Sovet dövründə yazılmamış bir qayda olub, əgər hansısa bir məsələ Mərkəzi Komitə səviyyəsinə çıxarılıbsa, həmin məsələ “ümumxalq” müstəvisinə keçib. Bu qayda peşə bayramlarına da tətbiq edilib. SSRİ-də ayrı-ayrı sahələrin peşə bayramları öz çərçivələri və qurumları daxilində keçirildiyi halda, mətbuat işçilərinin peşə bayramı Mərkəzi Komitədə qeyd edilib. Baş redaktorlar Kremlə dəvət olunublar, onların şərəfinə ziyafət verilib...
1922-ci ilin 5 may tarixini “Pravda” qəzetinin onuncu ildönümü münasibətilə Lenin Mətbuat günü elan edib. “Pravda”nın ilk sayı məhz 1912-ci il mayın 5-də işıq üzü görüb. Bu tarix də təsadüfi seçilməyib. 5 may Karl Marksın doğum günü olub.
Sovet liderləri Mətbuat gününü təntənə ilə qeyd etməyi bir kommunist kimi özlərinə borc sayıblar. Əslində başqa cür də ola bilməzdi. Çünki ölkənin əsas aparıcı qəzetləri Mərkəzi Komitənin, Nazirlər Sovetinin, Ali Sovetin orqanları olub. Digər bir tərəfdən mətbuat birincilər üçün ideoloji silah sayılıb. Bu “silah”ın daha effektli olması üçün, kobud dildə ifadə etsək Kreml qəzetləri vətəndaşlara məcburi oxutdurub. Könüllü adı altında vətəndaşlara qəzətlərə abunə olmaq məcburi şəkildə aparılıb.
İndi kimsə deyə bilər ki, sovet dövründə qəzetlərə böyük maraq göstərilib, ictimai nəqliyyatda, növbələrdə, parklarda istirahət zamanı hamının əlində qəzet olub, qəzet köşklərinin qarşısında növbələr düzülüb. Bəli, çünki sovet vətəndaşının başqa seçimi olmayıb. Bu cür qəzet “sevgisi” 1970-ci illərdən sonra daha geniş vüsət alıb.
Arxivlərə nəzər salsaq şahidi olarıq ki, əslində sovet mətbuatında oxumaq üçün maraqlı bir şey də olmayıb. Adətən qəzetlərin birinci və ikinci səhifələrində rəsmi materiallar verilib, Mərkəzi Komitənin iclasları, birincilərin uzun-uzadı çıxışlarının mətnləri və s. Sonrakı səhifələrdə isə ayrı-ayrı dövlət qurumlarının şişirdilmiş fəaliyyəti, rəqəmlər və göstəricilər yer alıb. Bütün bunlarla “Vremya” proqramında da tanış olmaq mümkün olub.
1970-ci illərdən sonra sovet mətbuatında maraqlı mövzular yer almağa başlayıb. Xüsusilə, “Komsomolskya pravda” qəzeti, “Oqonyok” jurnalı daha çox fərqlənib. Həmin dövrün fotolarına diqqət yetirsək onun da şahidi olarıq ki, insanlar daha çox qəzetlərin sonuncu səhifələrinə nəzər yetirirlər. Belə ki, sovet qəzetlərinin sonuncu səhifələrində (nekroloqları çıxmaq şərti ilə) daha maraqlı yazılar, ədəbiyyat nümunələri, krassvordlar, dəb, idman və əyləncələri yazılar dərc edilib.
SSRİ-də qəzetlər son dərəcə ciddi şəkildə Mərkəzi Komitənin nəzarəti altında saxlanılıb. Komitənin ideoloji aparatının əsas vəzifələrindən biri də mətbuata nəzarət olub. Qəzetlərin nüfuzunu artıran da, onlara güc verən də elə Mərkəzi Komitə olub. Belə ki, qəzetlərdə tənqidi yazılar yalnız Kremlin icazəsindən sonra dərc edilib. Əksər hallarda isə tənqidi yazılar Mərkəzi Komitənin sifarişi ilə yazılıb. Həmin yazılar dərc olunduqdan sonra məqalə birinciləri tərəfindən rəsmi olaraq müzakirəyə çıxarılıb və “qəzetin çıxışından sonra” tənqid olunan obyekt cəzalandırılıb.
SSRİ-də mərkəzi qəzetlərin baş redaktoru vəzifəsi ən prestijli vəzifələrdən biri sayılıb. Ölkənin bir nömrəli qəzeti isə “Pravda” olub ki, qəzetin 10-12 milyon tirajla çap olunan vaxtları da olub. “Pravda”nın abunə xəritəsi 120 ölkəni əhatə edib. Belə ki, dünyanın əksər ölkələrində qəzetin abunəçiləri olub. 1970-ci illərdə gündəlik olaraq redaksiyaya 1100-1300 məktub daxil olub. Bu rəqəmə görə, redaksiyada ən ağır və gərgin iş məktublar şöbəsində çalışanların üzərinə düşüb.
“Pravda” qəzetinə baş redaktor Siyasi Büro tərəfindən təyin edilib. Baş redaktorlar Mərkəzi Komitənin üzvləri olublar. Mərkəzi Komitə katiblərinin imtiyaz və güzəştləri baş redaktorlara da şamil olunub. Mənzil, bağ evi, xidməti avtomobil, Kreml xəstəxanasında müayinə və müalicə, ildə bir dəfə sanatoriya və pansionatlara göndəriş və s. bu kimi imtiyazlardan baş redaktorlar da istifadə ediblər.
Yaradılmış şəraitin rahat və komfortlu olmasına baxmayaraq baş redaktorlar həmişə gərginlik içərisində fəaliyyət göstəriblər.
Oktyabr inqilabından sonra qəzetin ilk rəhbəri Nikolay Buxarin təyin edilib. Onu həm də sovet Rusiyasının ilk jurnalisti adlandırıblar. O, 12 il bu vəzifədə çalışıb. Baş redaktorun gərgin əməyinin sonu Stalin repressiyası ilə nəticələnib. Buxarin 1937-ci ildə güllələnib.
1930-cu ildə qəzetin rəhbərliyinə Lev Mexlis gətirilib. Mexlis bu vəzifəyə qədər Stalinin köməkçisi vəzifəsində işləyib. Onun haqqında Stalinin belə bir ifadəsi də var: “Mexlis çox qorxulu adamdır, ondan hər şey xahiş etmək olar, amma onunla bacarmaq olmaz...” Mexlis 1937-ci ildə müdafiə komissarının müavini təyin olunanda redaksiyanı İvan Nikitinə təhvil verib. Nikitin bu vəzifədə bir neçə ay işləyib və 1938-ci ildə o da repressiya qurbanı olub.
Digər baş redaktorların da qəzetə rəhbərliyi asanlıqla keçməyib. “Pravda” birincilərin masasının qəzeti olduğu kimi, onun baş redaktorları da birincilərin diqqətində olublar.
1991-ci ildə isə sovet mətbuatı və onun 5 may Mətbuat günü SSRİ-nin süqutu kimi tarixə qovuşub.
İlham Cəmiloğlu, Musavat.com