətini” bağışlamaz və nəyin bahasına olursa-olsun onun hakimiyyətdən uzaqlaşdırılıb, daha mühafizəkar birinin İran prezidenti kürsüsündə orturdulmasına çalışar. Bu mənada Kremlin Pezeşkian hakimiyyətini müdafiə etməsi də inandırıcı görünmür”.

Heydər Oğuz hesab edir ki, başı onsuz da Ukraynada böyük müharibəyə qarışan Moskva ikinci cəbhədə iştirak etmək arzusunda deyil:

“Bu, ciddi təchizat sıxıntısı çəkən Rusiya üçün əlavə baş ağrısı olardı”.

Heydər Oğuz deyib ki, Rusiya istəsə belə, İrana ciddi dəstək vermək iqtidarında deyil.

Siyasi şərhçi bunu İrana qarşı müharibəyə hazırlaşan ABŞ-ın hücuma Rusiya hərbi donanmasının olmadığı məkandan başlama ehtimalı ilə izah edib:

“Söhbət Hörmüz boğazından gedir. Rusiyanın bu bölgədə 1 hərbi gəmisi olmadığı halda ABŞ özünün ən güclü dəniz qüvvələrinə həmin su hövzəsinə yığıb. Üzərində yüzdən çox müasir hərbi təyyarə daşıyan bu gəmilərlə üz-üzə gəlmək Rusiya üçün ölümcül nəticələr doğura bilər”.

GELMEK.jpg (101 KB)

Hörmüz boğazında ABŞ-İran müharibəsinin qlobal neft və qaz rezervlərinin mühüm hissəsinin toplandığı məkanın bağlanması anlamına gəldiyini bildirən siyasi şəhçi bu amilin də Rusiyanın İranı dəstəkləməsinə əngəl olacağını düşünür:

“Çünki Hörmüz boğazının bağlanması dünya bazarında neft və qaz qiymətlərini dəhşətli dərəcədə artırmaqla yanaşı, Avropanı rus enerji daşıyıcılarından daha çox asılı vəziyyətə gətirə bilər. Həm Avropadan qisas almaq, həm də özünün əvəzedilməzliyini bərpa etmək baxımından Rusiya üçün bundan daha gözəl fürsət ola bilməz. Heç kim öz qarşısında doğan fürsətə təpik atmadığı kimi, Rusiya da bunu dəyərləndirməyəcək qədər naşı deyil. Ayrıca, Rusiya İranla Suriyada təbii rəqibdir. Bu ölkənin bütün iqtisadi və inzibati rıçaqlarını ələ keçirmək üçün onunla amansız rəqabət aparır. Odur ki, İsrailin Hizbullahı və SEPAH-ı sıxışdırıb Suriyadan çıxarmasından ən çox qazananlardan biri də Rusiya olardı”.

SEPAH.jpg (178 KB)

Bütün bu amilləri nəzərə alan siyasi şərhçi hesab edir ki, Rusiya indiki anda İrana yetərli dəstək verməz.

“Ona sadəcə ümid verib savaşa daha çox həvəsləndirməsini istisna etmirəm. Amma bu həvəsləndirmə real dəstək səviyyəsində olmaz. Rusiya və yeri gələndə Çin İran-İsrail gərginliyinin illərlə davam etməsində maraqlıdır və bu istiqamətdə bütün səylərini birləşdirəcəklər”, - deyən Heydər Oğuzun fikrincə, İranın dostlarının ona dəstəyi eynilə ABŞ-ın Ukraynaya yardımına bənzəyəcək:

“Necə ki, ABŞ Ukraynanı nə məğlub olacağı, nə qalib gələcəyi səviyyədə dəstəkləyir, İranın dostlarının da ona yardımı “ölmə, amma dirçəlmə də” şəklində özünü göstərəcək”.

Siyasi şərhçinin Rusiya ilə İsrailin gizli müttəfiq olmasına dair mülahizələrinin əsas arqumentlərindən biri də dəfələrlə Təl-Əvivin Suriyada İran mövqelərini bombalayarkən Moskvanın buna seyrçi qalmasıdır:

“Heç uzağa getməyək, İsrail aprel ayında Suriyadakı İran konsulluğunu bombardman edəndə rus hava hücumundan müdafiə sistemləri söndürülmüşdü. Bu kimi hallar dəfələrlə təkrarlanıb. Sanki İsrail Rusiyanın razılığı ilə bu hədəfləri vurur. Halbuki, İranla əldə edilən razılığa görə, Suriyanın hava sərhədlərini Rusiya qorumalıdır. Rusiya isə müxtəlif bəhanələrlə bu bombardmanlara münbit şərait yaradıb və yaradır. Üstəlik, onu da unutmayaq ki, İsraildə 1 milyondan çox rusdilli yaşayır və bu amil də iki dövləti yaxınlaşdırır. Rusdilli yəhudilərin Rusiya ilə İsrail arasında güclü lobbiçilik fəaliyyəti apardıqları da sirr deyil”.

İSRAEL.png (658 KB)

Şoyqunun Azərbaycana səfərinə gəlincə, Rusiya rəsmisinin məqsədinin İranla az əlaqəsi olduğuna inanan Heydər Oğuzun fikrincə, mümkündür ki, Moskva Bakını İran-İsrail/ABŞ gərginliyinin artmasından istifadə edib Ermənistanla yeni müharibəyə həvəsləndirmək istəsin:

“Məqsədlərdən biri, təbii ki, dünyanın hər tərəfində apardığı xarici siyasəti iflasa uğrayan Demokratlar Partiyasının məğlubiyyətini tezləşdirmək və Trampın hakimiyyətə gəlməsini asandırlaşdırmaq ola bilər. Digər məqsəd isə getdikcə Rusiyanın təsir dairəsindən uzaqlaşıb Qərbə meyllənən Ermənistana bizim vasitəmizlə qulaqburması verməkdir. Amma rəsmi Bakının rus fitnəsinə gedəcəyinə inanmıram. Əminəm ki, Azərbaycan yenə Şərq müdrikliyi ilə Rusiyanı yola verəcək və Qərblə konfrantasiyaya getməyəcək”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

07.08.2024 12:54
1549