Sovet liderlərinin yay istirahətləri – baş katiblərin ixtiyarında 78 dövlət bağı olub...

1917-ci ildə inqilab yolu ilə hakimiyyəti ələ keçirən, daha sonra böyük əraziləri işğal edərək SSRİ-ni yaradan bolşevik liderləri ölkənin idarə olunmasında kollektivləşdirməyə daha çox üstünlük versələr də, şəxsi həyatlarında “kolxoz” sistemini tətbiq etməyiblər. Sovet rəhbərləri şəxsi həyatlarında, məişətlərində, yaşam tərzlərində sıravi vətəndaşlardan qat-qat yuxarı səviyyədə dayanıblar. Birincilər öz istirahətlərinə də xüsusi diqqət ayırıblar.

SARAY SON.jpg (115 KB)

SSRİ-nin mövcud olduğu 70 il ərzində ölkənin ayrı-ayrı bölgələrində sovet liderləri üçün 78 istirahət evi tikilib. Bu, Mərkəzi Komitənin İşlər İdarəsinin, Səhiyyə Nazirliyinin, Həmkarlar İttifaqının rəsmi olaraq balansında olanlardır. Qeyri-rəsmi isə birincilər üçün heç bir dövlət qurumunun balansına salınmayan bağ evləri də inşa edilib. Xüsusilə, İosif Stalin və Leonid Brejnev üçün belə “sürprizlər” daha çox olub. Hətta iqamətgahların çoxluğundan həm Stalin, həm də Brejnev bu bağ evlərində bir dəfə də olsun istirahət etməyiblər.

BAQO.jpg (117 KB)

Birincilər daha çox Krımda, Şimali Qafqazda, qısa müddətli məzuniyyətlərini Moskva ətrafında keçirməyə üstünlük veriblər.
Lenin artıq 1919-cu ildə Moskva ətrafında, Qorkidə çar dövründə böyük fabriklərə malik olan Zinaida Reynbota məxsus iqamətgaha sahib olaraq onu Xalq Komissarları Sovetinin balansına salıb və dövlət bağı kimi istifadə edib.

Lenindən nümunə götürən Stalin, Dzerjinski, Voroşilov da 1920-ci ilin əvvəllərində Moskva ətrafında çar dövrünün tanınmışlarının bağ evlərini dövlət bağı adı altında öz istirahət məkanlarına çeviriblər.

1930-cu illərin əvvəllərindən sovet liderləri və yüksək ranqlı dövlət məmurları üçün yeni istirahət iqamətgahları tikilməyə başlanıb.

BAQO SON.jpg (96 KB)

Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində həmin dəbdəbəli bağ evlərini aşağıdakı kimi xatırlayıb:

“1930-cu illərdə dövlət məmurları üçün bağ evləri dəb halını almışdı. Xalq Komissarları Sovetinin dövlət bağları ilə bağlı xüsusi qərarı da var idi. Mən atamın silahdaşlarının bir çoxlarının bağında olmuşdum. Mikoyanın bağ evi daha təmtəraqlı idi. Vitraj pəncərələr, İtaliyadan gətirilmiş ev avadanlıqları, həyətdəki yaşıllıq göz oxşayırdı. Mikoyan həyətin arxa hissəsində istixana da düzəltdirmişdi. Yay-qış bu istixanada tərəvəzlər yetişdirirdilər. Voroşilovun bağ evi böyüklüyü ilə fərqlənirdi. Həyətdə atların saxlanılması üçün xüsusi yer də var idi. Bu yer Voroşilovun istirahət məkanı sayılırdı. Otaqların birində isə yalnız kitab rəfləri yığılmışdı. Voroşilov mütaliəni çox sevməsə də, kitabxanası olduqca zəngin idi...”

Bağ evi məsələsində Stalin daha “zəngin” olub. Təkcə Abxaziyada 7, Krımda 3, Moskva ətrafında 5 bağ evi sovet liderinin istirahəti üçün inşa edilib. Bu bağ evlərinin inşasına dövlət büdcəsindən kifayət qədər böyük vəsaitlər sərf edilib. Rəsmi statistikaya görə, təkcə 1951-ci ildə Stalinin bağ evlərinin saxlanılmasına 23 milyon rubl xərclənib. Abxaziyanın Qadut rayonunda yerləşən bağ evinə yeni yolun çəkilməsi üçün isə 16 milyon rubl sərf edilib. O ki qaldı Stalinin bağ evindəki gündəlik xərclərinə, xidməti personalın, mühafizəçilərin maaşlarını çıxdıqdan sonra sovet liderinin gündəlik xərcləri 3 min rublu keçib.

BAQOM.jpg (136 KB)

Çoxsaylı bağ evlərinin arasında Stalin daha çov Kuntsevodakı “Blijni daça” deyilən bağ evinə üstünlük verib. 1930-cu ilin sonlarından Stalin demək olar ki, elə bu bağ evində yaşayıb.

Nikita Xruşov hakimiyyətə gəldikdən sonra Stalinin bağ evlərinə göz dikməyib. O, həmin bağ evlərini “it damı” adlandıraraq özünə daha geniş istirahət məkanları inşa etdirib. Moskva ətrafında iki bağ evinə sahib olan Xruşov yay məzuniyyətini əsasən Krımda keçirib. Bu bölgədəki 1 saylı dövlət bağı Xruşovun tam ixtiyarında olub. Hektarlarla ərazisi olan bağ evində bütün şərait yaradılıb. Ərazidə ayrıca qonaq evi, müşavirə zalı, xarici ölkələrin liderlərinin yaşaması üçün iqamətgah, çimərlik zonası, eletrostansiya, rabitə qovşağı, məxfi kabinet və s. kiçik bir ölkəni xatırladıb.

İstirahətinə xüsusi diqqət yetirən Brejnev isə onun üçün məxsusi tikilmiş istirahət məkanlarının heç birindən imtina etməyib.

SOVET BAG.jpg (68 KB)

Leonid İliç də Krımda istirahət etməyə daha çox üstünlük verib. Moskvada olanda isə o, yay-qış Zareçyedəki bağ evində yaşayıb. Brejnevin bağ “arsenalında” təxminən 20-ə yaxın bağ evi olub.

Sonrakı sovet liderləri Yuri Andropov və Konstantin Çernenkonun hakimiyyət müddəti 15 və 13 ay olduğundan onlar cəmi bir dəfə yay istirahətinə çıxıblar və çoxsaylı bağ iqamətgahlarına sahib ola bilməyiblər.

QESR.jpg (86 KB)

Mixail Qorbaçov qısa müddətli məzuniyyətlərində bir neçə dəfə xarici ölkələrdə olub. Yay istirahətini isə o, vaxtilə Xruşovun və Brejnevin də istirahət etdiyi Krımdakı 1 nömrəli dövlət bağında keçirib.

Göründüyü kimi, nə dünya proletarlarının rəhbəri Lenin, nə bütün ömrünü bir şineldə “keçirən” Stalin, nə kommunizmə doğru sürətlə irəliləyən Xruşov, nə də “SSRİ-də hamı bərabərdir” deyən Brejnev heç də “Pravda” qəzetində, “Vremya” proqramında təqdim olunduqları kimi olmayıblar.

İlham Cəmiloğlu,
Musavat.com

25.06.2024 10:52
3559