“Şövkət xanımı qızının ölümü və Qarabağ dərdi məhv etdi” - Sənətkarın gəlinindən AÇIQLAMA - FOTOLAR

“Bu gün Azərbaycanın görkəmli, əvəzolunmaz sənətkarı Şövkət xanımın ad günüdür. Onun bu gününü biz xüsusi olaraq qeyd edirik. Bu səhər ailə üzvləri-nəvələri, nəticələri ilə birlikdə onun məzarını ziyarət etdik. Balacalar mənə suallar verirlər. Onların suallarını cavablayıram. Çünki nəvə və nəticələri Şövkət xanımı çox az görüblər. Şövkət xanım dünyasını dəyişəndə qızım 6 ayın içində idi. Oğlum onu görməyib. Ona görə bu gün mütləq Şövkət xanımın ocağında yığışıb ad gününü qeyd edəcəyik. Təəssüf ki, təkcə o yanımızda olmayacaq”.

Musavat.com xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib.

O daha sonra əlavə edib.

“Şövkət xanım doğum günlərini evdə qeyd edərdi. Qohumları, dostları onun evinə yığışardılar. Biz bu günə həmişə hazırlıq görərdik. Rəhmətlik qızı Natella xanımın çox gözəl əl qabiliyyəti var idi. Özümüz hər şeyi təşkil edirdik. Musiqi səslənərdi, hamımız Şövkət xanımdan xahiş edərdik ki, hansısa bir mahnını ifa etsin. O da bizi qırmazdı. Çox gözəl günlər idi. Şövkət xanım əzizlərini, doğmalarını bir yerdə görüb sevinərdi. Onun evi qonaqlıq-qaralı olurdu. O təkliyi sevməzdi. Bu gün mən deyəndə ki, Şövkət xanımın gəliniyəm, o qədər gözəl sözlər eşidirəm ki.. Onsuz da hamı məni Şövkət xanıma bənzədir. Şövkət xanım da məni öz gəncliyinə bənzədərdi.. Hamı bilir ki, Şövkət xanım necə bir insan olub. Qayğıkeş, mehriban biri idi. Onu bu xüsusiyyətləri xalqımıza sevdirib”, - deyə gəlini bildirib.

Gülnarə Səfərova bildirib ki, Şövkət xanımı bu gün Azərbaycan xalqı unutmayıb.

“Bu günü Azərbaycan xalqı da qeyd edir. Dünən mən bir qrup ziyalı xanımlarla görüşüb, birlikdə Şövkət xanımın doğum gününü qeyd etdik. Şövkət xanımın mahnılarına qulaq asıb, onun haqda danışdıq. Mən görürəm ki, həqiqətən də Şövkət xanıma sevgi çoxdur və bu sevgi günü-gündən artır. Şövkət xanım deyirdi ki, mən 50 ildən çox Azərbaycan xalqına lay-lay oxumuşam, onların ana laylası olmuşam. O oxuduğu lirik mahnılarla bizə böyük bir irs qoyub. Tofiq Quliyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Emin Sabitoğlu, Ramiz Mirişli və başqaları Şövkət xanıma müraciət edirdilər və bilirdilər ki, Şövkət xanım onların mahnılarını oxusa möhürünü vuracaq və bu mahnı əbədi olaraq “Qızıl Fond”-da qalacaq. Nə qədər ki, Azərbaycan xalqı var, Şövkət xanım yaşayacaq. Onun mahnıları bu gün də sevilir, sevinc hissi ilə biz bu mahnıları dinləyirik. Çünki hər mahnıda o öz ürəyini, qəlbini görüb. O Azərbaycanı, Bakını çox sevirdi. Vətəninə bağlı idi. Qarabağ dərdi onu sıxırdı, sarsıdırdı. Qızını 48 yaşında itirdi, bu dərdə dözə bilmədi. Bu iki dərd onu məhv etdi. Şükür edirəm və sevinirəm ki, yəqin ki, Şövkət xanımın bu gün ruhu şaddır, Qarabağ Azərbaycanındır. “Qarabağ” şikəstəsi, “Laçın” mahnısı o torpaqlarda səslənir. Yaşasın bizim doğma Azərbaycanımız”, - deyə sənətkarın gəlini bildirib.

20.10.2024 17:04
1286