Sosial sahədə Dünya Bankı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub.

Musavat.com xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən dövrdə Nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib. Ölkəmizdə sosial sahədə aparılan islahatların nailiyyətləri, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.

Dünya Bankı ilə birgə layihələrin sosial islahatlar prosesində, məşğulluq proqramlarının genişləndirilməsində önəmi qeyd olunub. Belə layihələrdən biri olan, 22 min işsiz şəxsin kiçik biznesə çıxışının dəstəklənməsi hədəfini daşıyan “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərindən bəhs edilib. Layihə üzrə  həssas əhali qruplarından olan artıq 14 minə yaxın işsiz şəxsə aktivlər verilərək onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslərin qurulduğu bildirilib. 

Eləcə də son illərdə yeni Məşğulluq Strategiyasının hazırlanması, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, övladlığagötürmə sahəsində potensialın gücləndirilməsi və  s. istiqamətlərdə əməkdaşlığın müsbət nəticələrindən bəhs olunub. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister, sosial müdafiə məsələləri üzrə baş mütəxəssis Mirey Ovadiya və b. ölkəmizdə aparılan sosial islahatlar prosesində əməkdaşlıq etməkdən məmnunluqlarını qeyd ediblər.

Görüşdə cari əməkdaşlıq gündəliyi, habelə “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri, əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

22.02.2024 12:37
568