Bakının Yasamal rayonu ərazisində yerləşən “İnci” tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Tərlan Kamalpaşa oğlu Cavadov karate dərsi keçdiyi 3 yeniyetmə qızı (2008, 2009, 2009-cu il təvəllüdlü) pornoqrafik məzmunlu videoya baxmağa məcbur edib. Hadisə mərkəzin idman zalında baş verib. Daha sonra qızlar baş verənlər barədə yaxınlarına bildiriblər və polisə müraciət edilib. Xatırladaq ki, ötən gün Tərlan Cavadova Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham irəli sürülməsi barədə məlumatlar yayılmışdı. Lakin bu, təsdiqini tapmayıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Yada salaq ki, ötən il Sumqayıtda tanınmış idmançı Mehman Xəlilov məşq zamanı 7 yaşlı uşağın ölümünə səbəb olmuşdu. Hökmə əsasən, Mehman Xəlilov xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan adamı öldürməkdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.
Bəs necə edək ki, uşaqlar və gənclər bu cür “məşqçilərin” əlinə düşməsin? Ümumiyyətlə, ortaya çıxan faktlar onu deməyə əsas verir ki, dövlət idman zalları və məşqçilərlə bağlı ciddi tələblər qoymalı, nəzarət mexanizmləri tətbiq etməlidir. Habelə, idmana gələn uşaqların obyektiv şəkildə sağlamlıq imkanları araşdırılmalıdır, fiziki göstəriciləri ağır idman məşqlərinə imkan verməyənlər kortəbii şəkildə idmana cəlb olunmamalıdır. Bu işi konkret hansı qurum həyata keçirməlidir? İdman zallarına və məşqçilərin peşəkarlığına kim nəzarət etməlidir və etsin?
Turan Abdullazadə
Vəkil Turan Abdullazadə ötənlərdə “Yeni Müsavat”a bu mövzuda deyib ki, məşqçi mənsub olduğu idman növü üzrə müvafiq federasiyadan lisenziya almasa, işləyə bilməz: “Əvvəlcə məşqçinin lisenziyasının olub-olmaması məsələsi araşdırılmalıdır. Məktəblər isə Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Bu səbəbdən həmin nazirlik də məşqçi müəllimlərin seçilməsinə nəzarəti gücləndirməli və azyaşlı uşaqlarla işləyən idman müəllimləri barədə xüsusi tələblər olmalıdır. Məsələn, şəxs yaxşı məşqçi ola bilər, ancaq onun uşaqlarla işləmək bacarığı olmaya bilər. Ona görə də azyaşlılarla işləyən müəllimin pedaqoji bilikləri olmalı, əsəb pozğunluqları və psixoloji problemləri olmamalıdır. Eyni zamanda Gənclər və İdman Nazirliyi bu sahədə mütəmadi maarifləndirmə işləri aparmalı, məşqçilərin, trenerlərin, idman federasiyalarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirməli, nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verməlidir. Günümüzün reallığıdır ki, bəzi idmançılar gedib VÖEN açdırmaqla və ya hüquqi şəxs yaratmaqla lisenziyasız məşqçilik edirlər. Buna görə də Dövlət Vergi Xidməti idman klubları və idman zalları açmaq istəyən şəxslərin qeydiyyata alınmasına xüsusilə həssas yanaşmalı, lisenziyası olmayan idmançıların və məşqçilərin qanunsuz fəaliyyətinə şərait yaradacaq halların baş verməsini preventiv tədbirlərlə önləməlidir”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, idman mərkəzləri məcburi lisenziyalaşmaya cəlb olunmalıdır: “Mütəmadi monitorinqlər keçirilməlidir. Hərə 3-4 partanı yanaşı qoyur, bir zal götürür, yığır azyaşlı və yeniyetmələri ora, heç bir yoxlama aparılmır. Seksiyalarda idmanın müxtəlif növlərində dərs keçənlərin fiziki, tibbi, psixoloji yoxlaması aparılmır. İdman zalları kamera ilə təmin olunmalıdır. Valideynlərin rahat şəkildə izləmək imkanı olacaq qurğular quraşdırılmalıdır.
Bundan başqa, hər ay ictimaiyyət nümayəndələrinin, bu sahə üzrə mütəxəssislərin iştirakı ilə müstəqil şəkildə yoxlamalar aparmalıdır. Elm və Təhsil Nazirliyi böyük qazanc əldə etdiyi bu yerləri kimlər icarəyə götürüb, işlətdiyini bilməlidir".
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov isə “Yeni Müsavat”a deyib ki, təlim-tərbiyə və təhsil prosesinin bütün iştirakçılarının - müəllimlər, tələbələr, şagirdlər və s. öz təhsil və peşələrini yüksək dəyərlərə və prinsiplərə arxalanaraq davam etdirmələri üçün təlim-tərbiyə və təhsil müəssisələri üçün nümunəvi Etik Davranış Standartları var: “Təlim-tərbiyə təkcə sinif otaqları ilə məhdudlaşmamalıdır. İdman zallarındakı müəllimlər, məşqçilər də bu prosesin iştirakçılarıdır. Bu baxımdan tövsiyə olunan 7 etik davranış standartına uyğun davranış sərgiləməlidirlər. Hər kəs, yəni bütün təlim-tərbiyə müəssisələrinin rəhbərləri və işçiləri, valideynlər, müəllimlər, şagirdlər, tələbələr də daxil olmaqla, təlim-tərbiyə prosesinin bütün iştirakçıları qanuna tabe olmalı, onun aliliyinə hörmət etməlidir. Müəllimlər, məşqçilər öz davranışları ilə şagird və tələbələr üçün nümunə olmalı, onlara göstərilən etimadı doğrultmalıdır.
Hər bir şəxs müəllimlər, məşqçilər, şagird və tələbələr - bir-birilərinə hörmət etməlidirlər. Həmçinin cinsi zorakılıq da daxil olmaqla, bütün növ zorakılıqlar, etnik və dini ayrı-seçkilik və təhqirlər qadağan olunan əməllər sayılır. Bu əməlləri törətmiş şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.
Təlim-tərbiyə prosesində mənəvi münasibətlərin məzmunu cəmiyyətdə hökm sürən əxlaq qaydalarından çox asılıdır. Müəllimlər, məşqçilər təlim-tərbiyə prosesi zamanı şagirdlərlə, tələbələrlə) ünsiyyətdə, davranış və rəftarda əxlaq normalarına riayət etməlidirlər. Çox təəssüf ki, bir çox hallarda biz bunun əksini görürük. İdman məşqçilərinin adı kriminal xronikalarda keçir, oğru aləminə simpatiyası olan məşqçilərin sayı da az deyil. Əlbəttə ki, belə müəllim və məşqçilərin şagird və tələbələrinə qarşı davranışları da düşüncə tərzlərinə uyğun olacaq. Həm də bu sahəyə ümumi nəzarət olsa da, müəllim və məşqçilərin birbaşa özlərinə nəzarətsizlik hökm sürür, ölkədə bu sahəyə nəzarət etməli nazirliklərin fəaliyyəti nəzərə çarpmır. Ona görə də tez-tez idman zallarında, məşq salonlarında belə zorakı halların, qətllərin şahidi oluruq".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”