Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Musavat.com xəbər verir ki, hər üç qurumdan rəhbər vəzifəli şəxslərin iştirakı ilə keçən iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev sosial islahatlar, əmək və sosial müdafiə üzrə qanunvericiliyin  təkmilləşdirilməsi, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Konvensiyalarının ratifikasiyası prosesində Üçtərəfli Komissiya platformasında aparılan səmərəli müzakirələrin önəmini qeyd edib.

Komissiyanın 2023-cü il üçün İş planı əsasında görülmüş işlər, həmin plan üzrə Komissiyanın iclaslarında 9 sosial-iqtisadi mövzuda, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə səmərəli müzakirələrin aparıldığı diqqətə çatdırılıb. Hazırkı iclasda da daha bir sıra mövzularda müzakirələrin aparılmasının nəzərdə tutulduğu bildirilib.

İclasda 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişə dair Tədbirlər planının icrası ilə bağlı görülmüş işlər və Sazişdə nəzərdə tutulmuş BƏT Konvensiyalarının ratifikasiyası imkanlarının  araşdırılması məsələləri müzakirə olunub.

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin 6.3-cü bəndinə əsasən Komissiyada təmsil olunan Tərəflərin rəhbərləri növbə ilə bir il müddətinə Komissiyanın sədri seçilirlər. Ardıcıllığa uyğun olaraq Üçtərəfli Komissiyanın qərarı ilə AHİK sədri Səttar Möhbalıyev növbəti il üçün Komissiyanın sədri seçilib.

30.12.2023 15:12
727