Sovet Azərbaycanının ilk ordenini alan general – o, Bakıda qalib, almanların mühasirəsində isə məğlub olub

 

28 aprel Azərbaycanın işğalı tarixindən 104 il ötür. 1920-ci ilin məhz bu günündə  XI Qırmızı ordu və Volqa-Xəzər hərbi donanması Azərbaycanı işğal edib. İşğal XI ordu hissələrinin zirehli qatarının Azərbaycan ərazisinə sürətli hücum əməliyyatı ilə başlayıb. İşğal əməliyyatının keçirilməsində əsas simalardan biri də Mixail Yefremov olub ki, o, bolşevik ordusunun dörd zirehli qatardan ibarət dəstəsinə rəhbərlik edib. Elə sovet Azərbaycanının ilk “Qırmızı bayraq” ordeni də (1 nömrəli ulduz) Yefremova təqdim edilib. 13 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsində bununla bağlı əmr imzalanıb. Əmri Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və katib Qabricidze imzalayıb.

3_(22).jpg (76 KB)

Anastas Mikoyanla yaxın münasibətlərdə olan Yefremov Bakı işğalından sonra hərbi karyerasında sürətlə yüksəlib. Sovet-alman müharibəsi başlanana qədər Yefremov Volqa, Baykalyanı, Orlov hərbi dairələrində yüksək hərbi vəzifələr daşıyıb. Məhz bu ərəfədə o, repressiya dalğalarına düşsə də xilas olmağı da bacarıb. Belə ki, 1938-ci ildə Yefremov xidməti işi ilə əlaqədar təcili olaraq Moskvaya çağırılıb. Paytaxta axşam saatlarında çatdığından o, Moskva mehmanxanasında yer alıb. Gecə ikən “NKVD” əməkdaşları onu həbs ediblər. Yefremov xalq düşməni elan edilən marşal Tuxaçevski ilə əlaqədə ittiham olunub. Sorğu-sual iki aydan artıq davam edib. Məsələyə Anastas Mikoyan müdaxilə etdikdən sonra Yefremovla son sorğu-sual Stalinin kabinetində aparılıb. Bu görüşdən sonra Mikoyanın xahiş və təkidi ilə Yefremov azadlığa buraxılıb.

Çox da dərin hərbi biliklərə malik olmasa da, Yefremov müharibə dövründə 21-ci, 10-cu, 33-cü orduların komandanı vəzifəsinə təyinat alıb, general-leytenant rütbəsinə qədər yüksəlib.

Marşal Geogi Jukov hərbi əməliyyatlar zamanı Yefremova çox da güvənməyib. Elə bu səbəbdən də Yefremova həvalə edilən əməliyyatlardan əvvəl Jukov ona təkrar-təkrar əmr və təlimatlar göndərib, marşal həmin əməliyyatları öz şəxsi nəzarətində saxlamaq məcburiyyətində qalıb. Jukov Yefremov haqqında yazdığı xarakteristikada aşağıdakı ifadələri xüsusilə vurğulayıb:

11-marta-1897-goda.jpg (45 KB)

“...General-leytenant Mixail Yefremovun əməliyyat düşüncəsi olduqca məhduddur. İstənilən böyük və kiçik hərbi əməliyyatlarda o, cəbhə komandanlarının təlimat və göstərişlərinə ehtiyac duyur. Əmrləri vaxtında və dəqiq yerinə yetirə bilmir...”

Yefremov həmkarları arasında son dərəcə özünə vurğunluğu və kobud xarakteri ilə fərqlənib. Hətta o, özünü Jukov, Vasilevski, Rokossovki kimi sərkərdələrlə bərabər tutub. Bəzən isə yuxarı komandanlığın əmr və göstərişlərini qəbul etməyərək öz bildiyini düzgün sayıb. Elə sonda da özünəgüvənliyi general Yefremovun həyatına son qoyub.

1942-ci ildə keçirilən əməliyytların birində Jukov Yefremova komandanı olduğu 33-cü ordu ilə birlikdə Kirov istiqamətinə getməyi əmr edib. Həmin məsafə 180 kilometr olub. Yefremov düşünüb ki, bu məsafəni daha qısa yolla qət etmək olar. O, bu haqda Jukova heç nə deməyib. Yaxşı anlayıb ki, Jukovu fikrindən döndərmək mümkün deyil. Yefremov birbaşa Baş Qərargahla əlaqə saxlayıb və öz planı haqqında Stalinə məruzə edilməsini xahiş edib. Bu haqda Stalinə məruzə edəndə, o da öz növbəsində Jukovla əlaqə yaradıb, Yefremovun qısa məsafə məsələsini ona söyləyib. Jukov qəti şəkildə etirazını bildirib. Buna baxmayaraq Yefremov öz bildiyi yolu seçib və məsafəni heç yarıya qədər qət etməmiş almanların mühasirəsinə düşüb. 33-cü ordu böyük itkilərə məruz qalıb. Yefremov mühasirəyə düşən zaman yararlanıb. Almanların mühasirə halqası daraldıqca onun əsir düşmək təhlükəsi reallaşıb. Yefremov bu reaalıqdan qaçmaq üçün özünü güllələyib.

10aaa7d21386c0e94696ba4d3f54b96f.jpg (121 KB)

Dövlət Müdafiə Komitəsində Yefremovun özünü güllələməsinin səbəbi müzakirə ediləndə Stalinin məsələyə münasibəti fərqli olub:

“Mən bizim hərbçilərimiz haqqında mənfi fikir söyləmək istəmirəm. Onlar xüsusilə cəbhə bölgələrində böyük qəhrəmanlıqlar göstərirlər. Məni narahat edən başqa bir məsələdir. Niyə bizim yüksək çinli bəzi hərbçilərimiz özlərini hamıdan üstün tuturlar, subordinasiyanı pozurlar? Burada qəliz bir məsələ yoxdur. Hər bir hərbçi özündən yüksək vəzifədə dayanan hərbçinin əmr və göstərişlərini müzakirəsiz yerinə yetirməlidir. Mən Yefremovun özünü güllələməsi səbəbini bilirəm. Düzdür, o, əsl generallara məxsus hərəkət edib, almanlara əsir düşməmək üçün özünü güllələyib. Amma başqa cür də ola bilərdi. O, Jukovun əmrini icra etsəydi bu vəziyyət yaranmazdı. Mən bu məsələdə Jukovu da günahlandırıram. Əmr icra olunmursa, həmin komandir əməliyyatdan kənarlaşdırılmalıdır...”

Beləliklə, qeyri-peşəkarlığı və özgüvənliyi Bakıda özünü qalib sayan general-leytenant Mixail Yefremovu almanların mühasirəsində məğlub edib.

İlham Cəmiloğlu, Musavat.com

 

28.04.2024 12:53
6187