Vaxtaşırı sosial şəbəkələrdə müxtəlif videolarla gündəmə gələn 99-LP-400 dövlət qeydiyyat nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsü saxlanılıb.
Musavat.com avtosfer.az-a istinadən xəbər verir ki, sürücü Qocayev Sabir Kamil oğlu nəqliyyat vasitəsini normativ tələbləri pozmaqla əlavə avadanlıq quraşdıraraq idarə edib. O, Nizami rayonu ərazisində 99-YP-279 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb və avtomobil duracağa yerləşdirilib.
Sürücü DYP əməkdaşlarına etiraz etdiyi üçün avtomobil sürücünün iştirakı ilə Toyota Bakı Mərkəzində mütəxəssislər tərəfindən müayinə olunub və yol polisinin iddası təsdiqini tapdığından nəqliyyat vasitəsi evakuator vasitəsilə duracağa yerləşdirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati protokol tərtib edilib.
Duracaqda sürücü S.Qocayev abtomobilinin duracağa yerləşdirilməməsi və barəsində sənədləşmə aparılmaması üçün ictimai qaydanı kobudcasına pozub, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb.
Eyni zamanda avtomobilin duracağa təxliyyə edilməsinə maneə yaradıb. O, hadisə yerinə dəvət olunan Post Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə 23-cü polis şöbəsinə aparılıb və barəsində İXM-nin 535.1-ci maddəsilə protokol tərtib edilib.
Nizami rayon məhkəməsinin qərarı ilə S.Qocayev İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilib.