Sovet vətəndaşlığından məhrum edilən xalq artisti – onun bir müsahibəsi Kremldə aranı qarışdırıb  

Öz dövrünün ən tanınmış teatr rejissorlarından biri sayılan Yuri Lyubimov bir çox fəxri adlara və titullara sahib olub: xalq artisti, Stalin mükafatı laureatı, “Qırmızı Əmək Bayrağı” ordeni, “Moskvanın müdafiəsi uğrunda” medal, Dövlət mükafatı və s. Bu fəxri adlarla yanaşı rejissor həm də açıq fikirli, aydın və işıqlı bir sima kimi tanınıb. Lyubimov kütlələr tərəfindən sevilib, xüsusilə ziyalılar arasında böyük nüfuza sahib olub. Rejissor qoyduğu tamaşalarda, iştirak etdiyi tədbirlərdə sovet rejiminin qadağalarını, nöqsanlarını qabartmaqdan, yaradıcı insanların fəaliyyətini məhdudlaşdıran senzuranı tənqid etməkdən çəkinməyib.

Əslində, bu cəsarətinə görə Lyubimov çoxdan DTK-nın zirzəsimində sorğu-suala tutulmalı idi. Amma DTK sədri, daha sonra baş katib olan Yuri Andropovla şəxsi münasibətləri onu, yaradıcısı və rəhbəri olduğu “Taqanka” teatrını xilas edib. Andropov Lyubimovun yaradıcılığına yüksək qiymət verib, onun rejissor talantını dəyərləndirib. Hətta baş katib arabir rejissoru yanına dəvət edərək yaradıcılıq mövzusunda onunla həmsöhbət olmaqdan zövq alıb.

Yuri Lyubimov 1917-ci ildə Yaroslavlda anadan olub. Ailə 1922-ci ildə Moskvaya köçüb. Orta təhsilini başa vurduqdan sonra o, Şukin adına teatr məktəbində təhsil alıb. İlk fəaliyyətinə Vaxtanqov adına Dövlət Dram Teatrında başlayıb.

455403FE-91EA-4ABE-8D29-3862282EC56B_cx0_cy9_cw0_w1080_h608_s.jpg (103 KB)

Sovet-alman müharibəsi başlananda Lyubimov hərbi xidmətə çağırılıb. Təhsili nəzərə alınaraq onu “NKVD”-nin mahnı və rəqs ansamblına götürüblər. Müharibə illərini Lyubimov cəbhə bölgələrində keçirib, döyüşçülər qarşısında saysız çıxışları olub.

Müharibədən sonra Vaxtanqov teatrında fəaliyyətini davam etdirən rejissor 1963-cü ildə Moskva Dram və Komediya Teatrının bazasında “Taqanka” teatrını yaradıb və onun ilk direktoru olub. “Taqanka” çox qısa bir müddətdən sonra Moskvanın ən populyar, ən çox ziyarət olunan mədəniyyət ocaqlarından birinə çevrilib.

Lyubimovun quruluşunda olan tamaşalar Kreml məmurlarında həmişə narahatlıq yaradıb və rejissor mütəmadi olaraq tənqid və təzyiqlərə məruz qalıb. Məsələn, onun quruluşunda olan “Vladimir Vısotski” tamaşasının (Vısotski də vaxtilə həmin teatrda çalışıb) premyerasına icazə verilməyib. Yuxarıda qeyd etdiyimiz ki, bu cür qadağalar Andropovun sayəsində aradan götürülüb.

1983-cü ildə artıq Avropa səviyyəsində məşhur olan Lyubimov Londondan qastrol təklifi alıb. O, Londonun “The Lyric Theatre” teatrında Dostoyevskinin “Cinayət və cəza” əsərini səhnəyə çıxarıb. Qastrolun uğurlu keçdiyini və böyük qonorar gətirdiyini görən rejissor bir müddət də Londonda qalmağa qərar verib və Moskvaya Londonda müalicə aldığını məlumat verərək ona məzuniyyət verilməsini xahiş edib. Xahiş nəzərə alınıb.

cdc90ba8467f7f68e74b6048710524e3.jpg (71 KB)

Bu ərəfədə xarici jurnalistlər Lyubimovu rahat buraxmayıblar. “Tayms” qəzetinin jurnalisti isə rejissoru açıq danışmağa “məcbur” edib. Belə ki, jurnalist Lyubimovdan dinə, Allaha inandığını soruşanda, rejissor “bəli” cavabını verib. Bundan sonra jurnalist növbəti sualını ona ünvanlayıb:

-Dinə inamı olan bir şəxs necə kommunist partiyasının üzvü ola bilər?

Bu sual Lyubimovu “danışdarmağa” vadar edib. Rejissor kommunist rejiminin bəzi “məqam”larını açıqlayıb. O, müsahibəsində SSRİ mədəniyyət naziri Demiçevi axmaq, Moskva şəhər Partiya Komitəsinin birinci katibi Qrşini yaramaz adlandırıb, Siyasi Büro üzvlərini mədəniyyətdən anlayışı olmayan kütbeyinlər kimi xarakterizə edib.

Həmin həftə qəzet dərc olunub və rejissorun müsahibəsi Kremlin kabinetlərində əl-əl gəzib. Lyubimov Moskvadan bir-birinin ardınca sərt ultimatumlar alıb. O, Moskvada onu nə gözlədiyini yaxşı anlayıb. Amma Londondan sığınacaq almaq fikrinə də düşməyib. Rejissor bu vəziyyətdə Andropova arxalanıb. Baş katibdən reaksiya gözləyib. Bu gözləmə iki ay davam edib, 1983-cü ilin sonlarından 1984-cü ilin fevral ayına qədər. Nəhayət, Moskvadan xəbər gəlib, amma rejissorun istədiyi xəbər yox, Andropovun vəfat etməsi xəbəri.

Növbəti xəbər isə Lyubimov üçün ağır zərbəyə çevrilib. 1984-cü ilin martın 6-da Lyubimov “Taqanka” teatrının direktoru vəzifəsindən azad edilib. Siyasi Büro üzvlərinin məsləhətləşməsindən sonra onu sovet vətəndaşlağından məhrum ediblər.

Bu ərəfədə Lyubimov bir müddət İtaliyada məskunlaşıb. Bu ölkədəki SSRİ-nin konsulluğunun əməkdaşları rejissordan sovet pasportunu tələb edəndə Lyubimov onların tələbinə əməl etməyib:

Mən bu pasportu çürük bir rejimin suveniri kimi saxlayacam. Kommunistlərin ömrünə az qalıb. Bu cür cəmiyyətin ömrü uzun ola bilməz.

7621353_8901522.jpg (58 KB)

Lyubimovun dedikləri həqiqətə çevrilib. 1989-cu ildə SSRİ süqutun uçurumunda dayananda Lyubimov SSRİ Ali Sovetinə müraciət ünvanlayıb. Onun müraciətinə müsbət cavab verilib, vətəndaşlığı bərpa olunub. 1990-cı ildən o, yenidən “Taqanka” teatrının direktoru olub.

Rejissor 2014-cü ildə. 97 yaşında yuxuda olarkən vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

23.06.2024 12:17
2731