Sovet kosmonavtikası tarixinin ən faciəli hadisəsi – uğursuzluq Siyasi Büroda ciddi narahatlıq yaradıb

Sovet dövründə kosmonavtika sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərilib. Bu diqqət kosmonavtikanın inkişafı ilə yanaşı, həm də siyasi xarakter daşıyıb. Belə ki, SSRİ bu sahədə Amerika ilə rəqabətə girişib və böyük uğurlara  imza atıb. Sovet liderləri kosmonavtika sahəsində liderliyi saxlamaq üçün milyonlarla vəsait sərf ediblər. Amma bütün bunlara baxmayaraq  faciəli hadisələr də bu sahədən yan keçməyib...

1971-ci ilin aprel ayında dünyada ilk olaraq orbitə kosmik stansiya SSRİ tərəfindən buraxılıb. “Salyut-1” stansiyası kosmosda 175 sutka qalıb. Stansiyasının orbitə buraxılmasının məqsədi məxfi saxlanılıb, bu haqda yalnız ümumi anlayışlar ictimaiyyətə çatdırılıb; orbitdə stansiyanın necə işləməsini öyrənmək, kosmosda uzun müddət qalmağın insan orqanizminə təsirini araşdırmaq və s. Əslində isə “Salyut-1” stansiyasının kosmosa buraxılması gələcəkdə kosmosda hərbi stansiya yaratmaq və kosmik kəşfiyyat məqsədini daşıyıb. Qeyd edək ki, stansiya orbitə heyətsiz buraxılıb. Nəzərdə tutulub ki, sonralar stansiyada işləmək üçün “Salyut-1”ə kosmik gəmilərdə kosmonavtlar göndəriləcək.

8730684_original.png (599 KB)

Silindr şəklində olan “Salyut-1” dörd moduldan ibarət olub. Modullardan biri stansiyaya kosmik gəmilərin qoşulması üçün nəzərdə tutulub. İkinci modul kosmonavtların yaşaması üçün yaradılıb. Üçüncü və dördüncü modullarda stansiyasının idarə edilməsi üçün xüsusi cihazlar, texniki avadanlıqlar və mühərriklər yerləşdirilib.

24 aprel 1971-ci ildə “Salyut-1” stansiyasına “Soyuz-10” kosmik gəmisi ilə kosmonavtlar Vladimir Şatalov, Aleksey Yeliseyev, Nikolay Rukavişnikovdan ibarət ilk ekspedisiya göndərilib. Amma kosmonavtlar üzərilərinə düşən missiyanı yerinə yetirə bilməyiblər. Kosmik gəmi ilə stansiyanın birləşməsində texniki nasazlıq ucbatından problem yaranıb. Kosmonavtlar beş saatdan artıq bir müddətdə bu problemi aradan qaldırmaq istəsələr də heç bir müsbət nəticə əldə edə bilməyiblər və stansiyaya keçid mümkün olmayıb. Beləliklə, onlar geri qayıtmağa məcbur olublar.

Texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra “Salyut-1” stansiyasına kosmonavtlar Aleksey Leonovun, Valeri Kubasovun, Pyotr Kolodinin göndərilməsi planlaşdırılıb. Uçuşa bir gün qalmış Kubasovun səhhətində yaranmış problem heyətin uçuşunu təxirə salıb. Adətən, belə hallarda əvvəlcədən uçuşa hazırlanmış ehtiyat heyətin uçuşu icra etməsi haqqında əmr imzalayıb. Beləliklə, növbəti ekspedisiya qrupuna Georgi Dobrovolski, Vladislav Volkov, Viktor Patsayev daxil edilib.

scale_1200 (9).jpeg (133 KB)

Kosmonavtların “Soyuz-11” kosmik gəmisinə 6 iyun 1971-ci ildə start verilib. Artıq iyunun 7-də saat 10-04-də kosmik gəmi ilə kosmik stansiya birləşərək kosmonavtların stansiyaya girişi mümkün olub.

Kosmonavtlar stansiyada 23 gün qalıblar. Stansiyanın göyərtəsində kosmonavtlar geniş spektrli elmi tədqiqatlar aparıblar və qarşıya qoyulan vəzifələri uğurla icra ediblər. Bununla yanaşı, heyət bu günlər ərzində böyüklü-kiçikli problemlərlə də üzləşiblər. Hətta bir dəfə stansiyada baş verən yanğını da söndürməyə nail ola biliblər.

Yerə qayıtmağa hazırlaşanda da kosmonavtlar növbəti problemlərlə üzləşiblər. Kosmik gəmi stansiyadan ayrıldıqdan sonra gəminin xüsusi göstərici lövhəsində qırımızı işıq yanıb. Bu işıq gəminin dairəvi şəkildə girişinin tam bağlanmadığına dair xəbərdarlıq edib. Kosmonavtlar nasazlığı aradan qaldırmağa cəhd ediblər. Ancaq saniyələr ərzində göyərtədə hava təzyiqi o dərəcədə aşağı düşüb ki, bu, hər üç kosmonavtın ölümünə səbəb olub.

2_main.jpg (89 KB)

Bu hadisə rəsmi olaraq Kremldə Siyasi Büronun iclasında müzakirəyə çıxarılıb. Leonid Brejnev həmin dövrdə Mərkəzi Komitənin katibi olan Dmitri Ustinova göstəriş verərək hadisənin dəqiq araşdırılmasını və ən qısa müddətdə ona arayışın təqdim olunmasını tələb edib:

-Dmitri Fyodoroviç, mən bu hadisəni faciə kimi qəbul edirəm. Yəqin ki, yoldaşlar da bu fikirdəirlər. Siz bu işi nəzarətə götürün, dəqiq araşdırın. Səbəb ictimaiyyətə çatdırılmalıdır, o cümlədən beynəlxalq ictimaiyyətə də. İndi xarici mətbuat fərqli versiyalarla çıxış edəcək, ölkəmizin imicinə zərbə vurmaq üçün bacardıqlarını yazacaqlar. Biz təcili rəsmi şəkildə həqiqəti bəyan etməliyik ki, ortaya əlavə söz-söhbət çıxmasın. Büronun növbəti iclasında sizdən arayışlar gözləyəcəyik.

Bu iclasdan sonra hadisənin araşdırılması ilə bağlı mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyaya ümumi rəhbərlik Ustinova həvalə edilib. Komissiyanın rəyində kosmik gəmidə heç bir texniki nasazlığın olmaması göstərilib.

scale_1200 (6).jpeg (145 KB)

Növbəti büro iclasında isə Ustinov Brejnevə geniş arayış təqdim edib. Arayışın sonunda hadisənin səbəbi qısa və konkret “təsadüf və gözlənilməyən hal” kimi qeyd edilib.

Qeyd edək ki, ölümlə nəticələnən hadisə zamanı Georgi Dobrovolskinin 43, Vladislav Volkovun 35, Viktor Patsayevin 38 yaşı olub. Onların hər üçü ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif ediliblər.

İlham Cəmiloğlu, Musavat.com

 

03.06.2024 13:41
2888